Əlaqə Arxiv
news Image
2018.07.19
08:00
| A A A
Turizm sənayesi iqtisadiyyatda payını artırır
Azərbaycana gələn turistlərin sayının artması dönməz xarakter alıb

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev iqtisadi inkişafı şərh edərək deyib: “Turizm sektorunun inkişafı prioritetlər sırasındadır. Mənim qərarımla Dövlət Turizm Agentliyi yaradıldı. Məhz o məqsədlə ki, bu sahəyə daha böyük dövlət dəstəyi göstərilsin”.  Dövlət başçısı bu tendensiyanı  müsbət hal sayıb: “Deyə bilərəm ki, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 6 ayında isə 10 faiz artdı. Mən bunu demişəm, bir daha demək istəyirəm ki, turizm ixrac sahəsidir. Çünki bu, ölkəmizə valyuta gətirir”.

Dövlət başçısı qeyd edib ki, bu ilin 6 ayında xarici vətəndaşlar Azərbaycanda ancaq bank kartları ilə 513 milyon manat pul xərcləyiblər: “Bu, ancaq bank kartları ilə xərclənən pullardır və keçən illə müqayisədə 21 faiz çoxdur. Bu pullar xidmət sektoruna, iş yerlərinin yaradılmasına, ictimai obyektlərin fəaliyyətinə, ölkəmizin iqtisadiyyatına gedir və bizim makroiqtisadi sabitliyimizə müsbət təsir göstərir”.
Azərbayvan turizm sənayesinin inkişaf potensialına görə dünyanın ən ünlü dövlətlərində geri qalmır. Bəlkə də ölkəmizin bu sahədəki imkanları daha genişdir. Çünki, Qərbdə Qərb, Şərqdə Şərq dəyərləri üstünlük təşkil edirsə, Azərbaycanda bu iki dəyərlər kompleksi birlikdə intişar tapır. Ona görə ki, tarixi və coğrafi baxımdan coğrafi cəhətlərin mərkəzində yerləşməsi ölkəmizi bir növ “çoxprofilli maraqlar” diyarına çevirib. Bütün bu üstünlüklər turizmi sənayesinin yaradılması və gələcək perspektivlərinin dəyərləndirilməsi baxımından fundamental imkanlar açıb. 
Bu gün Azərbaycanda ölkə həyatının bütün sahələri kimi, milli turizm sənayesinin də inkişafı istiqamətində mühüm addımlar atılır. Paytaxtda və bölgələrdə yaradılan müasir infrastruktur – rahat yollar, brend hotellər, istirahət və əyləncə kompleksləri, sağlamlıq və spa mərkəzləri müxtəlif ölkələrdən turistlərin Azərbaycana səfər etməsinə şərait yaradıb. Ölkəmizin əsrarəngiz təbiəti, zəngin mətbəxi, ən əsası isə ölkəmizdə mövcud olan daxili sabitlik, yüksək ev sahibliyi etdiyimiz forumlar, festivallar, idman yarışları, simpoziumlar da dünyanın fərqli guşələrindən insanları bu qonaqpərvər diyara cəlb edir.
Turizm sənayesinin inkişafına yaradılan şərait ölkəmizə turist axınının ildən-ilə artmasını stimullaşdırır. İndi Azərbaycana gəlib-getmək hər bir baxımdan sərfəli və asandır. Əvvələn, hava nəqliyyatı turistlərə və səfərdaşlara dünyanın ən müasir təyyarələrini və yüksək səviyyəli xidmət təklif edir. İkincisi, viza alınması proseduru tamamilə sadələşdirilib və sənədləşmə qısa müddətdə həll olunur. Bu ilin altı ayında Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən 2 milyon sərnişinə xidmət göstərməsi təsadüfi deyil. Bu göstərici ötən ilin analoji göstəricisindən 14 faiz çoxdur. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan artıq istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-iyun aylarında bu istiqamətlərdə 1 milyon 250 min sərnişin uçub. İyun ayından etibarən Bəhreyn Krallığının milli aviaşirkəti “Gulf Air”, həmçinin Omanın “SalamAir” aviaşirkəti (Maskat-Bakı) Bakıya uçuşlar yerinə yetirməyə başlayıb. Çünki, artıq həmin ölkələrin əhalisi Bakıya daha tez-tez və kütləvi şəkildə gəlir. Ona görə ki, Azərbaycanın həyat tərzi, tarixi-mədəni abidələri, keçmişi ilə müasirliyinin həm adət-ənənə, həm də mədəniyyət və arxitektura sarıdan uğurlu vəhdəti turistləri qeyri-ixtiyarı cəzb edir. 
Azərbaycan mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malikdir, burada turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman və s. növləri üçün geniş imkanlar mövcuddur. Azərbaycan dövlətinin bu sahəyə ayırdığı diqqət və qayğı sayəsində turizm prioritet istiqamətlərdən birinə çevrilmişdir. Qəbul edilmiş dövlət proqramları, həyata keçirilən tədbirlər bunu şərtləndirən əsas amillərdəndir.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz