Əlaqə Arxiv
news Image
2016.09.17
09:07
| A A A
Təbiətə düşmən kəsilənlər
Müzəffər Ağakərimov: “Cərimə çox effektiv deyil, nəzarət güclənməlidir” İradə İbrahimova: “Cəza və cərimə ilə bərabər, həm də təbiətə qayğı aşılayan tərbiyəvi tədbirlərin görülməsinə ehtiyac var”

Yay fəsli bitmək üzrədir. Bütövlükdə bu il ölkəmizə gələn turistlərin sayında rekord artım qeydə alındı. Eləcə də cari ilin yay fəslində daxili turizmə üstünlük verənlər sayı ötən illərə nisbətən ən pik həddində olub. Ancaq "azdan az, çoxdan çox gedər" prinsipi yenə də özünü göstərdi.

Turist bolluğu ətraf mühitin daha çox çirklənməsinə yol açıb. Aidiyyatı qurumlarla yanaşı, tur təşkil edən turizm şirkətləri də faktı etiraf edirlər. Yerli sakinlər isə durumdan şikayətçidir. Mütəxəssislərin sözlərinə görə, vəziyyətin bu cür olmasında bütün tərəflərin günahı var. Belə ki, maarifləndirmə, şəxsi mədəniyyət, nəzarət yüksək olmadıqca problem qalmaqda davam edəcək.

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, bunun üçün ilk növbədə turizm şirkətləri "yaddaş kitabça"ları çap etdirməlidirlər: "Hansı ki, onlar da çox ucuz başa gəlir. Səfərə başlamamışdan öncə həmin "yaddaş kitabça"larını turistlərə paylamalıdırlar. Kitabçada da sanitar-gigiyenik normalar, ətraf mühiti korlamamaq haqqında məlumatlar yer almalıdır. Bundan başqa, turistlərlə şifahi şəkildə də maarifləndirici iş aparmaq olar. Həmçinin turizm obyektlərində inzibatçı da qonaqları qəbul edəndə məlumat verməlidir. Hansı ki, bunlar çox sadə işlərdir.

Turistlərin bir qismi bunu bilməyə, bir qismi bilərəkdən edə bilər. Halbuki, onlara ətraf mühitin qorunmasının böyük əhəmiyyət daşıdığı çatdırılsa, ona biganə yanaşmazlar. Hər bir turizm obyekti, turizm şirkəti turistlərlə bu istiqamətdə maarifləndirmə işi aparmalıdırlar. Bütün bunlar öz təsirini göstərəcək. Orta məktəblərdən, hətta bağçadan belə maarifləndirmə işləri aparılmalıdır. Təsirli nümunələr göstərmək lazımdır. Ətraf mühitin çirklənməsinə yaranan xəstəliklər haqqında məlumatlar verilməlidir. Düzdür, ətraf mühitin çirkləndirilməsinə görə cərimələr var. Ancaq görünən odur ki, cərimə çox effektiv deyil. Nəzarət güclənməlidir".

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Mövqe"yə bildirdi ki, ötən həftə təbiətin mühafizəsinə cavabdeh qurum kimi təbiət turizmi, dağ turizmi və dağçılıqla məşğul olan şirkət və qrupları təbiətə kütləvi axın nəticəsində yaranan fəsadlarla bağlı məlumatlandırma və mövcud problemlərin birgə müzakirəsi məqsədi ilə nazirlikdə görüş keçirildi: "30-dək turizm şirkətinin rəhbəri, dağçılıq klublarının təmsilçiləri, fərdi təbiət həvəskarları, həmçinin Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinın nümayəndələrinin dəvət olunmuşdu. Cəza və cərimə ilə bərabər, həm də təbiətə qayğı aşılayan tərbiyəvi tədbirlərin görülməsinə ehtiyac var.

Görməli təbiət ərazilərinə, meşələrə, dağlara kortəbii və pərakəndə şəkildə çoxsaylı iştirakçılarla edilən turlar nəticəsində təbiət ərazilərinin həddən aşırı istismarı müşahidə edilir, o cümlədən meşə və dağların müxtəlif tullantılarla çirkləndirilməsi baş verir. Bu cür hallara qarşı ETSN tərəfindən inzibati qaydada mütəmadi tədbirlər görülsə də, konstruktiv ruhda əməkdaşlıq etmək və təbiətə ziyan gətirməyən fəaliyyəti qurmaq üçün yollar tapılmalıdır. Təbiətin öz tutumu var və həddən artıq kütləvilik olanda, təbiət onun öhdəsindən gələ bilmir, özünü bərpa edə bilmir. Toplantının yekunu olaraq ekologiya nazirinin sədrliyi ilə Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, turizm şirkətlərinin, dağçılıq təşkilatlarının, ictimai qurumların nümayəndələrinin iştirakı ilə Ekoloji Turizm Şurası yaradıldı. Ekoloji Turizm Şurasının yaradılması fikri iştirakçılar tərəfindən dəstəklənib".

Sonda onu da qeyd edək ki, İnzibatı Xətalar Məcəlləsində meşə ərazilərinin çirkləndirilməsində görə, fiziki şəxslər üçün 500-700, hüquqi şəxslər üçün 1500-2000, vəzifəli şəxslər üçün isə 3000-7000 manat cərimə nəzərdə tutulub.

Sizin Reklam Yeriniz