news Image
2018.09.14
07:00
| A A A
İrana dənizlə də getmək mümkün olacaq
Vüqar Bayramov: “İran və Azərbaycan arasında dəniz vasitəsi ilə yüklərin daşınması ilə yanaşı, dəniz turizminin də inkişafı mümkündür” Fuad İbrahimov: “Bakı limanı Rusiya ilə İran arasında tranzit məkana çevrilə bilər”

“İran ilə Azərbaycanın dəniz limanları arasındakı əlaqələrin inkişafı ticarət və turizm əlaqələrinin də artmasına imkan yaradar”. Bu sözləri İranın Limanlar və Dənizçilik Təşkilatının beynəlxalq əlaqələri üzrə baş idarəsinin rəisi Məhəmmədəli Sədipur deyib. Onun sözlərinə görə, Azərbaycanın Xəzər dənizi sahilindəki Bakı və Astara limanları ilə İranın Astara və Ənzəli limanları arasında gəmi reysləri təşkil etmək olar: “Bu reyslərlə qarşılıqlı şəkildə vətəndaşların gediş-gəlişi asanlaşar. Dəniz nəqliyyatı ilə daha çox yükü tez bir zamanda çatdırmaq mümkündür. Məsafənin yaxınlığı və nəqliyyat xərclərinin ucuzluğu həm özəl, həm də dövlət sektoru üçün səmərəlidir. Bu istiqamətdə Azərbaycan tərəfi ilə danışıqlar aparılır”.

Xatırladaq ki, Azərbaycandakı 5 dəniz limanı - Bakı, Hövsan, Dübəndi, Səngəçal və Ələt limanları Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafı üçün əlverişli baza sayılır. Mütəxəssislər də təklifin real və perspektivli olduğunu düşünürlər. Belə ki, İran ilə Azərbaycanın dəniz limanları vasitəsilə yüklərin daşınması ilə yanaşı, ondan turizm məqsədi ilə istifadəsi hər iki ölkənin maraqlarına cavab verir. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, İran və Azərbaycan arasında dəniz vasitəsi ilə yüklərin daşınması, ilə yanaşı dəniz turizminin də inkişafı mümkündür: “Söhbət dəniz vasitəsi ilə turların   təşkilindən gedir. Nəzərə alaq ki, bu gün dəniz turizm inkişaf etmiş turizm növlərinə aiddir. Həmçinin Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan dəniz turizminin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparırlar. Bunun üçün həm də infrastrukturun formalaşmasına ehtiyac var. 
Dəniz turizminə imkan yaradacaq yeni gəmilərin alınması vacib amildir. Hansı ki, bu istiqamətdə böyük potensial da var. Bakıda Ələt portunun qurulması, Qazaxıstan və İranın dəniz turizminin inkişafında maraqlı olması Xəzər dənizində turların təşkilinə böyük imkanlar yaradır. Rusiya da belə turların təşkil edilməsində maraqlıdır. Nəticə etibarı ilə Azərbaycana gələn turist gəmi turizmindən istifadə etməklə, fərqli ölkələri görmək imkanı qazanacaq. Nəzərə alaq ki, Xəzər duzlu dəniz hesab olunur. Bu da turların təşkilinə imkan yaradan amillərdən biridir. Odur ki, İran tərəfinin açıqlaması sahil dövlətləri arasında yalnız beynəlxalq yükdaşımaların artırılması baxımından deyil, həm də dəniz turizminin təşkil edilməsi baxımından vacibdir. Bunun üçün tərəflərin potensialı da var. Tərəflər bu potensialdan istifadə etməklə, turizmi inkişafı etdirə bilərlər. 
Turizm ölkəyə valyuta gətirən əsas istiqamətlərdən biridir. Xüsusən də nəzərə alaq ki, Xəzəryanı dövlətlərin hamısının valyutaya ehtiyacı var. O baxımdan tərəflər dəniz turizmini inkişaf etdirməklə neftdən kənar sektorun gəlirlərinin artımına imkanına malik olacaqlar”. 
Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, uzun müddət Bakı ilə Ənzəli limanları arasında sərnişindaşıma mövcud olub: “1990-2000-ci illər arasına bu daşımalar var idi. İndi isə yükdaşımaların da buraya qoşulması ən azından yollarda tırlarla daşınan yüklərin miqdarını azalda bilər. Eyni zamanda Bakı limanı Rusiya ilə İran arasında tranzit məkana çevrilə bilər. 
Həmçinin gəmi ilə yükdaşınma ən əlverişli yükdaşıma növü hesab olunur. Bunun inkişafı eyni zamanda turizmin də inkişafına töhfə verəcək. Xəzər dənizi dünyada ən böyük duzlu göllərdən biridir. Ona görə də sahil dövlətləri arasında gəmi turları da təşkil etmək mümkündür. Eyni zamanda Azərbaycanla İran arasında yüklərin ən əlverişli yükdaşıma metodudur. Bu təşkil olunarsa, avtomobil yolları yükdən azala bilər. Nəzərə alaq ki, bu gün Azərbaycana Çindən gələn konteynerlərin böyük əksəriyyəti məhz İran ərazisindən keçir. Bunların hamısının daşınması məhz gəmi vasitəsi ilə olsa, bu sahənin infrastrukturunu da inkişaf etdirəcək.  Dəniz limanındakı bütün sahələr şaxələnməyə başlayacaq”. 
Mübariz BAYRAMOV