Əlaqə Arxiv
news Image
2018.09.27
08:00
| A A A
Azərbaycan əcnəbilər arasında daha sürətlə populyarlıq qazanır
Vüqar Bayramov: “Turizmin inkişafını şərtləndirən əsas şərtlərdən biri ölkədə viza rejiminin sadələşdirilməsidir” Nahid Bağırov: “Azərbaycan qısa müddət ərzində turizm sahəsində ciddi nailiyyət əldə edə bilib”

Azərbaycan turistlər arasında sürətlə populyarlıq qazanan istiqamətlər arasında ilk onluqda yer alıb. Bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının hesabatına istinadən "Bloomberg" agentliyi yazır. 

Agentlik qeyd edir ki, Azərbaycanda dünyanın ən iri turizm şirkətlərindən biri "Intrepid Travel" xətti ilə hotel bronlama 322 faiz artıb. Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana 189 ölkədən 1,325 milyon nəfər səfər edib. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz çoxdur. Mütəxəssislərin sözlərinə görə, turizm sahəsində əldə edilən bu uğurları şərtləndirən səbəblər var. Bu isə əlavə gəlir, ölkəmizin tanınması deməkdir ki, nəticədə  Azərbaycanın iqtisadi tərəqqisinə xidmət edir. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, xüsusən 2014-cü ildən etibarən Azərbaycanda turizm sahəsi inişaf etməkdədir: “Turizmin inkişafını şərtləndirən əsas şərtlərdən biri ölkədə viza rejiminin sadələşdirilməsidir. “ASAN Visa” rejiminin tətbiq edilməsi nəticədə turistlərin daha qısa zaman ərzində viza almasına şərait yarandı. Tuiristlərin cəlb edilməsində digər vacib amillərdən biri isə Azərbaycanda turizmin inkişafı üçün infrastrukturun formalaşmasıdır. Bu da son 10 ildə Azərbaycanda infrastrukturun inkişafı ilə bağlı aparılan fəaliyyətlərlə bağlıdır. Ölkəyə gələn turistlərin 70 faizə yaxını yalnız paytaxt deyil, regionlara da səfər edirlər. Bu da ondan xəbər verir ki, turizm infrastrukturu qonaqların regionların da turizm potensialından yararlanmasına imkan yaradır. 
Nəzərə alaq ki, infrastruktur turizmin inkişafını şərtləndirən əsas səbəblərdən biridir. Digər tərəfdən investsiya mühitinin yaxşılaşması və proseduraların asanlaşdırılması, turizm sektorunda rəqabətin gücləndirilməsi istiqamətində aparılan fəaliyyətlər turizmin inkişafını stimullaşdıran səbəblərdəndir. Bunlar turizm sektorunda fəaliyyət göstərən şirkətlərin sayının artmasına gətirib çıxartdı. Nəticədə Azərbaycan turistlər üçün cəlbediciliyini qoruyub saxladı. Azərbaycanın tarixi, potensialı turizmin inkişafına imkan verir. Bunlar Azərbaycana daha çox turistin gəlməsini şərtləndirən amillərdir”.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov bildirdi ki, Azərbaycan qısa müddət ərzində turizm sahəsində ciddi nailiyyət əldə edə bilib: “Nəzərə alaq ki, belə nailiyyətlər pillə-pillə baş verir. Ancaq ölkəmiz qısa müddət ərzində turist sayını artırdı. 2016-cı ildən etibarın hər növbəti il ölkəyə gələn turist sayında artım var. Həmçinin 2019-ci il üçün də ölkəyə gələcək turist sayının artımı qarşıya məqsəd kimi qoyulub. 
Dünyada hər bir dövlət turist sayını artırmağa çalışır, amma bacara bilmir. Azərbaycan isə buna nail ola bilib. Bütün bunlar ölkə rəhbərinin bu sahəyə diqqəti fonunda baş verib. Bundan başqa turist sayının artmasında ölkədəki sabitlik məsələsi mühüm rol oynayır. Həmçinin artıq ölkəmizdə yüksək infrastruktur formalaşıb. Eyni zamanda aidiyyatı qurumların fəaliyyətini qeyd etmək lazımdr. Bunun nəticəsidir ki, “Bloomberg” agentliyi bizdən yazır. Cari il ərzində xaricdən 30-a yaxın jurnalist zəng vurub. Azərbaycanın turizminin inkişaf modelini öyrənmək istəyiblər. Bütün bunların da təkanı viza rejiminin asanlaşdırılması oldu”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz