news Image
2018.12.28
09:00
| A A A
Bakı MDB-nin ən yaxşı turizm şəhərləri sırasındadır
Natiq Cəfərli: “Turistlərin sayının artması kifayət qədər önəmli strateji məsələdir”

Turizm sahəsi ilə bağlı araşdırmalar aparan Rusiya analitik agentliyi - “TurStat” 2019-cu ilin qış mövsümündə MDB-nin ən yaxşı turizm şəhərlərinin reytinq cədvəlini hazırlayıb. Burada qeyd olunur ki, Bakı MDB-nin ən yaxşı turizm şəhərləri arasında ilk 10-luqdadır. Bu uğuru şərtləndirən səbəb nədir və blə vəziyyətdə ölkəyə daha çox turist axınını gözləmək olarmı?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, son illər görülən infrastruktur işləri nəticəsində Bakı sözün həqiqi mənasında turistlərin gəlişi baxımından olduqca cəlbedici bir məkana çevrilib: “Son illər Rusiyadan olan turistlərin ən çox getdiyi istiqamətlərdən biri məhz Azərbaycan və onun paytaxtı Bakı şəhəridir. Əsasən də son iki ildə şimal istiqamətindən ölkəmizə gələn turistlərin sayında kifayət qədər artım var. Bu mənada Bakının MDB məkanı şəhərləri arasında turisləri cəlb etmək baxımından ilk onluqda yer almasına təbii ki, ölkəmizdə turizm infrastrukturunun getdikcə daha çox inkişaf etdirilməsi və genişlənməsi, yeni otellər şəbəkəsinin yaradılması, yol infrastrukturunun yaxşılaşması və turistlər üçün müxtəlif əyləncə növləri və müxtəlif turistik imkanların, xidmətlərin sayının artımı səbəb olub. 
Nə qədər qəribə səslənsə də, manatın devalvasiyaya uğraması da turizm üçün pozitiv rol oynayıb. Çünki milli valyutalar dəyərdən düşdükcə, bu, gələn turistlərin sayının artmasına da səbəb olur. Turizmi inkişaf etdirən bir çox ölkələr zaman-zaman bu praktikadan istifadə edib. Yəni, devalvasiya fonunda qiymətlərin xarici valyuta ilə ölkəyə gələn turistlər üçün cəlbedici olması da Bakının həmin reytinqdə yüksək mövqeyə sahib olmasına səbəb olub. Həmçinin, Bakı şəhərinin görüntüsündə cazibədarlığın artması, əyləncə yerlərinin, çoxalması, Azərbaycan mətbəxilə bağlı Rusiya və beynəlxalq kanallarda keyfiyyətli reklam çarxlarının olması da turistlərin diqqətini Bakıya cəlb edən başlıca amillərdəndir. Prosesdən istifadə edib, Bakının bağlı olduğu dəniz turizmini də inkişaf etidrmək lazımdır.
Turistlərin sayının artması kifayət qədər önəmli strateji məsələdir. Çünki bu, elə bir sahədir ki, onun multukativ effekti də var. Yəni turizm inkişaf etdikcə,  loqistika, xidmət, əyləncə kimi sahələri də arxasınca aparır və inkişaf etdirir. Bu mənada Bakının sözügedən reytində yüksək yer tutması yaxşı haldır. Amma eyni zamanda, daha da irəli getmək üçün həmin sahədə digər bir çox ciddi addımların da  atılmasına ehtiyac vardır. 
Maraqlı turist marşurutlarının sayı artırılmalıdır. Azərbayan mətbəxilə, tarixi abidələrlə bağlı yeni turistik marşurutlar daha da inkişaf etdirilməlidir. Ortalama hər turist getdiyi ölkədə 5-7 gün ərzində 500 dollar pul xərcləyir. Bu da ölkə iqtisadiyyatına kifayət qədər pozitiv təsir edən amillərdəndir. Ümumiyyətlə, rus turistini cəlb etmək üçün nələrin edilməsinə ehtiyac varsa, o istiqamətdə də fəaliyyət göstərilməlidir. Bu istiqamətlər üzrə daha maraqlı proqramlar təklif etmək lazımdır. İstiqamət üzrə doğru yoldur. Çünki infrastruktur da yaxşılaşıb, əyləncə yerləri artıb,  Bakının gecə görüntüsü çox cəlbedicidir. Bu istiqamətdə işləri daha da genişləndirməklə Bakının mövqeyinin daha da yüksəlməsinə nail ola bilərik”.
Rüfət NADİROĞLU