news Image
2020.02.08
11:15
| A A A
Azərbaycana artan maraq turizm sənayesini genişləndirir
Ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır

Ötən il Azərbaycana 3 milyon nəfərə yaxın turist gəlib. Ölkəmizə maraq göstərən turistlərin sayında da artım müşahidə olunur. Turizm potensialının tam realizə edilməsi məqsədilə həyata keçirilən tədbirlər öz nəticəsini verir. Azərbaycana maraq göstərən turistlərin sayı ildən-ilə artır. Bu prosesdə müsbət meyillərdən biri regionlarda turizmin inkişafıdır. Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün lazımi şəraitlər yaradıldıqca, turizm sənayesinin potensialı da özünü göstərir. Cəmiyyətimizdə təhlükəsizlik, sabitlik davam etdikcə,  müasir infrastruktur formalaşdıqca bu sahənin inkişaf sürəti də artır. Beynəlxalq aeroportlar, müasir yollar, beynəlxalq dəmir yolları, rahat otellər, təbiətin yaşıl qoynuna səyahətlər, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm əcnəbilərin Azərbaycana səfərlərini stimullaşdırır. Lakin bu sahədə potensial o qədər genişdir ki, hələ nə qədər görüləcək işlər var. Bu il də bu sahənin inlkişafı istiqamətində ciddi tədbirlər baş tutacaq. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə aprel ayında ilk dəfə keçiriləcək turizm tədbirinə Yaxın Şərq və Avropa ölkələri, Rusiya, Qazaxıstan, Ukrayna, Hindistan, Pakistan, Yaponiya və Koreya kimi ölkələr daxil olmaqla dünyanın 50 ölkəsindən 1000-dən çox iştirakçının qatılacağı gözlənilir. Bakı Konqres Mərkəzində keçiriləcək tədbir ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma rolunu oynayacaq. Tədbirin təşkilində məqsəd turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici turizm şirkətləri arasında tərəfdaşlıq münasibətlərinin və əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaratmaq, qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir. Tədbirdə B2B (Biznesdən biznesə) görüşlər və seminarlar keçiriləcək, şirkətlərə öz xidmətlərinin təqdimatını keçirmək üçün imkan yaradılacaq.

Bu günlərdə isə Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri Hindistanın Mumbay şəhərində keçirilən "OTM Mumbai 2020" sərgisində iştirak edib. Sərgi çərçivəsində yerli və beynəlxalq turizm şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib, əməkdaşlıq imkanları qiymətləndirilib, həmçinin Azərbaycanın təklif etdiyi müxtəlif turizm imkanları müzakirə olunub.

ATB-nin baş icraçı direktoru Florian Zenqstşmid qeyd edib ki, Hindistan Azərbaycan üçün böyük potensiallı prioritet bazardır və "OTM Mumbai 2020" sərgisi Azərbaycanın turizm potensialının tanıdılması üçün əlverişli platformalardan biridir: "2020-ci ildə korporativ, toy və digər turizm növləri üzrə daha çox səyahətçinin cəlb edilməsini, həmçinin haykinq və ornitoloji turizm kimi yeni turizm məhsullarının təklif olunmasını planlaşdırırıq. Asanlaşdırılmış viza proseduru, iki ölkə arasında mədəni və tarixi əlaqələri nəzərə alaraq 2020-ci ildə daha çox hindistanlı turisti qarşılamaq niyyətindəyik".

"OTM Mumbai" hər il keçirilən B2B formatlı turizm ticarət sərgisidir və turizm sənayesinin dünya üzrə aparıcı nümayəndələrini bir yerə toplayır. 2019-cu ildə sərgidə 55 ölkədən mindən çox turizm şirkəti təmsil olunub və 15 mindən artıq ziyarətçi sərgiyə qatılıb. Məlumat üçün qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 65 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 66,8% artım deməkdir.

Bu tədbirlərin keçirilməsi və xarici sərgilərdə iştirak ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması ilə bağlı zəruriyyətdən doğur. Çünki, turistlərin sayının artması ölkədəki mehmanxanalar şəbəkəsinin genişlənməsi vacibdir. Bu sıraya səfərdaşları da əlavə etsək, onda yataq yerlərinin sayı ilə ümumi ölkəyə gələnlərin sayı arasında mütənasibliyin yaranması çox vacibdir. Hazırda Azərbaycanda 596 mehmanxana müəssisəsi qeydiyyatdan keçib. Mehmanxanalarda eyni vaxtda 46,7 min nəfərin yerləşə biləcəyi 22,2 min nömrə var. Bakının mehmanxana nömrələrinin xüsusi çəkisi ölkənin mehmanxanalarının nömrə fondunun 46%-dən çoxunu təşkil edir.

Bu il Azərbaycanda, daha doğrusu, paytaxtımızda böyük idman bayramları keçiriləcək. Azərbaycan futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup oyunları çərçivəsində 3 oyuna, eləcə də 1/4 final oyununa ev sahibliyi edəcək. Məlumdur ki, bu cür beynəlxalq tədbirlər turizmin inkişafında mühüm rol oynayaraq Azərbaycanın tanıdılmasına, ölkəmizə xarici turistlərin cəlb edilməsinə mühüm töhfələr verir. İyun və iyul aylarında keçiriləcək bu yarışları izləmək üçün dünyanın müxtəlif ölkələrindən azarkeşlər Azərbaycana üz tutacaq. Məhz həmin günlər Bakı yalnız futbol həvəskarlarının deyil, bütün dünyanın diqqət mərkəzində olacaq.

Bu aydındır. Ancaq məsələ burasındadır ki, turizm sənayesində çalışanlar qazanc yollarına elmi yox, fürsətçilik mövqeyindən yanaşırlar. Məsələn, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkənin turizm ictimaiyyətinə müraciətində təəssüf hissi ilə qeyd edir ki, ötən il Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununda ölkəmizin imicinə xələl gətirmək üçün bəzi xarici media orqanlarında yanlış məlumatlar yayıldı. Belə məlumatların yayılmasında yerli otellərin sahiblərinin tamahkarlığı ucbatından bəzi hotel, hostel və digər yerləşmə və qalma yerlərində süni qiymət artımının, oyunlardan xeyli əvvəl bron edilmiş yerlərin ləvğ edilərək oyunlar ərəfəsində daha yüksək qiymətlə satışa çıxarılmasının baş verməsi az rol oynamadı.

Güman edirik ki, müvafiq təşkilatlar bu istiqamətdə maarifşilik işinin və biznes qaydalarının təbliği üçün ciddi iş aparacaq və turizm sənayesində mədəni və savadlı davranış qaydalarının formalaşmasını gücləndirəcəklər.

N.NOVRUZ