Əlaqə Arxiv
news Image
2018.06.07
09:30
| A A A
Turistlərin say artımı qiymətlərə təsirsiz ötüşməyəcək
Müzəffər Ağakərimov: “Yeni proqramların tərtib edilməsi, yeni otellərin tikintisi, bu sahə ilə məşğul olanların həmin sektoru gözəl bilməsi vacibdir ki, turizm obyektləri rəqabətə tab gətirmək üçün qiymət endirimlərinə getsinlər”

Azərbaycana üz tutan turistlərin sayı artır.  Azərbaycana turistlər əsasən də Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələrdən gəlirlər. Bütün bunlar ölkədə turizmin inkişafı istiqamətində görülən işlərin nəticəsidir. 

Turistləri ölkəyə cəlb edən amillərdən biri xidmətin keyfiyyəti və qiymətlərin ucuz olması məsələsidir. Bu mənada turizm obyektləri arasında ciddi rəqabətin olması vacibdir. Çünki rəqabət olan yerdə sözügedən obyektlər daha çox turist cəlb etmək üçün qiymət endirimlərinə getməyə və keyfiyyətli xidmət göstərməyə daha çox meylli olurlar. 
Turizm üzrə ekspert Müzəffər Ağakərimovun fikrincə, bir sıra vacib addımların atılması fonunda turizm obyektləri rəqabət mühitində daha çox turist cəlb etmək üçün qiymət endirimlərinə gedə bilərlər: “Ölkəyə daha çox turistin cəlb edilməsi üçün ilk növbədə sözsüz ki, qiymət siyasətinə diqqət yetirmək lazımdır. Turizm obyektlərində qiymətlər göstərilən xidmətə uyğun olmalıdır. Bu halda turistdə narazılıq yaranmır. Bunu başa düşən və həmin addımı atan turizm obyektləri sözsüz ki, prosesdən uğurla çıxacaqlar. Qiymətlər xidmətə uyğun gəlmədikdə isə turist narazı qalır. Nəticədə həmin turist obyekti turistlərin gözündə nüfuzdan düşür. 
İkinci bir tərəfdən, turizm obyektləri daha çox turist cəlbinə nail olmaq üçün yeni turistik proqram və marşurutlarla çıxış etməli, yeni-yeni keyfiyyətli xidmətlər təklif etməlidirlər. Turizm şirkətləri mütəmadi olaraq bu istiqamətdə işləməlidir. Bundan başqa, kütləvi turizmi də inkişaf etdirmək gərəkdir. Çünki kütləvi turizmin inkişafı da turizm şirkətlərini qiymət endirimlərinə getməyə sövq edəcək. 
Azərbaycanda turizmin inkişafı üçün böyük imkan və potensial var. Kütləvi turizmin inkişafı ilə Türkiyə, İspaniya, Fransa kimi turizmin geniş yayıldığı ölkələrin təcrübəsindən də yararlana bilərik. Kütləvi turizmin inkişafı ilə həmçinin yeni otellərin tikilməsinə, bir, iki ulduzlu otellərə ehtiyac duyulacaq. Həmin otellər nəinki Bakı və Abşeronda, həmçinin regionlarda tikilməlidir. Eyni zamanda, daxili turizmi də inkişaf etdirməliyik ki, əhali xaricə deyil, əsasən məhz ölkə içində istirahət etməyə üstünlük versin. Bunun üçün də turizm şirkətlərinin qiymətləri endirmələri vacibdir. Həmçinin gələn xarici turistlərin yaşadığı ökəsinin mentalitetinə, psixologiyasına uyğun proqramlar tərtib edilməlidir. Turizm şirkətləri buna da diqqət yetirməlidir. Çünki rus turisti bir cür, ərəb, Avropadan və Yaponiyadan gələn turstlər də özünəməxsus şəkildə başqa cür turizm səfərlərində maraqlı olurlar. Yəni, turizm sahəsində olan yaxşı cəhətlərin tətbiq edilməsi turizm şirkətlərini istər-istəməz qiymət endirimlərinə getməyə sövq edəcək. 
Turizm şirkətlərinin qiymət endirimlərinə getməsi üçün onun sahibkarı və menecmentinin həmin sahəni gözəl bilməsi də vacibdir.  Lakin ölkəmizdə bu məsələ hələ ki, axsayır”. 
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz