Əlaqə Arxiv
news Image
2018.11.29
09:40
| A A A
Hər bir bölgənin maraq dairəsin uyğun turizm infrastrukturu formalaşdırılmalıdır
Müzəffər Ağakərimov: “Gələcəkdə Cənub-Şərqi Asiya və digər Asiya ölkələrindən gələn turistlərin sayı da artacaq” Kifayət Hüseynova: “Turistlər əvvəllər daha çox Bakı şəhərinə gəlirdisə, artıq regionlara da üz tuturlar”

2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2 milyon 420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox turist gəlib. Bunlar arasında Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım qeydə alınıb. Ümumilikdə Körfəz ölkələrindən 492,9 min nəfər gəlib və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşlarıdır. 2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn ziyarətçilərin sayı 330 min olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artım deməkdir. Eyni zamanda Asiya ölkələrindən gələn səyahətçilərin sayında da böyük artım var.  Məsələn, Hindistan və Pakistandan gələn səyahətçilərin sayı   müvafiq olaraq 183 faiz və 149 faiz artıb. 

Qeyd edək ki, digər bölgələrdən gələn turistlərin sayında da artım var. Ekspertlərin sözlərinə görə, bunu şərtləndirən səbəblər mövcuddur. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, ölkəmizə gələn turistlərin sayının artımını şərtləndirən bir sıra amillər var: “Məsələn, son illər Azərbaycan Turizm Assosiasiyası Pakistan, Çin, Hindistan, Qazaxıstan və Sinqapurda böyük sərgilər keçirib. Orada Azərbaycanın turizm potensialı təqdim edilib. Bunun da ölkəmizə gələn turistlərin sayının artmasında böyük rolu oldu. Bundan əlavə Azərbaycan Hindistanın turizm təşkilatları ilə memorandum imzalayıb. Eyni zamanda Sinqapurda, Hindistanda nümayəndəliyimiz fəaliyyət göstərir. Bu baxımdan Azərbaycana gələn Hindistan və Pakistan  turistlərinin sayında artım var. Gələcəkdə Cənub-Şərqi Asiya və digər Asiya ölkələrindən gələn turistlərin sayı da artacaq”.
Müzəffər Ağakərimov əlavə etdi ki, termal və sağlamlıq turizmi üzrə ilk sırada Rusiya, sonra isə Qazaxıstan və Özbəkistandan gələn turistlər durur: “Onlar xüsusən Naftalanda istirahətə üstünlük verirlər. Çünki orada həm də müalicə alırlar. Bütün bunlar onu göstərir ki, Asiya ölkələrindən gələn turistlərin Azərbaycana marağı ildən-ilə artmaqdadır”.
Ekspertin fikrincə, turistlərin sayını daha da artırmaq üçün dünyada fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycanın turizm potesialını yüksək səviyyədə təqdim və təbliğ etməlidir: “Bu, günün xüsusi tələbidir.  Ümumiyyətlə, Azərbaycanı turizm ölkəsinə çevirmək üçün bütün vasitələrdən istifadə etmək lazımdır”.
Paytaxtda fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri Kifayət Hüseynova “Mövqe”yə bildirdi ki, ölkəmizə gələn turist sayını artıran amil ilk növbədə Azərbaycandakı turizm infrastrukturunun təkmilləşməsidir: “Bu sırada yeni turizm növləri, yeni istirahət mərkəzlərini göstərmək mümkündür. Turistlər əvvəllər daha çox Bakı şəhərinə gəlirdisə, artıq regionlara da üz tuturlar. Bundan başqa “ASAN VİSA”nın verilməsi bu məsələdə önəmli rol oynadı. Eyni zamanda ölkəmizə gələn turist artıq hava limanında belə viza ala bilir. Bu amillər turist sayının artımına təsir etdi. Lakin Azərbaycanın daha böyük potensialı var. Məsələn, qiymət siyasətinə yenidən baxmaq olar. Bu sektor üzrə rəqabət mühiti güclənməlidir ki, xidmət qiymətlərində ucuzlaşma baş versin. Düzdür, manatın devalvasiyası gələn turist sayına müsbət təsir göstərdi. Lakin qiymətlər bundan da aşağı düşə bilər. O zaman turist sayı daha da artacaq. Nəzərə alaq ki, Azərbaycana dünyanın müxtəlif ölkələrindən turist gəlir. Hər bir bölgənin maraq dairəsini dərindən öyrənməliyik və ona uyğun turizm infrastrukturu formalaşdırmalıyıq”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz