Əlaqə Arxiv
news Image
2018.10.03
09:40
| A A A
Turizmdə Avropa standartları
Bu sahənin canlandırılması Azərbaycana gələnlərin sayının artmasına, yeni iş yerlərinin yaranmasına və gəlirlərin artmasına müsbət təsir edəcək

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyir ki, Azərbaycandakı hotellər Avropa Komissiyasının tətbiq etdiyi standartlarla ulduzlaşdırılacaq : “Azərbaycana gələn turistlərin sayı hər il artır. Bu il də 8 faizdən çox artım var. Yaxın zamanda Azərbaycan Hotellər Assosiasiyası yaradılacaq. Bundan sonra bu qurum Avropa Hotellər Assosiasiyasının üzvlüyünə qəbul prosesinə başlanılacaq. Bununla da Avropa Komissiyasının tətbiq etdiyi standartlarla Azərbaycanda hotellər standartlaşdırılacaq, ulduzlaşdırılacaq və sertifikatlaşdırma aparılacaq. Hazırda, həmçinin reyestr məsələsi müzakirə olunur. Regionlarda fəaliyyət göstərən turizm informasiya mərkəzlərinin fəaliyyətində islahatlar aparılacaq. Bakıda isə turistlərin üçün məlumat köşklərinin sayı artırılacaq”. Bütün bunların fonunda turizmin inkişafının müasir standartlara uyğunlaşması, Azərbaycanın turizmdən daha çox gəlir əldə etməsi üçün əsas yaradılması deməkdir.

Dünyanın inkişaf etmiş ölkələri turizm sənayesinin inkişafına çox ciddi diqqət verirlər. Çünki, ekoloji cəhətdən ən təmiz sənaye sahəsi olmaqla iqtisadiyyatın bu istiqaməti gəlirli iş sayılır. Fransa Respublikasında əhali sayı 65 milyon nəfər olsa da, 2015-ci ildə ölkəyə 84,5 milyon, 2016-da 83 milyon, 2017-ci ildə isə 89 milyon adam gəlib! 2020-ci ilə qədər isə bu rəqəmi 100 milyon nəfərə çatdırmaq planlaşdırılır! Yeri gəlmişkən, məsələn, Luvr muzeyi və Eyfel qülləsi əsasən turistlərin hesabına “yaşayır” (gələnlərin 80 faizi əcnəbilərdir). Bu minvalla şəraiti qiymətləndirsək, Azərbaycana təxminən 10-12 milyon turistin gəlməsi ilə fəxr etmək olar. Bunun üçün isə hələ çox işləmək, çox iş görmək lazımdır.
Ümumiyyətlə, turizm sənayesi hökumətin iqtisadi strategiyasında prioritet sahədir. Bu istiqamətdə həqiqətən ciddi və məhsuldar iş gedir. Xüsusilə, ölkəmizdə otellər şəbəkəsinin genişləndirilməsi, lazım gələrsə eyni vaxtda 10 minlərlə turistin qəbul edilməsi üçün şəraitin yaradılması böyük şərtdir. Bütün təbəqələrdən olan insanların ölkəmizə gəlməsinə şərait yaratmaq üçün qiymətcə daha ucuz olan hostellərin, motellərin inkişaf etdirilməsi, xüsusi evlərdə mehmanxana şəraiti yaratmaqla sahibkarlığı inkişafı uğurla təşviq olunur. İndi hətta dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşən Xınalıq kəndində də şəxsi evindən turistləri qəbul etmək üçün istifadə edən sahibkarlar var. Maraqlı budur ki, yerli və xarici turistlər bu kəndə həvəslə gəlirlər. Təkcə Xınalığın təcrübəsi göstərir ki, Azərbaycanda kifayət qədər potensial turizm imkanları var və bu ehtiyat turistlərin sayının əhali sayına bərabər səviyyəyə çatdırılması mümkündür. 
Otellərin yenidən təsnifatlaşdırılması, təbii ki, zəruriyyətdən doğur və bu işdə güman edirik ki, daha dolğun qiymətləndirmə aparılacaq. İnkişaf etmiş ölkələrdə təsnifat sisteminin özünəməxsus özəllikləri var. Yəqin ki, Azərbaycanda da milli və yerli xüsusiyyətlər mütləq nəzərə alınacaq. Beynəlxalq təsnifatlaşdırma sisteminin özəyində dörd əsas meyar nəzərə alınır: otaqlar, vanna otağı, əsas otel xidmətləri (məsələn, qəbul) və iaşə xidmətləri. Bu tənzimləmələr yüksək səviyyədə olacaqsa, Azərbaycanın turizm sənayesi də inkişaf sürətini artırmağa nail olacaq.

N.NOVRUZ

Sizin Reklam Yeriniz