Əlaqə Arxiv
news Image
2020.04.29
16:24
| A A A
Turizm probleminin həll yolları bəlli oldu
Müzəffər Ağakərimov: “Prosesdə yeni standartların hazırlanmasına da ehtiyac var”

Bir sıra ölkələr postpandemiya dövründə turistləri qəbul etmək üçün müxtəlif planlar hazırlayır.  Qeyd edək ki, koronavirus bütün digər sahələr kimi, turizm sektoruna da ciddi ziyan vurub.  İlkin hesablamalara görə, koronavirusla bağlı olaraq turizm sektoru qlobal səviyyədə 45 milyard dollar itirib.
Demək olar ki, dünya üzrə turizm dayanıb.  Pandemiya davam edərsə, ilin sonunadək dünya turizminə 1 trilyon dollaradək zərər dəyə bilər. Hazırda pandemiyadan daha çox əziyyət çəkən İspaniya, İtaliya, Fransa kimi ölkələrin ümumi daxili məhsulunda (ÜDM), büdcəsinin formalaşmasında məhz turizm sektoru mühüm rol oynayır.  Buna görədir ki, bəzi ölkələr iqtisadiyyatın postpandemiya dövründə bərpası istiqamətində əsas diqqəti məhz turizm sektorunun bərpasına yönəltmək qərarına gəliblər.  Azərbaycana gəldikdə, keçən il ölkəmiz rekord sayda, 3 milyondon çox turisti qəbul edib. Bu inkişaf isə ölkəmizdə  2017-ci ildən başlayaraq turizm sahəsində yeni bir mərhələnin başlanması ilə bağlı olub. Ancaq pandemiya bu sahənin də dayanmasına səbəb  olub.  Lakin tədricən də olsa sahənin yenidən canlanmasına nail olmaq gərəkdir.  Azərbaycan bu fonda turistləri qəbul etmək üçün hansı addımlar atmalıdır?
Azərbaycan Turizm Assosiasiyasının nümayəndəsi Müzəffər Ağakərimovun fikrincə, Azərbaycan mövcud vəziyyətdə əsas diqqəti daxili turizmin inkişafına yönəltməlidir: “Turizm sektorunu saxlamaq və gələcək inkişafına nail olmaq üçün ilk növbədə  daxili turizmi inkişaf etdirməliyik.  Aydındır ki, pandemiyadan sonra hələ bir müddət insanlar getmə-gəlmə turizmilə məşğul olmaqdan çəkinəcəklər. Burada psixoloji və digər amillər rol oynayır.  Ancaq mövcud vəziyyətdə daxili turizmi inkişaf etdirmək olar.  Bunun üçün aprelin 24-də Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə bütün turizm assosiasiyaları ilə birlikdə  hamının bir platformadan çıxış edərək daxili turizmi inkişaf etdirmək üçün memorandum imzaladıq. 
Daxili turizmi iki istiqamətdə inkişaf etdirmək olar. Bakı-Abşeron yarımadası və digər istiqamət isə regionlar üzrə.  Regionlar üzrə hələlik 4 istiqamət nəzərdə tutulub, şimal-şərq, şimal-qərb, qərb və cənub regionları. Bunun üçün ilk növbədə monitorinq qrupu yaradılmalıdır.  Həmin qrupa da turizm assosiasiyaları və qruplarından əlavə səhiyyə-epidemologiya qurumlarının nümayəndələri də iştirak etməlidir.  Turistlərə qulluq edən və xidmət göstərən otellər, ictimai iaşə müəssisələri, nəqliyyat, əyləncə mərkəzləri mütləq şəkildə sanitar-gigiyenik normalara cavab verməlidir ki,  insanlar həmin yerlərə istirahət üçün ürəklə getsinlər. Ona görə də ilk növbədə səhiyyə sisteminin nümayəndələrilə birlikdə monitorinqin olması vacibdir. Otellərdə, ictimai iaşə müəssisələrində dezinfeksiya işləri aparılmalı, işçilərə yeni mərhələdə necə qulluq edilməsi barədə treninqlər keçirilməlidir”.
Həmsöhbətimiz düşünür ki, prosesdə yeni standartların hazırlanmasına da ehtiyac var: “İndiki vəziyyətlə əlaqədar olaraq bu yerlərdə qulluğun, otaqların necə olması, avtobuslarda necə xidmət göstərilməsilə bağlı yeni standartlar hazırlanmalıdır.   Bu addımları atmaqla postpandemiya dövründə daxili turizmin inkişafına nail olmaq və gələcəkdə digər turizm növlərinin inkişafına stimul verə bilərik. İndiki halda isə yenə deyirəm ki, problemdən çıxmaq üçün öncə daxili turizmdən başlamalıyıq”.
Digər tərəfdən, həmsöhbətimizə görə turizm sektoruna insanları cəlb etmək üçün münasib qiymətlər olmalıdır: “Münasib qiymətlər insanları yenidən bu sektora cəlb edəcək. Həmçinin xidmət səviyyəsini də qaldırmalıyıq. Monitorinq qrupu treninq məsələsini də həll etməlidir ki, regionlarda əhaliyə yüksək səviyyədə xidmət göstərilsin. Belədə, əvvəllər xaricdə yüksək səviyyədə gördükləri xidməti nəhayət ölkəmizdə də görsünlər.  Əhalinin bütün təbəqələrini cəlb etmək üçün ucuz qiymətli otellər də tikilməlidir. Azərbaycanın tükənməz turizm potensialı var.  Onun hələ çox hissəsindən istifadə etməmişik. İndiki zamanda yenidən turizmin inkişafına təkan verməliyik. Çünki pandemiya elə bir güclü zərbə vurub ki,  dünyada 200 milyondan çox iş yeri itiriləcək. Ona görə də indiki zamanda qüvvələri birləşdirib, məhz aparıcı sahələrdən olan turizm sektorunu böhran vəziyyətindən çıxarıb yenidən ayağa qaldırmalıyıq”.
Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz