news Image
2018.12.01
09:00
| A A A
Yeni yanaşma qeyri-neft sektorunda turizmin payını artıracaq
Vüqar Bayramov: “Qanunverciliyin təkmilləşdirilməsi, prosedurların sistemli şəkildə həyata keçirilməsi turizmin inkişafına ciddi təkan verəcək” Müzəffər Ağakərimov: “Qanun layihəsində mühüm məsələlər öz əksini tapmalıdır”

“Hazırda əsas işimiz “Turizm” haqqında qanun layihəsinin hazırlanmasına nail olmaqdır”.  Bunu “Milli Turizm Sammiti 2018”də Azərbaycan Turizm Agentliyinin Hüquq və daxili nəzarət sektorunun baş məsləhətçisi Qiyafət Xeyirxəbərli bildirib. O, əlavə edib ki, əsas məqsədimiz turizmi təşviq edən və dəstəkləyən qanunun qəbul olunmasına nail olmaqdır: "Artıq bir çox qurumlar ilə görüşüb onların rəy və təkliflərini öyrənmişik”.

Qeyd edək ki, qanunda turizm siyasətinin əsas istiqamətləri, turizm sahəsində idarəetmə, dövlət-özəl sektor əməkdaşlığı, turizm keyfiyyət sistemi, turizm sənayesi nümayəndələrinin fəaliyyəti, turizm məhsullarının yaradılması, turizm sektoruna investisiya qoyuluşuna təşviq, turizm sahəsində mübahisələrin həlli - turistlərin hüquqlarının qorunması mexanizmləri kimi əsas istiqamətlər öz əksini tapacaq. Ekspertlərin fikrincə, qanun layihəsi bu sahəyə yeni yanaşmanı gətirəcək. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, Azərbaycan 2014-cü ildən etibarən turizm sahəsində ciddi uğurlar əldə edib: “Ölkəyə gələn turistlərin sayında ciddi artımlar var. 2018-ci ilin 9 ayında ölkəyə gələn turistlər plastik kartlar vasitəsi ilə 1 milyard dollar ödəniş ediblər. Eyni zamanda il ərzində ölkəyə gələn turistlərin etdiyi ümumi ödənişin həcmi 2.6 milyard dollardan çoxdur. Qiymətlərləndirmələr göstərir ki, hazırda turizm sektorunda 300 minə yaxın vətəndaşımız çalışır. Bu da məhz məşğulluğun artırılması kimi xarakterizə olunur. O baxımdan qanunverciliyin təkmilləşdirilməsi, prosedurların sistemli şəkildə həyata keçirilməsi turizmin inkişafına ciddi təkan verəcək”.
Ekspert əlavə etdi ki, turizm Azərbaycan üçün prioritet istiqamətlərdəndir: “Ölkəyə gələn turistlərin daha çox regionlara səfər etməsi əsas məqsədlərdən biridir. Eləcə də turizmin özündə diversifikasiya vacib amildir. O baxımdan qanunvercilik bazasının təkmilləşdirilməsi nəticə etibarı ilə ölkəyə gələn turist sayına müsbət təsir göstərməklə, iqtisadiyyatın qeyri-neft sektorundan daha çox faydalanmasına imkan verəcək. Bu da iqtisadiyyatın diversifikasiyası baxımından vacib məsələdir. Odur ki, yeni qanunvericiliyin formalaşması, yeni yanaşma qeyri-neft sektorunda turizmin payının növbəti illərdə də artımına gətirib çıxaracaq”.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, qanun lahiyəsi həm starteji, həm də taktiki məsələləri əhatə etməlidir: “İlk növbədə keyfiyyət göstəricilərinə diqqət yetirilməlidir. Eyni zamanda məhz regionlarda turizmin inkişafı stimullaşdırılmalıdır. Qanun layihəsində digər mühüm məsələlər də öz əksini tapmalıdır. Məsələn, regionlarda turizm şirkətlərinin fəaliyyəti genişləndirilməlidir. Çünki hazırda onlar yox dərəcəsindədir. Yaşıl turizmin inkişafına xüsusi diqqət ayrılmalıdır. Regionlarda  1 və 2 ulduzlu otellərin inşası sürətlənməlidir. Sağlamlıq turizminin inkişafı üçün yeni sağlamlıq mərkəzləri inşa edilməlidir. Nəzərə alaq ki, hazırda mövcud olan sağlamlıq mərkəzləri elə Sovet dövründə də var idi. Qanun layihəsində turizm fondu da öz əksini tapmalıdır. Kadr məsələlərinə daha çox fikir verilməlidir. Yeni qanun milli kadrların irəli çəkilməsinə şərait yaratmalıdır”.
Mübariz BAYRAMOV