news Image
2020.03.17
09:30
| A A A
Rusiyadan Azərbaycana gələnlərin sayı artacaq
Vüqar Bayramov: “Azərbaycanda turizmin inkişafı yolunda görülən işlər bir sıra digər ölkələr kimi, Rusiyadan olan turistlərin də ölkəmizə olan marağının artmasına səbəb olub”

Azərbaycan rusiyalı turistlərin 2020-ci ilin yayı üçün ən populyar turistik istiqamətləri üzrə “top-10”a daxil olub. Bunu “Tutu.ru” səyahət xidməti mütəxəssislərinin 2020-ci ilin yayına satılmış bütün aviabiletlər üzrə apardığı təhlil göstərir. Belə ki, xidmətin tərtib etdiyi reytinqə əsasən, Azərbaycan ötən illə müqayisədə 4 pillə irəliləyərək 10-cu yerə yüksəlib.

Qeyd edək ki, son illər Azərbaycanda turizmin inkişafı istiqamətində mühüm addımlar atılıb. Məhz görülən işlərin nəticəsidr ki, ildən-ilə   ölkəmizə səyahət etmək istəyənlərin sayı artır. Bu müstəvidə xüsusən də rusiyalı turistlər seçilir. Keçən il Azərbaycana rekord sayda, 3, 1 milyon turist gəlmişdi. 

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, Azərbaycanda turizmin inkişafı yolunda görülən işlər bir sıra digər ölkələr kimi, Rusiyadan olan turistlərin də ölkəmizə olan marağının artmasına səbəb olub: “Nəzərə alaq ki, turistlər hər zaman fərqli məkanlara getməkdə maraqlıdırlar. Bu mənada Rusiyada yaşayan turistlər digər yerlər kimi, həm də Azərbaycana turistik səfərlər etməyə meyl edirlər.

Aparılan monitorinqlər göstərir ki, rusiyalı turistlər yenə də əsasən Türkiyə, Monteneqro və digər ənənəvi üz tutduqlaqrı məkanlara üstünlük verirlər. Amma Azərbaycana Rusiyadan gələn turistlərin sayında artımların müşahidə edilməsi onu göstərir ki, şimal ölkəsinin əhalisi arasında ölkəmizə maraq da artır. Ümumiyyətlə, keçən il Azərbaycana rekord səviyyədə dünyanın müxtəlif ölkələrindən turistlər gəlib, onların sayı 3,1 milyon keçib. Azərbaycan rusiyalı turistlər üçün ona görə cəlbedicidir ki, bu şimal ölkəsinin əhalisi dəniz və təbiətlə  təmasda olmağa, təbiəti görməyə daha çox maraq göstərir. Xəzər dənizinin bu mənada geniş çimərlik imkanlarının olması ölkəmizi Rusiyadan olan turistlər üçün cəlbedici edir. Digər tərəfdən, rusiyalı turistlərin bir qismi Azərbaycana səhiyyə zidməti almaq üçün gəlir. Ona görə də Naftalana gələn rus turistlərinin sayında da müəyyən artımlar müşahidə edilir.

Eyni zamanda, qış mövsümündə də ölkəmizə Rusiyadan gələn turistlərin sayında artımlar var. Onlar xüsusən də Şahdağa daha çox meyl edirlər.  Sözsüz ki, hər bir ölkədən, o cümlədən Rusiyadan gələn turistlərin sayının artması Azərbaycan üçün vacibdir. Hər halda 2020-ci ilin yayında Azərbaycana Rusiyadan çoxsaylı turistin gəlməsi birbaşa olaraq koronavirus təhlükəsinin nə dərəcədə minimuma endirilməsindən asılı olacaq. Koronavirus təhlükəsi minimuma enərsə və ölkələr arasındakı nəqliyyat əlaqələri, o cümlədən hava nəqliyyatının yenidən bərpası ilə yaranmış vəziyyət Azərbaycana Rusiyadan gələn turistlərin sayının artımına müsbət təsir göstərə bilər.

Turizm ölkə üçün valyuta deməkdir, onuninkişafı ölkəyə daha çox valyuta axını anlamına gəlir. Keçən il Azərbaycana 3,1 milyon turist gəlib ki, bu da bütövlükdə ölkəyə 3 milyard dollara yaxın gəlirin daxil olması deməkdir. O baxımdan Azərbaycana rusiyalı turistlərin daha çox gəlməsi həm də valyuta gəlməsi baxımından vacibdir. Daha çox Rusiya əhalisinin Azərbaycana turist səfərlərində maraqlı olmasında sözsüz ki, ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlərin də mühüm rolu olub. Turizm inkişaf etdikcə, istər-istəməz ölkəyə gələn turistlərin sayında da artımlar müşahidə olunur.  Məqsəd də odur ki, Azərbayan turistlər üçün daha əlçatan, daha cəlbedici olsun.  Rusiyalı turistlərin bu müstəvidə ölkəmizə marağı artıbsa, bunun özü  elə Azərbaycanın xarici turistlər üçün daha əlçatan və cəlbedici olması anlamına gəlir. Məhz turizm sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər ölkəmizə keçən il rekord sayda turistin gəlməsinə rəvac verdi”.

Rüfət NADİROĞLU