Əlaqə Arxiv
news Image
2019.04.04
09:42
| A A A
Tursit vergisi Azərbaycanda tətbiq edilə bilər, əgər…
Samir Əliyev: “Belə təcrübədən yararlanmaqla ola bilsin, müəyyən qədər vəsaitin daxil olmasına nail olaq” Fuad İbrahimli: “Ölkəmizdə də bu tip vergilər tətbiq edilə bilər”

Dünyada turistləri cəlb etmək baxımından ölkələr arasında ciddi rəqabət mübarizəsi gedir. Hər bir ölkə müxtəlif cəlbedici vasitələrdən istifadə etməklə çalışır ki, daha çox turistin gəlməsinə nail olsun və belədə turizm sahəsindən gələn gəlirlər daha da artsın.

Turizm sahəsindən daha çox vəsaitin daxil olması yolunda da digər müxtəlif vasitələrə də əl atılır. Bu vasitələrdən xüsusən də turizmdən daha çox gəlir götürməyi qarşıya məqsəd qoyan ölkələr yararlanmağa çalışırlar. Bu mənada artıq bir neçə ildir ki, Yaponiya tərəfindən maraqlı təcrübə tətbiq edilir. Belə ki, turizm sahəsində böyük təcrübəyə malik “gündoğan ölkə” rəsmiləri xarici ölkələrə turistik səfərlərə gedən yerli əhaliyə vergi rüsumları tətbiq edir. Bu yolla da dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına nail olurlar. Bu təcrübənin Azərbaycanda da tətbiqi mümkündürmü?

Qeyd edək ki, Azərbaycana gələn turistlərin sayı da ilbəil artır. Ötən il Azərbaycana gələn qonaqların sayı 2 milyon 800 mindən çox olub. Eyni zamanda, ölkəmizdən xaricə turistik səfərlərə gedənlərin də sayı durmadan artır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev sözügedən yapon təcrübəsini ölkəmiz üçün məqbul bilmədi: “Yaponiya əhalisi turizmə geniş yer verən insanlar sırasında ilk yerlərdən birini tutur. Həmçinin bu ölkənin özündə turizmin inkişafına xüsusi qayğı göstərilir. Xaricə gedən turistlərinə Tokio hökuməti vergi tətbiq etməklə həm dövlət büdcəsini doldururlar, həm də alıcılıq qabiliyyəti yüksək olan yerli əhali bundan demək olar heç bir əziyyət çəkmir. Azərbaycanda isə Yaponiyada həyata keçirilən həmin təcrübənin tətbiqini məqsədəuyğun hesab etmirəm. Ona görə ki, Azərbaycanda xaricə gedənlərin hansı məqsədlə getdiklərinin səbəblərini hələ müəyyənləşdirməmişik. Yəni, Azərbaycandan xaricə gedənlərin heç də hamısı istirahət etməyə getmir. Bir qrup insan xaricə təhsil almağa gedir. Digərləri isə müalicə üçün xaricə üz tutur. Müalicəyə gedənlər də əsasən Türkiyə, Avropa ölkələri, Rusiya və İrana gedir. Yəni, bu qrup insanlar məcburən, təhsil və səhiyyə daha yüksək olduğuna görə xaricə getməli olurlar.

Əlbəttə, bu, heç də o demək deyil ki, ölkəmizdən xaricə istirahətə gedənlər yoxdur. Bu qrup insanlar da var. Turistlərimiz xüsusən də Türkiyəyə üz tuturlar. Xaricə gedənlərədn rüsum alınması ilə nəyə nail olacağıq? Daxili turizmi artırmağa, yoxsa büdcəni doldurmağa nail olacağıq? Belə bir təcrübədən yararlanmağımızla ola bilsin, büdcəyə müəyyən qədər vəsaitin daxil olmasına nail olaq. Ancaq bu vəziyyət heç də büdcə üçün böyük məbləğ demək olmayacaq. Çünki bu sahədə yüksək rüsumlar tətbiq edə bilmərik. Ona görə də Yaponiyada tətbiq edilən həmin təcrübəni ölkəmiz üçün məqbul saymıram. Yaxşı olar ki, gedən turistlərin qarşısını almaq yox, ölkəyə daha çox turistin gəlməsi istiqamətində düşünək. Bu istiqamətdə hazırda müəyyən işlər görülür. Ancaq görünür, bu da daha çox turistin cəlb edilməsi üçün kifayət etmir. Hazırda ərəb ölkələrindən gələn turistlərin sayında azalma müşahidə edilir. Ona görə də, daha geniş arealı cəlb etmək uğrunda çalışmalıyıq. Avropa, Amerikadan olan turistlərin cəlbi istiqamətində  işləməliyik”.

İqtisadçı-ekspert Fuad İbrahimli isə sözügedən Yaponiya təcrübəsinin ölkəmizdə də tətbiqini məqbul saydı. Amma indilikdə yox, gələcək perspektivdə: “Əslində, bu məsələdə Azərbaycanla Yaponiya arasında müqayisə aparmaq elə də doğru deyil. Burada iqtisadi və digər nöqteyi-nəzərdən tamam başqa çəkilərdə olan dövlətlərdən söhbət gedir. Yaponiyanın bu təcrübəsinin ölkəmizdə tətbiqi üçün ilk növbədə Azərbaycanda müvafiq vergi sistemi tətbiq olunmalıdır. Tək vergi sistemilə də məsələ kifayət etmir.

Sosial və makroiqtisadi nöqteyi-nəzərdən vergi sistemini təkmilləşdirən yardımçı təsərrüfatlar da var. İqtisadiyyatda tam şəkildə makroiqtisadi tarazlıq bərqərar olan bir vəziyyətdə nəhayət, ölkəmizdə də bu tip vergilər tətbiq edilə bilər. İndiki vəziyyətdə isə həmin təcrübənin ölkəmizdə tətbiqindən danışmaq hələ tezdir. İndilikdə onun tətbiqi də mümkünsüzdür. İcra mexanizmi yoxdur. Habelə ictimaiyyətin bu addımı qəbul etməsi də vacib əmsaldır. Bunu da nəzərə almalıyıq. Bu nöqteyi-nəzərdən hazırda bu layihə müzakirə olunası layihə deyil. Vaxt gələr, Yaponiyanın hansısa bir sahəsilə müqayisə aparsaq, həmin təcrübəni tətbiq etmək də olar”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz