news Image
2020.02.04
17:17
| A A A
Dövlət Turizm Agentliyi qiymətləri süni şəkildə qaldıran hotellərə çağırış etdi

Dövlət Turizm Agentliyi Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsinin qrup oyunları ilə əlaqədar qiymətlərini süni şəkildə qaldıran hotellərə müraciət edib.

Mövqe.az-ın məlumatına görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, ölkəmiz bu il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup oyunları çərçivəsində 3 oyuna, eləcə də 1/4 final oyununa ev sahibliyi edəcək:

"Məlumdur ki, bu cür beynəlxalq tədbirlər turizmin inkişafında mühüm rol oynayaraq Azərbaycanın tanıdılmasına, ölkəmizə xarici turistlərin cəlb edilməsinə mühüm töhfələr verir. İyun və iyul aylarında keçiriləcək bu yarışları izləmək üçün dünyanın müxtəlif ölkələrindən azarkeşlər Azərbaycana üz tutacaq. Məhz həmin günlər Bakı yalnız futbol həvəskarlarının deyil, bütün dünyanın diqqət mərkəzində olacaq. Artıq çoxsaylı azarkeşlər oyunları izləmək üçün uçuş biletləri və qalma yerləri daxil olmaqla Azərbaycana səfərlərini planlaşdırırlar. Paytaxt Bakıda ulduz dərəcəsinə uyğun olaraq müxtəlif büdcəli, həm beynəlxalq, həm də yerli brendlərə məxsus hotellər və digər qalma yerləri kifayət saydadır və yarış ərəfəsində xarici qonaqların rahatlığını təmin etmək qabiliyyətindədir. Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, ötən il Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununda ölkəmizin imicinə xələl gətirmək üçün bəzi xarici media orqanlarında yanlış məlumatlar yayıldı, xarici qonaqlar bilərəkdən əsassız məlumatlarla Azərbaycana səfər etməkdən çəkindirilməyə çalışıldı".

F.Nağıyev qeyd edib ki, bəzi hotel, hostel və digər yerləşmə və qalma yerləri tərəfindən süni qiymət artımı, oyunlardan xeyli əvvəl bron edilmiş yerlərin ləvğ edilərək oyunlar ərəfəsində daha yüksək qiymətlə satışa çıxarılması və bu kimi xoşagəlməz hallar oldu. Bütün bunlar ölkəmiz və insanlarımız haqqında yanlış təsəvvürlər formalaşdıraraq Azərbaycan haqqında mənfi rəylərin yaranmasına səbəb ola, eləcə də turizmin inkişafına mənfi təsir göstərə bilər:

"Bu səbəbdən hotellər, hostellər, yerləşdirmə imkanlarına malik fərdi evlər və yerləşmə vasitələri hesab edilən mehmanxana tipli digər bütün obyektləri turistlərə xidmət göstərərkən bu kimi hallara yol verməməyə çağırır, ölkəmiz haqqında müsbət imicin qorunub saxlanmasına dəvət edirik. Onlar xarici qonaqların Azərbaycandan xoş təəssüratlarla ayrılması, yenidən və dəfələrlə ölkəmizə gəlməsinə nail olmaq üçün turizm ictimaiyyətinin bütün üzvləri vicdanla və məsuliyyətlə çalışmalıdırlar. Bu məsuliyyətli işdə turizm mütəxəssislərimizin peşəkarlığına inanır, vətəndaşlarımızı həmişə olduğu kimi qonaqpərvər və tolerant olmağa çağırırıq".

Qeyd edək ki, ötən il Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununda olduğu kimi bu il də Avropa çempionatının final mərhələsinin qrup oyunlarında ölkəyə gələcək xarici qonaqlar və turistlərin rahatlığı üçün Dövlət Turizm Agentliyi digər aidiyyəti dövlət orqanları ilə birlikdə fəaliyyət göstərəcək.