news Image
2019.03.12
17:00
| A A A
Qeyri-neft sektorunun sürətlə yüksələn sahəsi
Dünyanın ən gəlirli və inkişaf edən sənayesinin ölkəmizdə böyük potensialı var

Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilir. Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən ekoloji iqtisadi sektora çevrilib. Turizm sənayesinin davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir.
Azərbaycan kontekstində də ölkə iqtisadiyyatının şaxələndirilməsi, regionların inkişafı üçün bu istiqamət böyük əhəmiyyət kəsb edir. Turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turistik obyektlər yaratmaq üçün sanballı zəmindir. Buna görədir ki, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur.

Təsadüfi deyil ki, Ümumdünya Turizm Təşkilatının (ÜTT) açıqladığı son reytinq cədvəlində  Azərbaycan turizmin inkişafına görə Avropa ölkələri arasında 7-ci yeri tutub.  Qurum Azərbaycanda turizm sektorunun inkişaf dinamikasını 20% səviyyəsində qiymətləndirib. ÜTT Bakını ecazkar məkanlardan biri kimi təqdim edərək onu “Yeni Dubay”a bənzədib, neftlə zəngin olan ölkənin Avropa və Asiya arasında, o cümlədən Şərqdə sürətlə inkişaf edən haba çevrildiyini bəyan edib. 

Dövlət strukturundan alınmış məlumata əsasən 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2 milyon 849 min 600 nəfər və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,9 faizi Rusiya Federasiyası, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2,0 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Təhlil göstərir ki, ötən il Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım baş verib. 2017-ci illə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,0 dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 7,9 faiz, Oman vətəndaşlarının sayı 7,4 faiz artıb. Ümumilikdə Körfəz ölkələrindən 554,1 min nəfər gəlmiş və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olmuşdur. Bu fakt onu təsbit edir ki, turizmin inkişafına prioritet sahə kimi yanaşan hökumətin apardığı məqsədyönlü siyasət doğru yoldadır. Belə ki, ölkənin milli zəmində müasir inkişafı həm Qərb, həm də Şərq ölkələrinin vətəndaşlarının diqqətini cəlb edir. Şərqlilər modern həyat tərzinin rahatlığını, qərblilər isə tarixi irsin həssaslıqla qorunmasının vurğunudurlar. Yəni, Azərbaycan mühitinin koloriti dinindən, dilindən, dünyagörüşündən, inkişaf səviyyəsindən asılı olmayaraq bütün insanların istirahəti üçün maraq kəsb edir.  Buna görə də bizim turizm sənayemiz ildən-ilə fenişlənir və zənginləşir.

İndi Azərbaycanda bütün rahatlıqları ilə yüksək qiymətləndirilən müvafiq otellər şəbəkəsinə malikdir. Əhalinin məşğulluq dərəcəsinin yüksəldilməsi üçün şəxsi evlərindən qonaq otağı kimi turistlərə xidmət etmələri üçün qanuni baza yaradılıb. Ölkəmizdə beynəlxalq aləmdə diqqəti cəlb edən və güclü azarkeş marağına səbəb olan beynəlxalq idman yarışları, elmi konfranslar, forumlar, sərgilər kifayət qədər geniş çeşiddə keçirilir. Belə tədbirlər isə, necə deyərlər, turizmin “canı”dır. Beynəlxalq təşkilatın reytinq cədvəlində 7-ci yerə sahib olmaq da bunun nəticəsidir.

N.NOVRUZ