Əlaqə Arxiv
news Image
2019.06.12
07:00
| A A A
Turizm sürətlə inkişaf edir, amma…
Sözügedən sahənin yüksəlişi yalnız müvafiq infrastrukturun olması ilə ölçülmür, o, həm də həssas münasibət və siyasət tələb edir

r bir ölkənin iqtisadiyyatı üçün turizm ən dinamik inkişaf edən sahələrdən sayılır. Ölkəmizdə də turizmin inkişaf sürəti aşağı deyil. Bu gəlirli sahə iqtisadi sektorun mühüm bölməsinə çevrilməkdədir. Hər il ölkəmizə gələn əcnəbilərin sayı artır və dünyada Azərbaycan adı turizm brendinə çevrilmək istiqamətində irəliləyir. Bu sektorun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu dövlətimizin sosial mahiyyəti ilə uzlaşır və sosial-iqtisadi tərəqqinin aparıcı istiqamətinə çevrilir. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir.

Azərbaycan kontekstində də ölkənin diversifikasiyası, regionların inkişafı üçün məhz bu sənaye həlledici əhəmiyyət kəsb edir. Turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayır, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən biri kimi ixtisaslaşmış turizm və əyləncə sahəsi müəyyən edilib.

Bəs hazırda vəziyyət necədir, sektor hansı istiqamətdə inkişaf edir? Son bir neçə ildə Azərbaycana gələn turistlərin sırasında ərəblər üstünlük təşkil edib. Lakin bu ilki Novruz bayramından sonra paytaxt Bakıda ərəb turistlərini sayında azalma müşahidə olunur. Rəsmi qurumların yaydıqları məlumatlara görə, əgər ötən illər yay mövsümündə paytaxtın mərkəzi küçə və iaşə obyektlərində addımbaşı qarşımıza ərəb turistləri çıxırdısa, indi onların yerini çinlilər və yaponlar tutub. Rəsmi statistika da onu göstərir ki, bu ilin yanvar ayından başlayaraq ölkəmizə Yaponiya, Çindən gələn turistlərin sayı xeyli artıb. Belə ki, təkcə yanvar-aprel aylarında ölkəmizə Çindən gələnlərin sayı 1,6 dəfə, Yaponiyadan gələnlərin sayı 37,1 faiz artıb.

Göründüyü kimi, iş gedir və yeni coğrafi məkanlardan ölkəmizə turist marşrutları açılır. Bu ilin əvvəlindən Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min əcnəbi gəlib ki, bu da ötənilkiindən xeyli çoxdur. Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə bağlanmış “Çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu”na əsasən yaxın illərdə Azərbaycana bu ölkədən gələcək turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub. Bu sıraya Cənubi Koreya və Hindistanı da əlavə etmək olar. Artıq Hindistanın Mumbay şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

Hər bir halda ərəb turistlərin sayının azalması müəyyən suallar doğurur. Çünki, buna səbəb heç şübhəsiz haradasa buraxılan boşluqlardır. Faktların təhlili göstərir ki, əsasən xidmət haqlarının yüksək olması turistlərin sayını azaldır. Belə ki, qonşu Gürcüstanda qiymətlərin aşağı olması səbəbincə hər il ölkəyə əhalinin sayı qədər əcnəbi gəlir. Bu, çox yüksək göstəricidir. Yaxın bir neçə ildə bu ölkəyə gələnlərin sayında iki dəfə artımın olacağı proqnozlaşdırılır. Yəni, bir yerli vərəndaşa iki əcnəbi turist düşəcək. Bu da milyardlarla dollar gəlir deməkdir. Bəyəm Azərbaycanın turizm potensialı Gürcüstandan azdır? Yox və əksinə olaraq çoxdur. Ancaq qiymət, rahatlıq və dinamiklik baxımdan biz geri qaldığımızdan istənilən nəticəni ala bilmirik. Bu işdə uğur qazanmaq üçün hətta müəyyən sferalarda müvəqqəti inzibati təsirlərdən istifadə etmək də yerinə düşər. Məsələn, müəyyən sferalarda qiymətlərin yuxarı həddinin müəyyənləşdirilməsi bu istiqamətdə rəqabəti gücləndirər və turistlər üçün cəlbedici olar. Bu minvalla iqtisadiyyatımızda turizmin payının artırılması qaçılmaz olar.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz