Əlaqə Arxiv
news Image
2016.07.09
09:00
| A A A
Türkiyəyə turpaketlərin bahalaşması istirahətini Azərbaycanda keçirənlərin sayını artırır
Müzəffər Ağakərimov: “Türkiyədə istirahət qiyməti artdığından, insanlar daxili turizmə daha çox üstünlük verəcəklər” Elxan Vəliyev: “Turizm məkanları yeni qiymətlərə uyğunlaşamağa çalışırlar”

Tələbat artdı, Türkiyəyə turizm paketləri bahalaşdı. Əvvəllər 300-350 manat arasında 1 həftəlik istirahət etmək olurdusa, indi bu qiymət 450-500 manata qalxıb. Qeyd edək ki, əvvəllər rus turistlərin yoxluğu ucbatından Türkiyədə bir çox otellərdə boşluq müşahidə olunurdu. Bu isə təbii olaraq otelləri endirimlər və müxtəlif kampaniyalar vasitəsilə əlavə turist cəlb etməyə təşviq edirdi. İndi isə Rusiya ilə münasibətlərin düzəlməsi və Rusiyadan təkrar turist axını vəziyyəti dəyişib.

Türkiyə turizm obyektləri tələbatın çoxluğuna görə, qiymətləri artırıblar. Turizmçilər qiymət artımını eyni zamanda erkən rezervasiya müddətinin bitməsi, mövsümün başlaması ilə də əlaqələndirirlər. Bu hal istirahət üçün Azərbaycandan Türikyəyə üz tutanlar tərəfindən heç də xoş qarşılanmır. Mütəxəssislərin sözlərinə görə, bu amil həm də yerli turizm inkişafına dəstək vermiş olacaq. Belə ki, insanlar Türkiyəyə yox, daxildə istirahət etməyə üstünlük verəcəklər.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, bu artım Rusiya ilə Türkiyə münasibətinin normallaşması ilə əlaqədar ola bilər: "Artıq Rusiya Türkiyəyə çarter reyslərinə icazə verir. Lakin Türkiyədə istirahət üçün qiymətlərdə artımın olması azərbaycanlı turistlər üçün qeyri-münasibdir. Ucuz qiymət olsa idi, daha çox turist gedərdi".

Ekspertin sözlərinə görə, bu amil Azərbaycanda daxili turizmin inkişafına müsbət təsir edəcək: "Türkiyədə istirahət qiyməti artdığından insanlar daxili turizmə daha çox üstünlük verəcəklər. Yaxud da digər - ucuz yerlərə səfər edəcəklər. Lakin onu da nəzərə alaq ki, Türkiyədə 1 həftəlik istirahətin 500 manat qiyməti elə də baha sayılmır. Çünki, həmin qiymətin içərisində gediş haqqından tutmuş xidmət haqqına qədərə xərclər yer alır. Yəni, bunları münasibət qiymətlər hesab etmək olar. Avropa ölkələri müqayisədə daha bahadır. Elə Avropa ölkələrinə Şengen vizalarının alınmasında əziyyətlər olur. Lakin Türkiyə ilə viza yoxdur. Bu da turizmin inkişafına müsbət təsir göstərir".

Turizm məsələləri üzrə digər ekspert Elxan Vəliyev bildirdi ki, biletlərin alınması dollar və avro ilə həyata keçirilir: "Bu fonda onu da nəzərə alaq ki, dünyanın əksər ölkələrinin milli valyutalarında devalvasiya baş verib. Ona görə də bunu artım kimi qeydə almaq düzgün olmazdı. Pul nə qədər dəyirini itiribsə, o qədər qiymət artımı kimi nəzərə çarpır. Turizm məkanları yeni qiymətlərə uyğunlaşamağa çalışırlar. Lakin bunu qiymət artımı hesab etmək olmaz. Hətta qiymətlərdə aşağı düşmə var. Sadəcə, devalvasiya olduğuna görə, rəqəmlərdə artım gözə çarpır. Digər tərəfdən nəzərə alaq ki, Türkiyə ilə Rusiya arasında soyuqluq yaransa da, Türkiyə otellərində boş yer yoxdur".

Ekspert əlavə etdi ki, qiymətlərdə belə artımlar daxili turizmin inkişafına dəstək olacaq: "Ümumiyyətlə, son 2-3 ildə daxili turizmdə canlanma baş verib. Hətta ölkəmizdə fəsil fərqi də aradan qalxır. Tərəddüd var idi ki, xaricə gedənlərin sayı artacaq. Lakin elə də artma müşahidə edilmir. Artıq daxildə rəqabətli mühit formalaşıb".

Sizin Reklam Yeriniz