news Image
2020.03.13
08:39
| A A A
Daxili turizmdə böyük canlanma
Müzəffər Ağakərimov: “Yaranmış vəziyyətdə xaricə turist səfərlərini təxirə salmalı olan bir sıra vətəndaşlarımız sözsüz ki, daxili turizmə meyl edəcək” Rəşad Həsənov: “Daxili turizmin canlanması daha çox bundan sonrakı dövrdə virusun əhatə dairəsi və yayılma sürətindən asılı olacaq”

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.  Bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus Cenevrədə keçirdiyi brifinqdə məlumat verib. 

"Yaxın günlər və həftələr ərzində yoluxma hallarının, ölümlərin, infeksiyanın yayılacağı ölkələrin artacağını gözləyirik. Bu baxımdan COVİD-19-un pandemiya olaraq dəyərləndirilə biləcəyi qənaətinə gəldik", deyə o vurğulayıb. 

Qeyd edək ki, pandemiya yolxucu xəstəliyin ölkənin bütün ərazisində, qonşu ölkələrdə, hətta dünyanın əksər dövlətlərində kütləvi şəkildə yayılmağa gətirib çıxaran ifrat güclü epidemiyadır. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Virus əsasən də Çin, İran, İtaliya və Cənubi Koreyada özünü daha kəskin göstərir. Aydın məsələdir ki, xəstəliyin pandemiya xarakteri alması fonunda insanların xaricə səfərləri də istər-istəməz azalır. Belə ki, insanlar bu fonda xaricə turist səfərlərinə çıxmaqdansa, evdə qalmağa və ən yaxşı halda elə ölkə daxilində turist səfərlərinə çıxmağa üstünlük verir. Aydın məsələdir ki, infeksiyanın kəskin xarakter alması Azərbaycandan xaricə gedən turistlərin sayının azalmasına da təsir edəcək.  Bu fonda ölkəmizdən xaricə gedən turistlərin sayının azalacağını gözləmək olarmı? Belə vəziyyət daxili turizmin canlanmasına nə vəd edir?

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, virusun pandemiya xarakteri alması fonunda sözsüz, xaricə turst səfərləri azalacaq. Bu isə öz növbəsində həmsöhbətimizə görə, xaricə səyahətləri dayandırmalı olanların diqqəti daxili turizmə yönəltmələrilə nəticələnə bilər. Ancaq ekspertə görə, bunun üçün əhali turizm onyektlərində sanitar-gigiyena məsələlərinə ciddi diqqət yetirməlidirlər: “Sözsüz ki, koronavirusun pandemiya səviyyəsinə çatması fonunda ölkəmizdən xarici dövlətlərə turizm axınında azalmalar baş verəcək. Yaranmış çətin durumda bu belə də olmalısdır.

Ümumiyyətlə, insanlar ilk növbədə öz sağlamlıqlarına üstünlük verməlidir.  Sağlamlıq insan həyatında ən mühüm yeri tutur.  Ona görə də belə vəziyyətdə insanlarımızın xaricə turist səfərlərinə getməsi məsləhət deyil. Bu dövrdə adamlar yaxşı olar ki, şəxsi gigiyena, təmizlik işlərilə məşğul olsunlar.

Yaranmış vəziyyətdə xaricə turist səfərlərini təxirə salmalı olan bir sıra vətəndaşlarımız sözsüz ki, daxili turizmə meyl edəcək. Bu da istər-istəməz daxili turizmin bir qədər canlanması ilə nəticələnəcək. Ancaq bu zaman da əhali mütləq şəkildə gigiyena-təmizlik işlərinə ciddi diqqət yetirməli, bunlara əməl etməlidir. Turizm obyektlərində sanitar-gigiyenik vəziyyəti yoxlamaq üçün monitorinqlər keçirilməlidir. Yəni proses başlı-başına buraxılmamalıdır.  Əhali hər bir regionda sanitar-epidemoloji vəziyyətin necə olduğu, dezinfeksiya işlərinin necə getdiyi, turistlərə qulluğun necə olduğu, qidalarla bağlı geniş şəkildə məlumatlandırılmalıdır.  Ümumiyyətlə, insanların çox toplaşdığı yerlərdə mütləq şəkildə sanitar vəziyyət yoxlanılmalıdır. Daxili turust obyektləri də bura daxildir. Yəni məsələyə ciddi yanaşmaq lazımdır və yalnız bundan sonra xaricə səfərləri dayandırmalı olan əhalinin daxili turizmə meyl etməsini stimulalşdırmaq olar”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, virusun əhatə və yayılma təhlükəsi zəif olarsa, xaricə səyahətləri təxirə salan soydaşlarımızın bir hissəsi daxili turizmə meyl edəcək: “Azərbaycan əhalisinin koronavirusun pandemiya səviyyəsinə çatması fonunda xarici turist səfərlərinə getməsi sözsüz ki, azalacaq. Mövcud şəraitdə bu birmənalıdır. Ancaq bu fonda yerli əhalinin daxili turizmə üstünlük verməsi bundan sonrakı dövrdə virusla bağlı daxili vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq.

Ölkədə koronavirusun yayılma səviyyəsi nisbətən zəif olarsa, bu halda mümkündür ki, xarici ölkələrə turist səfərlərini təxirə salan vətəndaşlarımızın müəyyən qismi ölkədaxili turzmin xidmətlərindən yararlanmağa üstünlük versin. Amma bunu əvvəlcədən proqnozlaşdırmaq o qədər də asan deyil.

Düşünürəm ki, bu daha çox bundan sonrakı dövrdə virusun əhatə dairəsi və yayılma sürətindən asılı olacaq. Çünki risqlər olduğu təqdirdə insanlar səyahətlə bağlı fikrilərində müəyyən korrektlər edir, müəyyən qədər çalışırlar ki, öz sağlamlıqlarını təhlükə altına atmasınlar. Ona görə də indiki şəraitdə qənaətimcə, xarici səyahətləri təxirə salmalı olan turistlərimizin daxili turizmə diqqəti artıracaqları o qədər də real deyil”.

Rüfət NADİROĞLU