Əlaqə Arxiv
news Image
2019.03.05
15:10
| A A A
Azərbaycana gələn turistlərin coğrafiyası sürətlə genişlənir
Ölkənin turizm sənayesinin valyuta daxilolmalarında potensialı işə salınıb

 

Dövlət Turizm Agentliyinin məlumatına görə, 2018-ci ildə, ümumiyyətlə, ölkəyə xarici vətəndaşların axını 6%, ya da 153 min artaraq 2,8 milyona çatıb. Xaricilərin üçdə iki hissəsini Rusiya, Gürcüstan və Yaxın Şərq ölkələrinin vətəndaşları təşkil edib. Əsas axın Gürcüstan, Yaxın Şərq və Asiya ölkələri vətəndaşlarının payına düşür, onların bazar payı müvafiq olaraq  1-2 faiz artıb. Axının ən çox artımı Yaxın Şərq və Asiya vətəndaşları arasında - 35% və 55% müşahidə olunub. Xüsusilə, Səudiyyə Ərəbistanından gələnlərin sayı 120% artaraq 41 min nəfər, İsraildən gələnlərin sayı 161% artaraq 40 min, Küveytdən gələnlərin sayı isə 81% artaraq 30 minə yüksəlib.  Asiya ölkələri arasında Pakistandan gələnlərin sayı 135% artaraq 73 min nəfərə, Hindistandan isə 175% artaraq  39 min nəfərə çatıb.

Azərbaycana son dövrlərdə böyük əhali sayına malik Hindistan və Çindən böyük turist axının yaranması bu ildən etibarən bu ölkələrdən daha böyük sayda turist qruplarının ölkəmizə gəlmnəsi gözlənilir. Bu ehtimal ötən ildən fəaliyyətə başlayan Dövlət Turizm Agentliyinin apardığı məqsədyönlü iş və regionlararası tarixi əlaqələrin müasir dövrdə intişarına əsaslanır.   İndiyədək reallaşdırılmış “İpək yolu” strategiyası kimi nəhəng layihə nəticəsində Azərbaycan Şərqlə-Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit əhəmiyyətli ölkəyə, Cənubi Qafqazın lider dövlətinə çevrilib. Iki minillik ərzində qərblə şərqi birləşdirən Böyük İpək yolu öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə, 1000 il bundan əvvəl olduğu kimi müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanını müasir baxışlar kontekstində gündəmə gətirib.  Vaxtilə Azərbaycan ərazisi Çin ilə Avropa arasında qızıl qapı rolunu oynayıb. Bu marşrutla Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək daha sonra ədviyyat, qızıl, gümüş, briliant,  mirvari və s., Avropadan Şərq ölkələrinə isə qalay, sink, civə, mahud parça və s. daşınıb. İpək Yolu Dərbənd, Şirvan, Şəki, Beyləqan, Gəncə, Qəbələ, Təbriz və Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan verub, onların hər birinin ipəkçilik ticarət mərkəzinə çevrilməsinə şərait yaradıb. İndisə bu yolun missiyası daha da genişlənib və turistlərin gediş-gəlişi üçün magistral xəttə çevrilib.

Prezident İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda deyib, ki, aparılan hesablamalara görə, ötən il ölkəmizə gələn turistlər 2 milyard dollara yaxın pul xərcləyib: “Bu, belə demək olarsa, əlavə 2 milyard dollar ixrac deməkdir. Artıq bu rəqəm göstərir ki, turizmin nə qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar, sahibkarlar bundan faydalanırlar. Yəni, bu pullar birbaşa o şirkətlərə gedir ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər. Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün lazımi şərait yaradılır və turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Bunun üçün bütün lazımi ilkin şərtlər var. Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək”.

Bu il martın 1-də Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədə əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub. Dövlət Turizm Agentliyinin sədri  Fuad Nağıyev bildirib ki, Çin, ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib.

Həm Hindistan, həm də Çin inkişaf etmiş 20 ölkə sırasında yer alsa da əhalinin çoxluğu ucbatından aşağı gəlirli təbəqə sayca çoxluq təşkil edir. Buna görə də həmin bölümün Avropa və Amerika kimi həddən bahalı yerlərə səfəri əlçatmaz olduğu qədər Azərbaycan kimi orta qiymətlərin üstünlük təşkil etdiyi ölkələrə səfər etmək daha rahat və ucuz başa gəlir. Bundan başqa hər iki ölkədə iri müsəlman icmalarının, habelə qədim türk irsinin olması, xüsusilə Hindistanda zərdüştilik ənənələrinin davam etməsi, Çində uyğur xalqının ta qədimdən mövcud olması Azərbaycanın turistlər arasında populyarlaşmasını şərtləndirən amildir.

Hazırda Azərbaycanda turizm sənayesinin gəlirləri ÜDM-nin 4,1 faizi həcmindədir. Lakin yaxın illərdə bu rəqəmin sürətlə artması gözləniləndir. Təbii ki, bu artımda Hindistan və Çin turistlərinin payı kifayət qədər yüksək olacaq.

N.NOVRUZ  

Sizin Reklam Yeriniz