news Image
2019.01.08
09:50
| A A A
Turizm neft-qaz sektorundan sonra ölkəyə ən çox gəlir gətirən sahəyə çevrilir
Müzəffər Ağakərimov: “Turizm qurumlarının hamısını bir araya gətirmək lazımdır” Bahadur Bilalov: “Azərbaycanda dünyada turizmin mövcud olan bütün növlərini inkişaf etdirmək üçün böyük potensial var”

Məlumdur ki, ölkəmizin turizm gəlirləri üzrə hədəfi neft-qaz sektorundan sonra ikinci olmasıdır. Bu istiqamətdə də mühüm addımlar atılmaqdadır. 

Artıq yüksək nəticələr var. Belə ki, hər növbəti il ölkəmizə gələn turistlərin sayında artım qeydə alınır. Məsələn, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana dünyanın 195 ölkəsindən 2633,5 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. Odur ki, ekspertlərin fikrincə, turizmin indiki inkişaf tempi ilə göstərilən hədəfə nail olmaq mümkündür. 
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirir ki, Azərbaycanda qeyri-neft sektorunda ilk sıralarda məhz turizm və kənd təsərrüfatı sahələri durur: “Amma göstərilən hədəfə çatmaq üçün bir sıra maneələri də aradan qaldırmalıyıq. İlk növbədə Dövlət Turizm Agentliyi bütün turizm təşkilatlarını öz ətrafında birləşdirməlidir. Taktiki və strateji qərarlar qəbul edilərkən bütün turizm qurumları, o cümlədən turizm təhsil müəssisələrinin tövsiyələrindən yararlannamalıdır. 
İkincisi, müxtəlif turizm növlərinin inkişafı vacib məsələdir. İlk növbədə kütləvi, çimərlik turizmi ciddi inkişaf etməlidir. Yeni bir və iki ulduzlu otellərin, hostellərin standartlara cavab verən tikintisi həyata keçirilməlidir. Təəssüf ki, lisenziyanın ləğvindən sonra nə qədər turizm şirkətinin fəaliyyət göstərdiyi bilinmir. Bunun üçün də turizm reyesteri tətbiq edilməlidir. Otellərin fəaliyyəti istiqamətləndirilməlidir. Hər bir otel və turizm şirkəti fərdi, subyektiv şəkildə fəaliyyət göstərərsə, effektiv nəticə əldə edilməz, turizmin inkişafına maneələr törədər. 
Turizm qurumlarının hamısını bir araya gətirmək lazımdır. Qərarlar bir yerdə qəbul edilməlidir. Bu qərarlar da real olmalı və mütləq həyata keçirilməlidir. Bunun üçün də Dövlət Turizm Agentliyinin tərkibində turizm sahəsi üzrə peşəkarlarından ibarət ictimai qurum yaradılmalıdır.  Peşəkarların təcrübəsi turizmin inkişafnda mühüm önəm daşıyır. Strateji Yol Xəritəsində göstərildiyi kimi, 2020-2025 illərdə Azərbaycan 20 aparıcı turizm ölkələri sırasında olmalıdır. Bunu həyata keçirmək üçün ümumi söz yığımı yox, iş görülməlidir. Nəzərə alaq ki, turizm strateji sahədir”.
Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov bildirir ki, Azərbaycanda dünyada turizmin mövcud olan bütün növlərini inkişaf etdirmək üçün böyük potensial var: “Dövlət həmin potensialdan istifadə etməklə turizmi inkişaf etdirə, ölkəyə turist gətirə bilib. 2018-ci ilin aprel ayında ölkə Prezidentinin sərəncamı ilə turizmi idarə edən müstəqil orqan Dövlət Turizm Agentliyi yaradıldı. Bu qurumun qarşısına qoyulan əsas məqsədlərdən biri də ondan ibarətdir ki, ölkənin mövcud turizm potensialını xarici ölkələrdə intensiv şəkildə təbliğ etsin.  
Həmçinin 1999-cu ildə qəbul olumuş “Turizm haqqında” Qanunun 16-cı bəndində göstirilir ki, ölkənin turizm potensialını xarici ölkədə təbliğ etmək üçün turizmi idarə edən qurumun xarici ölkədə nümayəndəlikləri fəaliyyət göstərməlidir. 1999-cu ildən bu günə qədər həmin məsələ həll olunmamış qalırdı. Amma 2018-ci ildə yaradılmış Dövlət Turizm Agentliyi bu məsələnin həllinə başlayıb. Xaricdə Dövlət Turizm Agentliyinin nümayəndəlikləri fəaiyyət göstərir. Həmin nümayəndəliklər Azərbaycanın turizm potensialını təbliğ edir”.
Mübariz BAYRAMOV