Əlaqə Arxiv
news Image
2019.07.23
11:06
| A A A
Çimərlik turizmi yenə də inkişafdan geri qalır
Ekspert: “Xidmətləri yaxşı təşkil etmək lazımdır”

Azərbaycanda çimərlik turizminin inkişafı üçün imkanlar genişdir. Abşeron yarımadasından başlamaqla şimal (Xızı, Siyəzən, Şabran, Xaçmaz rayonları) və cənub zonası (Lənkəran, Astara rayonları) çimərlik turizmi potensialına malikdir.

Turizmin inkişafı ilə bağlı strateji yol xəritəsində çimərlik turizminin inkişafının əhəmiyyəti göstərilməklə bu sahənin inkişafı üçün hədəflər müəyyənləşdirilib.

Burada qeyd edilir ki, çimərlik turizm sektorunun inkişafına nail olmaq üçün gələcəkdə çimərlik ərazilərində xidmət infrastrukturları (su hövzələri, hovuzlar və s.) müvafiq standartlara uyğunlaşdırılmalı və əlavə xidmətlərin təklifi artırılmalıdır (məsələn, əyləncə mərkəzləri, attraksionlar).

Turizm üzrə ekspert Elxan Vəliyevin fikrincə, Azərbaycanda çimərlik turizminin inkişafı üçün Xəzər dənizi mühüm imkana sahibdir. O bildirdi ki, Xəzər sahillərində mövcud olan narın qumsaqlıqlar burada çimərliyin inkişafına əsas yaradır. Onun sözlərinə görə Abşeronda çimərlik mövsümünün qısa olması  çimərlik turizminin inkişafəna çətinlik yaradan yeganə səbəbdir.

Ekspert deyir ki, çimərlik turizminin inkişafı sahildə olan, çimərliyə çıxış imkanı olan turizm çirkətlərinin göstərdiyi xidmətlərdən daha çox asılıdır. O, hesab edir ki, əgər turizm obyeklərinin idarə edənlər xidmətdə keyfiyyət dəyişikliyinə nail ola bilməsələr çimərlik turizmini inkişaf etdirmək çətin olacaq.

“Hər bir xidmət növünün öz dəyəri var. Aşağı xidmətlə yüksək pul tələb etmək olmaz. Bu turistləri itirməklə nəticələnir”, - deyən E.Vəliyev çimərliklərdə xidmətin keyfiyyətinin artırılmasının, sahildə və dənizdə təmizliyin artırılmasının vacib olduğunu qeyd etdi: “Bəzi turimz şirkətləri gözləyir ki, bu işləri dövlət görsün. Çimərlik turizmini inkişaf etdirmək üçün təmizlik ən vacib məsələdir. Təcrübə də göstərir ki, harda xidmətlər yaxşıdır, qiymətlər münasibdir, orada turistlərin sayı çox olur. Əksinə xidmət zəif olan ərazilərdə turist azlığı müşahidə edilir”.

Ekspert bildirdi ki, çimərlik turizminin inkişafı kompleks yanaşma da tələb edir. Xüsusən xarici turistlər üçün sadəcə şəhərdə deyil, dəniz sahilində yaşamaq imkanı yaradılmalıdır. O, bu baxımdan sahillərdə hotellərin tikintisinin önəminə işarə etdi:

“Azərbaycanda çimərlik ərazilərində hotellər tikilməlidir. Bizdə sahillərdə hotellər var, amma azdır. Bu hotellərdə digər obyektlərə nisbətən xidmət imkanları geniş olur. Amma otelləri də kim istədi yox, bu sahədə təcrübəsi olan, xidməti təşkil etməyi bacaran biznesmenlər idarə etməlidir.

Hazırda bir neçə yerdə hotellər tikilərək çimərlik turizminə vəsait qoyulub və çox uğurlu da fəaliyyət var. Hotellərdə hovuzlar, atraksionlar var. Burada insanlara günlərini daha mənalı keçirtmək imkanı yaradılıb”.

Ekspert vurğuladı ki, çimərlik turizmi ilə də bağlı standartlar yaradılır. Onun fikrincə, bu standartların yerinə yetirilməsinə nəzarət lazımdır: “Çimərlik turizmi Azərbaycanda yeni inkişaf etməkdə olan sahədir. Dövlət bu sahədə iş adamlarına geniş imkanlar yaradır. Amma gələcəkdə yəqin ki, bu sahədə standartlara ciddi əməl edilməsi ilə bağlı tədbirlər görüləcək.

Türkiyədə turizm polisi var. Standartlara əməl edilmədikdə polis turizm obyektinin sahibini cəzalandıra bilir. Bizdə də gələcəkdə bu təcrübədən faydalanmaq mümkündür”.

E.Vəliyev onu da bildirdi ki, dövlətin üzərinə düşən əsas iş nəzarətin gücləndirilməsidir: “Kifayət qədər qanun qəbul edilib, standartlar var. Buna əməl edilməsinə nəzarət olmalıdır”.

Qeyd edək ki, ölkəmizdə turizmin inkişafı ilə bağlı strateji yol xəritəsi və “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı” qəbul edilib. Strateji yol xəritəsində bildirilir ki, turistlər üçün cəlbediciliyi artırmaq məqsədilə çimərliklərə beynəlxalq təcrübədə olduğu kimi mavi bayraq nişanının verilməsi üzrə səylər genişləndirilərək, Xəzər dənizinin region daxilində ən çox üstünlük verilən yay turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər görüləcəkdir. Buraya Xəzər dənizinin təmizlənməsi və yaxınlıqdakı obyektlər üçün tənzimlənən tullantı emalı qurğularının yaradılması daxildir. Bundan əlavə, həm də qonşu ölkələrə gedən turistlər üçün müvəqqəti dayanacaq məkanı kimi birgünlük və ya daha uzunmüddətli səfərlərlə Xəzər dənizində kruiz turlarının təşkilində Bakının mühüm rol oynaması qarşıya məqsəd kimi qoyulub.

2020-ci ildən sonra çimərlik turizminin təşviqi üzrə fəaliyyət planının hazırlanması Turizm Şurası tərəfindən Büro və aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrup formalaşdırılacaq. Bakı şəhəri və ətraf ərazilərdə, eləcə də Xəzər dənizi sahili boyu ərazilərdə çimərlik turizminin inkişafı üzrə tədqiqatlar aparılacaq. Ehtiyac yaranarsa, xarici və yerli məsləhətçi şirkətlər də bu işə cəlb olunacaq. Tədqiqatın nəticəsinə müvafiq olaraq, investorların cəlb edilməsi, infrastrukturun formalaşdırılması və digər tədbirlərin həyata keçirilməsi üzrə fəaliyyət planı işlənib hazırlanacaq.

Bunlardan başqa çimərlik turizmi və s. üzrə standartlar, eləcə də turistlərin məlumatlandırılması üçün müxtəlif dillərdə (ingilis, alman, fransız, rus və ərəb dillərində) vahid metodiki vəsait hazırlanacaq.

“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nında isə sahibkarlar tərəfindən idarə olunan çimərliklərdən istifadə imkanlarının artırılması ilə bağlı tədbirlər görülməsi, habelə çimərliklərdən istifadə qaydasının təsdiq edilməsi, çimərliklərin mühafizəsi sahəsində normativ hüquqi aktların tələblərini pozan hüquqi və fiziki şəxslərin inzibati məsuliyyətini müəyyən edən qanun layihəsinin hazırlanması, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində yeni çimərliklər salınması üçün müvafiq sahilboyu ərazilərin aidiyyəti qurumlarla razılaşdırılaraq müəyyən edilməsi, model çimərlik layihələri əsasında çimərliklərin yaradılması ilə bağlı təkliflərin hazırlanması və sahibkarların bu barədə məlumatlandırılmasının təmin edilməsi və s. tədbirlər nəzərdə tutulub.

Vasif CƏFƏROV

 

Sizin Reklam Yeriniz