Əlaqə Arxiv
news Image
2018.11.24
11:00
| A A A
Əhali sayı yüksək olan ölkələrdən Azərbaycana daha çox turist gəlməyə başlayır
Musa Quliyev: “Turizm sahəsi cənab Prezidentin xüsusi diqqəti sayəsində Azərbaycanda çox sürətlə inkişaf edir” Müzəffər Ağakərimov: “Ölkəmizə gələn turistlərin sayında artımın olması bu sahə üzrə infrastrukturun daha da genişlənməsinə gətirib çıxaracaq”

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2 milyon 420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox  turist gəlib. Bu dövrdə maraqlı məqam  Hindistan və Pakistandan gələn səyahətçilərin sayının müvafiq olaraq 183 faiz və 149 faiz artmasıdır. Əhali sayı yüksək olan ölkələrdən Azərbaycana gələn turistlərin sayının artması Azərbaycanın turizm gəlirlərinə, ümumiyyətlə, bu sahənin inkişafına nə vəd edir?

Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, gələn turistlərin sayının artması və bu siyahıya yeni-yeni dövlətlərin cəlb edilməsi fonunda Azərbaycan turizm sektorundan daha çox gəlir götürəcək: “Ümumiyyətlə, turizm Azərbaycanın Azərbaycanın qeyri-neft sektorunun çox mühüm sahələrindən biridir. Qeyd edək ki,  Azərbaycanın sosial-iqtisadi inkişafına dair strateji yol xəritəsində 11 istiqamətdən biri olaraq turizmin inkişafının təmin olunması da qarşıya qoyulub. Heç şübhəsiz, turizm davamlı maliyyə və biznes imkanı yaradan sahələrindəndir. Turizmin inkişaf etməsi birinci növbədə ölkənin cəlbedici olması ilə bağlıdır. Yəni burada təkcə turistləri cəlb edən mədəni abidələr, təbiətin olması şərt deyil. Həmçinin lazımi infrastruktur, lazımi məkanlar da olmalıdır. İaşə xidməti səviyyəsinin yüksək olması,  nəqliyyat vasitələri və qiymətlərin də uyğun olması vacib şərtlərdəndir. Bunların hamısı turizmin inkişafına təkan verən başlıca amillərdəndir. Azərbaycanda son illərdə turizm sahəsində baş verən inkişaf tempi də məhz bu faktorlara söykənir. İldən-ilə ölkəmizə gələn turistlərin sayının artımı Azərbaycan iqtisadiyyatının bu sahəsinin inkişaf etməsinin bariz nümunəsidir. Ölkəmizə əsasən şərq ölkələri, ərəb dövlətlərindən, Pakistan və Hindistandan turist gəlir. Düşünməliyik ki, Avropa və Amerikadan da daha çox turist cəlb edə bilək. Nə qədər çox ölkədən turist gəlsə, həm həmin ölkələrə öz mədəniyyətimizi təbliğ edə bilir,  həm də onlar bizim haqqımızda daha çox informasiyaya sahib olur, millətimizi, ölkəmizi tanıyırlar. Eyni zamanda, turizm sahəsi müxtəlif iqtisadi və biznes əlaqələrinin də çiçəklənməsinə gətirib çıxarır. Heç şübhəsiz, bir neçə ildir ki, turizm sahəsi cənab Prezidentin xüsusi diqqəti sayəsində Azərbaycanda  çox sürətlə inkişaf edir. Bu sahədə daha geniş potensiala malikik. Hansı ki, həmin potensial hesabına daha çox turisti cəlb edə və daha böyük həcmdə gəlir götürə bilərik. Bu mənada turistlərin sayının ötən illə müqayisədə xeyli artması sevindirici hal olmaqla yanaşı gələcək illərdə daha da irəli getmək üçün  müsbət stimul verir”. 
Turizm eksperti Müzəffər Ağakərimov düşünür ki, gələn turistlərin say baxımından artımı fonunda turizm infrastrukturu daha da genişlənəcək: “Bu ildə olduğu kimi, gələn ildə də ölkəmizə gələcək turistlərin sayının artacağı gözləniləndir. 
Son illər ərəb ölkələri, Rusiya ilə yanaşı, Pakistan və Hindistan kimi ölkələrdən gələn turistlərin sayında artımların baş verməsində Azərbaycan Turizm Assosiasiyasının bu il Karaçi və Dehlidə keçirdiyi yüksək səviyyəli sərgilərin də mühüm rolu olub. Hansı ki, bu sərgilərdə Azərbaycanın turizm potensialı yüksək səviyyədə təqdim və təbliğ olunub. Ona görə də son ildə Pakistan və Hindistandan gələn turistlərin sayında mühüm artımlar olub. Bu tendensiya gələcəkdə də davam etdiriləcək. Hətta növbəti illərdə Çin və İndoneziyadan da turistlərin gəlməsi istiqamətində iş aparılır. Avropadan gələn turistlər isə əsasən şopinq festivallarında, idman yarışlarında iştirak edirlər. Rusiya və Qazaxıstandan olan turistlər isə əsasən ölkəmizdə müalicə turizminə üstünlük verir. Onlar müalicə üçün daha çox Naftalana üz tuturlar. 
Ölkəmizə gələn turistlərin sayında artımın davamlı olması bu sahə üzrə infrastrukturun daha da genişlənməsinə gətirib çıxaracaq. Nəticədə turizmdən gələn gəlirlər də artacaq. Qəbələ və Qusardakı qış turizm obyektlərindən savayı gələcəkdə Qaxda da bu sayaq obyektin açılması gözlənilir. Gələnlərin sayının artımı fonunda qatar, dəniz və çimərlik turizminin inkişafı da baş verə bilər. Proses həmçinin bu sahəyə daha çox investisiya qoymağa şərait yaradır. İnvestorlar Azərbaycanda turizmin inkişafı fonunda ölkəmizə sərməyə yatırmağa daha çox həvəs göstərəcəklər”.
Rüfət NADİROĞLU   
  

Sizin Reklam Yeriniz