Əlaqə Arxiv
news Image
2018.11.13
09:50
| A A A
Xəzər üzərindən Azərbaycana daha çox turist gələcək
Dənizdə kruiz səfərlərinin təşkili barədə artıq sahilyanı ölkələrdə iş başlanıb

Qazaxıstan və Rusiya regionlararası XV forumunun plenar iclasında Prezident Nursultan Nazarbayev bildirib ki, Xəzər dənizində kruiz gəmilərinin yaradılması vacibdir. O bildirib ki, bununla da qonşu ölkələrə - Azərbaycan, Türkmənistan, İrana böyük turizm axınının başlanmasına nail olmaq olar. Bundan ötrü Xəzər dənizində əməkdaşlıq üçün infrastruktur yaratmaq, viza və miqrasiya rejimlərini sadələşdirmək və bir sıra digər təşkilati işləri həyata keçirmək lazımdır. Turizmin regionda inkişafı yeni iş yerlərinin yaradılmasına, qeyri-neft sektorunun inkişafına, əhalinin gəlirlərinin artmasına müsbət təsir etməklə yanaşı sahilyanı ölkələrin milli-mədəni inteqrasiyasına, ölkələrarası münasibətlərin güclənməsinə yardım edən vasitədir. Forum iki ölkə arasında turizmin inkişafında yeni yanaşmalar və tendensiyalara həsr olunsa da bütövlükdə regionun turizm potensialı barədə müzakirə aparılıb. 

Bu dəfə təklif daha yüksək səviyyədə səsləndirilsə də, əslində, bu haqda çoxdan təkliflər verilib. Hələ 2011-ci ildə Dünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizi üzrə kruiz layihəsinin reallaşdırılması məqsədilə təşkilatın eksperti Robert Kleverdo ölkəmizə səfərə gəlmişdi. Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Dəniz Limanının və Azərbaycan Turizm Assosiasiyasının, turizm sahəsində fəaliyyət göstərən və kruiz marşrutları üzrə ixtisaslaşan şirkət nümayəndələri ilə görüşlər keçirən ekspert mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanın iştirakı olmadan bu layihənin reallaşması mümkün deyil. Həmçinin qeyd etmişdi ki, təmsil etdiyi təşkilat dünya turizmi üçün də əhəmiyyətli olan layihənin reallaşmasında çox maraqlıdır. Mütəxəssislərin fikrincə, layihə həyata keçərsə, Azərbaycanın turizm məhsulunun beynəlxalq bazara inteqrasiyasına təkan verəcək. 
Daha sonralar bu mövzu Həştərxan şəhərində Xəzəryanı bölgədə turizm əməkdaşlığına dair beynəlxalq konfransda müzakirə olunub. Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın yer aldığı konfransda Xəzəryanı dövlətlərin turizmin inkişafında səylərinin əlaqələndirilməsi, dənizin potensialından turizm məqsədləri üçün daha səmərəli istifadə imkanlarının öyrənilməsi, müştərək turist məhsul və regional mədəni turizm marşrutlarının işlənib hazırlanması, regional turizm brendinin yaradılması, turizm məhsullarının beynəlxalq səviyyəyə çıxarılması üzrə əməkdaşlıq və s. məsələlər nəzərdən keçirilib. 
Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin görüşündə isə dəniz boyunca dairəvi kruiz marşrutunun yaradılması barədə qərar qəbul edilib. Nəqliyyatçıların fikrincə, bu layihə davamlı dəniz gəmiçiliyinin ümumi inkişafına xidmət edəcək. Onların sözlərinə görə, Xəzəryanı ölkələr arasında sərnişin kruiz daşımalarına tələbat yüksək olacaq. Bu ilin 23-24 iyun tarixində Qəbələdə keçirilən V Azərbaycan-Rusiya regionlararası forumunda da bu məsələ geniş müzakirə olunub. Azərbaycan layihəni dəstəkləyir və artıq müvafiq qurumlar layihə ilə bağlı vahid turpaketin yaradılmasına razılığını verib və bu istiqamətdə müvafiq işlər görülür. 
Ekspertlərin rəyinə görə, Xəzər dənizi turizmin inkişafında təbiətin xalqlara verdiyi böyük imkandır. Başqa dənizlərin sahilində yerləşən ölkələr turizmdən sanballı gəlirlər götürürlər. Bu sahədə Xəzərin imkanlarından istifadə etməyin vaxtı çatıb. 

N.NOVRUZ

Sizin Reklam Yeriniz