news Image
2019.03.01
14:24
| A A A
Dövlət Turizm Agentliyi Çindən turist axını olacağını bəyan edib

Dövlət Turizm Agentliyi və Çinin Mədəniyyət və Turizm Nazirliyi arasında "Cinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu”na əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər.

Movqe.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub:

"İndi isə biz Çindən Azərbaycana bir neçə dəfə çox turist gələcəyini deyə bilərik. Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib. Ümumilikdə, 12 hədəf istiqamət mövcuddur. Bura həm post sovet məkanı, həm Asiya, həm Avropa, həm Yaxın Şərq daxildir. Çin də daxil olmaqla artıq altı ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir. Yaxın gələcəkdə daha 4 ölkədə nümayəndəliyimiz açılacaq”.

F.Nağıyev əlavə edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən formalaşmaqda olan turizm sənayesinin iştirakçıları Azərbaycana gələn turistlərin 2 dəfəyədək artmasını təmin etməlidirlər. Bununla yanaşı turistlərin məmnunluğu ən yüksək səviyyədə təmin olunmalıdır.

Qeyd edək ki, bu gün Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Memorandum sənədini Azərbaycan tərəfindən Agentliyin sədri Fuad Nağıyev, Çin tərəfindən isə ÇXR-in mədəniyyət və turizm nazirinin müavini Janq Syu imzalayıb.

Sənəd 27 fevral-1 mart tarixlərində Pekin şəhərində “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın 7-ci iclası çərçivəsində imzalanıb.