Əlaqə Arxiv
news Image
2018.09.26
09:00
| A A A
Turizmin inkişafı təmizlik problemini də aktuallaşdırır
Bahadur Bilalov: “Maarifləndirmə işlərinə daha çox diqqət yetirmək lazımdır” Müzəffər Ağakərimov: “Ölkəyə gələn turistin fikir verdiyi amillərdən biri də məhz sanitar-gigiyenik normalardır”

Turizmin sürətli inkişafı fonunda gündəmə gələn məsələlərdən biri də Bakı və digər turizm məkanlarının təmizliyi məsələsidir. Amma araşdırmalar göstərir ki, bu sahədə hələ də problemlər qalmaqdadır. Bu, xüsusən də regionlarda daha qabarıq formada özünü büruzə verir. Məsələn, siqaret kötüyü, tum və digər bu qəbildən olan vasitələrlə hara gəldi çirkləndirilir. Görünür, cərimələr istənilən nəticəni əldə etmək üçün keçərli deyil. Bu fonda mütəxəssislər maarifləndirməni daha məqbul hesaab edirlər. 

Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov bildirir ki, xarici təcrübədə təmizliyi qorumaq üçün daha çox insanları maarifləndirmək, ictimai qınaq metodundan istifadə olunur: “Bizdə də bununla bağlı kütləvi informasiya vasitələrində maarifləndirmə işlər aparılmalıdır. Həmçinin QHT-lər müxtəlif layihələr həyata keçirilməlidir. Yəni, insanların ətraf mühiti çirkləndirəməməsi əsas məsələ kimi ortaya qoyulmalı və bu fonda onunla mübarizə aparılmalıdır. Amma bu məsələdə cərimələr o qədər də ciddi effekt verməyəcək. Bunun bariz nümunələri də var. Məsələn, hazırda piyadaların müəyyən olunmamış yerlərdən keçdikdə cərimə tətbiq olunur. Amma görünən odur ki, həmin  cərimələr piyadaları qorxutmur. O baxımdan bu maarifləndirmə işlərinə daha çox diqqət yetirmək lazımdır”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, hazırda bu məsələ aktualdır: “Çünki ölkəyə gələn turistin fikir verdiyi amillərdən biri də məhz sanitar-gigiyenik normalardır. Düzdür, son zamanlar xüsusən Bakı şəhərində, turistik bölgələrdə təmizlik işlərinə ciddi diqqət ayrılır. Lakin təəssüf ki, natəmizlik problemi tam aradan qaldırılmayıb. Bunu xüsusən də bölgələrdə müşahidə etmək olar. Hətta bəzən turistin uzaq məsafəyə gedən zaman ayaqyolu olmadığından, yeməkxanalar sanitar gigiyenik normalara cavab vermədiyindən yemək yemək istəmədiyi hallar olub. Bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır. 
Düzdür, marşrut üzrə yaxşı yollar çəkilib, yüksək infrastruktur var. Lakin oradakı turistlərə xidmət edən ictimai iaşə obyektlərinin sanitar vəziyyəti elə də yüksək deyil. Məhz bu problem regionlarda ön plandadır. Nəzərə alaq ki, Azərbaycanda artıq bütün fəsil turizmi formalaşıb. Qeyd edilən ərazilərdə sanitar vəziyyətə diqqət yetirilməlidir. Xüsusən də yol boyu yerləşən iaşə, xidmət obyektlərinə yerli icra orqanlarının nəzarəti güclənməlidir. 
Nəzərə alaq ki, sanitar vəziyyət turizm sahəsində ön planlarda gedən məsələlərdən biridir. Turist bu məsələyə xüsusi diqqət verir. Düzdür, Bakı şəhərində sanitar vəziyyətə xüsusi diqqət var. Bu problemlər daha çox regionlarda müşahidə edilir. Bu işdə yerli icra orqanları xüsusi rol oynamalıdırlar. Xüsusən də maarifləndirmə işləri həyata keçirilməlidir”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz