Əlaqə Arxiv
news Image
2018.08.29
10:47
| A A A
Turizm nağdsız ödəmələrə tələbi artırır
MüzəffərAğakərimov: «Turizmin inkişaf etdiyi bölgələrimizdə nağdsız ödəmələrə keçidi sürətləndirmək lazımdır»

Ölkəmizə turist axını turizmin inkişaf etdiyi bölgələrdə nağdsız ödəmə məsələsini aktuallaşdırır. Turistlər alış-verişdə, xidmətlərdən istifadədə nağdsız ödəmələrə üstünlük verdiklərindən turistik zonalarda nağdsız ödəmələrin həyata keçirilməsi üçün şəraitin qurulması vacibdir. Amma çox təəssüf ki, bu gün paytaxt istisna olmaqla, turistlərin üz tutduqları əksər bölgələrimizdə nağdsız ödəmələrə keçid ləngiyir.Turistlər turizmin inkişaf etdiyi bölgələrimizdə istər alış-verişi, istər də xidmətləri nağd şəkildə ödəməklə həyata keçirdirlər.

Mütəxəssislər də turizmin inkişaf etdiyi regionlarda nağdsız ödəmələrə keçidin sürətləndirilməsini vacib hesab edirlər. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, dünyanın əksər turistik bölgələrinə üz tutan turistlər üçün nağdsız ödəmə imkanı yaradılıb: “Xarici ölkələrin çoxunda turistlər muzeylərə girişi də pos-terminal vasitəsilə həyata keçirdirlər. Bizə gələn turist isə məcburdur ki, hansısa xidmətdən istifadə etmək üçün mütləq bankomata üz tutub pulunu nağdlaşdırsın. Bu da turistlər üçün əlavə vaxt itkisinə səbəb olur.

Bu gün ölkəmizə turist axını müşahidə olunur. Hamımız da istəyirik ki, Azərbaycana gələn turistlər bizdən razı getsinlər. Bu gün turizmin inkişaf etdiyi bölgələrdə ancaq iri mehmanxanalarda pos-terminallar var. Yerdə qalan kafe və restoranlarda, əyləncə, istirahət  məkanlarında isə turistlər məcburdur ki,  pulunu nağdlaşdırsın. Ona görə də, düşünürəm ki, turizmin inkişaf etdiyi bölgələrimizdə nağdsız ödəmələrə keçidi sürətləndirmək lazımdır”.

M. Ağakərimov deyir ki, bu, turistlərin aldadılmasının da qarşısını alar: “Turistləri gah taksi sürücüləri aldadaraq artıq pul alır, gah da istirahət məkanlarında aldadırlar. Nağdsız ödəməyə keçid olarsa, bu cür arzuolunmaz halların da qarşısı alınar. Bu, həm də ölkəmizin imici üçün də müsbət addım sayılır. Azərbaycana gələn turist heç bir bankomat axtarmadan  bölgələrimizdə rahat istirahət edəcək. Sabah da öz ölkəsinə qayıtdıqda Azərbaycanda ən ucqar istirahət mərkəzində də nağdsız xidmət almağın mümkün olduğunu söyləyəcək. İndi görün bu ölkəmizin adına nə qədər xeyir gətirəcək?

Əlbəttə ki, Azərbaycan haqqında bu müsbət fikirdən sonra bizim ən ucqar turizm məkanlarını görmək üçün ölkəmizə gələn turistlərin sayı artacaq. Bu, həm də şəffaflıq üçün vacibdir. Turizm məkanları büdcədəyə ödəmədən yayına bilməyəcək. Nağdsız ödəmələr vergi ödəmələrində şəffaflıq yaradacaq. Ona görə də, bölgələrimizdə nağdsız ödəmələrə keçidi stimullaşdırmaq üçün tədbirlər görülməlidir ki, ölkəmizə turist axını daha da artsın. Çünki, bu, turizmin inkişafı üçün vacib addımdır”.

 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz