Əlaqə Arxiv
news Image
2018.08.08
08:00
| A A A
Turizmin inkişafı fərdi evlərin kirayəsindən gələn gəlirləri də artırır
Müzəffər Ağakişiyev: «1 və 2 otaqlı otellər inşa olunmalıdır»

Bölgələrimizə turist axını kənd evlərinə tələbatı  artırıb. Əvvəllər bahalı otellərdə qalmağa imkanı çatmayanlar kənd evlərində gecələməyə üstünlük verirdisə, artıq turizmin inkişaf etdiyi bölgələrdə fərdi evlər kirayələmək də ucuz başa gəlmir. 

Dağlar qoynunda yerləşən Şəki rayonu öz füsünkar təbiəti, tarixi özündə yaşadan abidələri ilə turistləri cəlb etsə də, istirahət üçün Şəkini seçənlərin sayının artması, burada fərdi evlərin günlük və aylıq kirayə qiymətinin bahalaşmasına gətirib çıxardıb. Əgər bir il əvvəl Şəkidə isti yay günlərində 15 günlük evi 150 manata kirayələmək mümkün idisə, bu gün qiymətlər 250-300 manatdan ucuz deyil. Günlük evlərin qiyməti isə adambaşına 10 manatdan başlayır. Şəkiyə üz tutan turistlərin ən çox üz tutduğu Kiş kəndində də, günlük evlərin qiymətində bahalaşma var. Bu kəndddə günlük evlərin qiyməti 12-15 manat, aylıq isə 700-1000 manatadək dəyişir. 
Yerli sakinlər qiymət artımının tələbin təklifi üstələməsi ilə əlaqələndirirlər. Şəki sakini Rahim Məmmədov deyir ki, evi Şəki Xan Sarayına yaxın yerləşsə də, günü nəinki, 10 manata, evini Şəkiyə gələn qonaqlara heç 5 manata da kirayə verə bilmir: “Burada da gələn turistlər şəraitli mənzillər axtarırlar. Şəkidə evini turistlərə kirayə vermək istəyən sakinlər çoxdur. Amma evlərin çoxu qədimdən qaldığından, təmirə ehtiyacı var. Turistlərə evlərini ancaq normal təmiri, sanitar qovşağı, şəraiti olan sakinlər verə bilir. Belə mənzillərin sayı isə Şəkinin mənzərəli yerlərində, xüsusilə dağ qoynunda çox azdır. Bu isə qiymətlərin bahalaşmasına gətirib çıxarır”.
Azərbaycan Turizm Assosasiyası sədrinin müşaviri Müzəffər Ağakişiyev isə məsələdən çıxış yolunun turizmin inkişaf etdiyi bölgələrdə 1 və 2 ulduzlu otellərin inşasında və yaşıl kənd turizminə dəstəkdə görür: “Bölgələrimizdə fərdi evlərə tələbatın artması, turizmin inkişaf etdiyi yerlərə, eləcə də, ölkəmizə turist axının artmasından xəbər verir. Bölgələrimizdə turizmin inkişafının, turist axınının bahalaşmaya səbəb olmaması üçün mütləq 1 və 2 otaqlı otellər inşa olunmalıdır. Çünki, ölkəyə gələn turistlər arasında, eləcə də daxili turistlər arasında da bahalı otellərdə qalmağa maddi imkanı çatmayan büdcə turistləri var. 
Bundan əlavə ölkəmizdə Yaşıl Kənd Turizm Assossasiyası yaranıb. Turizmin inkişaf etdiyi bölgələrdə əhaliyə güzəştli kreditlər ayrılmalı, dövlət tərəfindən dəstək göstərilməlidir ki, onlar evlərində turistə kirayə verəcək səviyyədə şərait qura bilsinlər. Bu, kənd turizminin inkişafı üçün çox vacib amildir. Bölgələrimizdə turist axının bahalaşmaya səbəb olmasının qarşısını almaq üçün yaşıl kənd turizminə yaşıl işıq yandırmaq lazımdır. Şəki, Quba, Qəbələ, Qax, Oğuz, İsmayıllı və sair turizm üçün əlverişli şərait olan bölgələrimizdə yaşayan əhaliyə yaşıl kənd turizminin inkişafı üçün dəstək verilsə, bu, həm həmin bölgələrdə əhalinin məşğulluğuna, həm də dolanışıq səviyyəsinin yüksəlməsinə gətirib çıxardacaq. Tədricən bu bölgələrdə evlərini turistlərə kirayə verən sakinlər vergiyə cəlb edilməklə, dövlət büdcəsinə vəsait daxil olacaq. Çox təəssüf ki, bizdə Yaşıl Kənd Turizm Assossasiyası yaradılsa da, kənd turizminin inkişafına dəstək çox zəif gedir”.

Zülfiyyə QULUYEVA   

Sizin Reklam Yeriniz