news Image
2019.10.12
10:30
| A A A
Turizmdə vergi güzəştləri gündəmə gəlir
Müzəffər Ağakərimov: “Xüsusən bəzi yeni turizm sahələrinə marağın artırılması üçün vergi güzəştlərinin olması vacibdir”

Turizm sektoru üzrə fəaliyyət göstərən kiçik və orta sahibkarların vergi güzəştlərindən istifadəsinə yeni imkanlar yaradılacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, turizm sahəsində yeni qanunvericilik aktlarının hazırlanması, yeni təşviq mexanizmlərinin yaradılması prosesində bu sektorda fəaliyyət göstərən kiçik və orta sahibkarlar və onların birlikləri yaxından iştirak etməli, təmsil olunmalıdır. O qeyd edib ki, KOBİA bu prosesə sahibkarları cəlb etməyə hazırdır.

Bu haqda açıqlamanı O.Məmmədov oktyabrın 10-da KOBİA yanında fəaliyyət göstərən İctimai Şuranın turizm biznesindəki mövcud vəziyyət və perspektivlərə həsr olunan forumda çıxışı zamanı verib. KOBİA-nın rəhbəri söyləyib ki, sahibkarlar turizm layihələrin həyata keçirilməsi zamanı investisiya təşviqi mexanizmindən istifadə edərək vergi güzəştləri əldə edə bilərlər. Bu baxımdan o kiçik və orta biznesin nümayəndələrini bu sahədə aktiv investisiya fəaliyyətinə dəvət edib. O.Məmmədov deyib ki, daxili bazar araşdırmaları dəstək mexanizmindən turizm biznesi sektorunda istifadə oluna bilər.

Turizm sektoru üçün vergi güzəştlərinin tətbiqi ilə bağlı dəfərlərlə müxtəlif təkliflər səsləndirilib. Təkliflərin əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə göstərilən turizm xidmətlərin dəyəri daha əlçatan olsun və bu xidmətlərdən daha çox turist istifadə edə bilsin. Azərbaycanda turizm sektoru spesifik xüsusiyyətlərinə görə də seçilir. Ölkəmizdə turizm mövsümi xarakter daşıyır, region otelləri mövsümi fəaliyyət göstərir. Buna görə də verginin mövsümi alınması daha doğru olardı. Eyni zamanda turizm sektoru üzrə dövriyyənin dəqiq uçotunun aparılması da vacibdir ki, sahibkarların dövriyyəsi dəqiq müəyyənləşdirilsin. Dəqiq dövriyyə sahibkarlara hansı güzəştlərin verilməsini aydınlaşdırmağa imkan yaradır.

Buna görə də Vergilər Nazirliyi turizm şirkətləri tərəfindən elektron qaimə-fakturaların təqdim edilməsini zəruri hesab edir. Turizm agentlərinin göstərdikləri xidmətlərin təhvil-qəbul aktları ilə yanaşı, elektron qaimə-faktura ilə həyata keçirilməsinə razılıq verilib. Bu xidmətlərin agent qaydasında həyata keçirilməsini qeyd etmələri  həmin xidmətlərin dəyərinin turizm agentliyinin gəliri hesab edilməməsinə imkan verəcək.

Qeyd edək ki, 2019-cu ildən Vergi Məcəlləsinə edilən dəyişikliklərdən turizm sahəsi üzrə fəaliyyət göstərən biznes qurumları da yararlana bilər. Bu ildən mikro sahibkarlıq subyektlərinə əmlak vergisindən azadolmaların tətbiqinə başlanılıb. Bununla yanaşı, sahibkarlara 75 faiz gəlir vergisi güzəştinin verilməsi, əməkhaqqının 8 min manatadək olan hissəsinin vergiyə 0 dərəcə ilə cəlb edilməsi sahibkarlıq subyektlərinin fəaliyyətinin tənzimlənməsi baxımından atılan mühüm addımlardır. Güzəşt və azadolmaların tətbiqi turizm sektorunun inkişafı baxımından əhəmiyyətlidir.

Onu da bildirək ki, turizmin yeni inkişaf etdiyi ölkələrdə, o cümlədən Mərkəzi və Şərqi Avropa ölkələrində, Gürcüstanda bir sıra vergi güzəştləri var. Məsələn, Rumıniyada əlavə dəyər vergisi (ƏDV) 16 faizdir. Amma turizm şirkətləri bu vergini 50 faiz güzəştlə, yəni 7 faiz ödəyir. Qonşu Gürcüstanda isə turizmlə məşğul olan şirkətlər 15 illik müddətinə ƏDV-dən azad edilib. Azərbaycanda da buna ehtiyac var. Çünki vergi güzəştləri turizm şirkətlərinin xərclərini azaldır və onların inkişafını stimullaşdırır.

Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri İlkin Qarayev son illərdə turizm sahəsi üzrə fəaliyyət göstərən kiçik və orta sahibkarın sayının artdığını, artımın həm Bakıda, həm də regionlarda müşahidə edildiyini söylədi. Onun fikrincə regionlarda kiçik və orta sahibkarların sayının artması, fəaliyyətinin genişlənməsi daha önəmlidir. “Çünki burada iş yerlərinin sayının artırılmasına, əhalinin məşğulluğunun yüksəldilməsinə daha çox ehtiyac var”, - deyən ekspert kiçik və orta sahibklarlar üçün turizmin inkişafda olan yeni sahə olduğunu bildirdi: “Bu sahədə fəaliyyət göstərən sahibkarlara vergi güzəştinin olması, onların biznes sahəsi üzrə biliklərinin artırılması turizm sahəsində kiçik sahibkarlığın inkişafını sürətləndirərdi. Maarifləndirmə aparılarsa kiçik sahibkarların turizm sahəsinə marağını artıracaq. Hazırda turizmdə irəliləyiş var, gələn turislərin sayı artır. Bu sahədə inkişafda davamlılığı təmin etmək məqsədilə kiçik sahibkarların da prosesin aktiv iştirakçısına çevrilməsi vacibdir”.

Azərbaycan Turizm Assosasiyasının müşaviri Müzəffər Ağakərimov hesab edir ki, ölkəmizdə turizmin inkişafı, xüsusən bəzi yeni turizm sahələrinə marağın artırılması üçün vergi güzəştlərinin olması vacibdir. O qeyd etdi ki, ictimai təşkilatlar tərəfindən 

turizm sektoru üzrə vergi güzəştlərinin olmasına dair təklif verilib. Təklif Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə təqdim olunub. Onun sözlərinə əsasən hazırda bu təklifə baxılır və ilkin reaksiya müsbətdir. M.Ağakərimov söylədi ki, vergi güzəştlərinin tətbiq edilməsi əhəmiyyətlidir: “Ölkəmizdə turizm şirkətlərinin yaxşı fəaliyyət göstərməsi üçün vergi güzəştləri lazımdır. Bu güzəştlər həm otel inşaasında, həm də turizm fəaliyyətində olmalıdır. Güzəştlər olarsa Azərbaycanda turizmin inkişafı bir qədər də sürətlənər. Burada bütün sahibkarlara güzəştlər nəzərə tutulur.

Vergi güzəştləri yeni turizm növlərinin inkişafına təkan verəcək. Kənd turizminin inkişafı üçün hökmən vergi güzəşti olmalıdır. Kənddə yaşayanın imkanı yüksək deyil. Kənddə yaşayan istəyir ki, evini təmir etdirib kirayə versin. Bu adamlardan vergi alınması həmin insanlarda kənd turizmi xidmətinə marağı azaldacaq. Bundan başqa kəndlərdə infrastrukturun yaradılması, yolların çəkilməsi lazımdır. Bunlar xərcdir”.

 

Vasif CƏFƏROV