news Image
2019.07.06
10:00
| A A A
Rus turistlərin cəlbi niyə müşkülə çevrilib?
Natiq Cəfərli: “Rus turistini ölkəmizə cəlb etmək üçün onların istək və arzuları, görmək istədikləri şəraitlə bağlı ciddi araşdırmalar aparmalıyıq”

Tiflislə Moskva arasında yaşanan son ziddiyyətlər fonunda rus turistlərinin Gürcüstana axını demək olar ki, tamamilə dayanıb. Belə ki, Rusiya bu ölkəyə təyyarə uçuşlarını dayandırıb və vətəndaşlarını Gürcüstana getməkdən çəkindirən bəyanatlar verib.

Yaranmış vəziyyətdə Rusiyadan olan turistlərin başqa marşurutları seçmələri gözlənilir. Bu fonda da son zamanlar rus turistlərinin Azərbaycana gətirilməsinin vacibliyi məsələsi barədə fikirlər səslənməyə başlayıb. Ancaq görünən mənzərə odur ki, bu məsələdə Azərbaycanın turist şirkətləri axsamaqda davam edirlər. Səbəb nədir? Niyə bu istiqamətdə həmin şirkətlərin ciddi fəaliyyətləri yoxdur?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Rusiyadan olan turistləri Azərbaycana cəlb etmək üçün ciddi elmi araşdırmalar aparıb prosesi ona uyğun qurmaq lazımdır: “Əslində, turizm sahəsində öncədən aparılan araşdırmaların aparılmasına ehtiyac vardır. Turist profilinin yoxlanılması, hər bir bölgədən gələn turistin istək və arzuları, görmək istədikləri şəraitlə bağlı araşdırmalar aparılmalıdır. Yəni turistləri cəlb etmək üçün onların istəklərinin nəzərə alınması da vacib komponentlərdən biridir. Azərbaycanda isə təəssüf ki, bu istiqamətdə də ciddi problemlər var. Bölgə bölgə turistlərin, turist profilinin öyrənilməsi arxa planda qalıb. Avropadan, Rusiyadan, ərəb ölkələrindən, Çin və Asiyadan gələn turistlər arasında kifayət qədər ciddi fərqliliklər mövcuddur. Hamıya eyni qaydada yanaşmaq, hamısına eyni əyləncə və marşurutları təklif etmək doğru yanaşma deyil. Bu, göründüyü kimi ciddi effekt vermir.

Gürcüstanda 6 il öncə böyük bir araşdırma institutu tərkibində məsələni ciddi şəkildə araşdıraraq rus turistinin nəyi görmək, hansı əyləncələrdən istifadə etmək istədiyini müəyyənləşdirmək üçün ciddi şəkildə hesablamalar aparıldı. Nəticədə həmin istəyə uyğun marşurut və əyləncə yerləri təklif olundu. Belədə gürcülər rus turistinin marağını qarşılamaq üçün hansı istiqamətdə onlara yanaşmalı olduqlarını özləri üçün aydınlaşdırdılar. Azərbaycanda isə belə bir elmi araşdırmanın aparıldığının şahidi olmamışam. Bildiyim qədər bu istiqamətdə işlər aparılmayıb, hansı ki, onun özü də ciddi problemdir. Turizm şirkətləri, nazirlik, bu istiqamt üzrə məşğul olan dövlət və hökumət qurumları birlikdə belə bir araşdırma aparılması və istəklərin qarşılanması üçün ölkədə hansı işlərin görülməsinin vacibliyinin siyahısını tərtib etməlidirlər. Belə olarsa, Rusiyadan gələn turistlərin sayının artımında müəyyən irəliləyişlərə nail olmaq mümkün olar.

Rusiya  böyük potensiala malik bir bazardır. Turist profili olaraq da Rusiyadan gələn turistlər çox sərfəli turistlərdir. Çünki pul xərcləməyi, əylənməyi sevirlər. Belədə onlar təklif edilən əyləncə növləri onları qane etsə, həmin ölkəyə daha tez-tez səfər etmək istəyən turistlərdir.

Türkiyənin son illərki təcrübəsindən də görmək olar ki, ildən-ilə Rusiyadan bura gələn turistlərin sayı artır. Çünki rus turistinin istəyinə cavab verən  proqramlar hazırlayıblar. Azərbaycanda isə belə bir yanaşma yoxdur”.

Burada ikinci səbəb ekspertə görə, Azərbaycanda hələ də turizm obyektlərinin qiymətlərinin baha olması ilə bağlıdır: “Azərbaycanda Gürcüstanda olduğundan yaxşı lüks otellər tikilib. Ancaq müasir turizm profili lüks otellərdən daha çox, iki və üç ulduzlu, səliqəli, təmiz və baha olmayan otellərə daha çox meyl edir. Rusiyadan olan turistlər də əsasən məhz iki və üç ulduzlu otellərə yönəlir. Ona görə, ölkəmizdə də  aşağı ulduzlu otelərin yaradılmasına geniş şərait yaradılmalıdır. Bu kimi addımları atmaqla Azərbaycan Rusiyanın turizm bazarından özünə ciddi pay almağı bacarmalıdır. Bu zaman Moskvanın Tiflislə münasibətlərinin hansı səviyyədə olmasının fərqi yoxdur. Məsələni tək buna uyğun hesablamağın özü doğru yanaşma deyil. Çünki bu müvəqqəti çətinlikdir. Enində-sonunda mütləq anlaşacaqlar. Nəticədə yenidən rus turistinin Gürcüstana üz tutmağa başladığının şahidi olacağıq.

Ona görə bu kimi böhranlardan asılı olmayaraq, daha çox rus turistini cəlb etmək üçün ciddi elmi araşdırmalar aparılmalı, nöqsanların aradan qaldırılması üçün mühüm işlər görülməlidir”.

R. SOLTANOV