news Image
2019.07.15
12:37
| A A A
Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq - RƏSMİ

Şəki Xan Sarayı ərazisində iyulun 14-də baş verən hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 6 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.

Movqe.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin açıqlamasında bildirilir.

Qurumun Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata əsasən, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicəsi davam edən Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağırdır.

Həmin xəstəxanada müalicə alan digər yaralı Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

1 saylı Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur.

Dövlət Turizm Agentliyinin rəhbərliyinin qərarı ilə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq.

Müvafiq araşdırma və bərpa işlərdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək və sarayın ərazisi turistlərin üzünə açıq olacaq.

Saray ərazisində baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Turizm Agentliyi və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.

Xatırladaq ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.

Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlətimizin başçısının xüsusi nəzarətindədir.