Əlaqə Arxiv
news Image
2016.10.06
08:00
| A A A
Azərbaycana gələn ərəb sərmayəsi və turistləri çoxalacaq
Vüqar Bayramov: “Vizasız rejim turizm, sahibkarlıq və digər sektorlarda yeni bir mərhələnin başlanmasına təkan verəcək” Natiq Cəfərli: “Bu addım ölkəmizə əlavə valyutanın daxil olmasına rəvac verər”

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinəhər iki ölkənin vətəndaşları üçün qarşılıqlı vizasız rejim tətbiq etməyi təklif edir. Bunu Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.

Səfirin sözlərinə görə, hazırda diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizasız rejim mövcuddur, 2015-ci ildən isə BƏƏ vətəndaşları sadələşdirilmiş viza sisteminin əsasında Azərbaycana gəlirlər: "İndi Azərbaycan tərəfi həm Azərbaycan, həm də BƏƏ vətəndaşları üçün vizasız rejim tətbiq olunmasını təklif edir. BƏƏ hökuməti artıq ilkin razılıq verib və hazırda məsələyə baxılır".

Vizasiz rejim iki ölkə arasında münasibətlərə, xüsusən iqtisadi əlaqələr və turist səfərlərinə nə vəd edir? Birləşmiş Ərəb Əmirliklərindən bu fonda Azərbaycana daha çox turist axınını gözləmək olarmı?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, BƏƏ-lə vizasız rejimin tətbiqi iki ölkə arasında bütün sahələr, o cümlədən turizm sektoru üzrə əlaqələrin daha da genişlənməsinə gətirib çıxaracaq: "Birləşmiş Ərəb Əmirliyi hazırda ərəb dünyasının iqtisadi baxımdan inkişaf etmiş ölkələrindən biridir. Nəzərə alaq ki, bu ölkənin sahibkarları həm də potensial investorlardır, vətəndaşları da potensial turistlərdir, eyni zamanda kifayət qədər çox vəsait xərcləyirlər.

Ərəb və ümumiyyətlə, müsəlman dünyasında bu gün müşahidə edilən problemlər, terrorhadisələri Azərbaycana marağın artmasına gətirib çıxarıb. Çünki Azərbaycan müsəlman ölkələri arasında ən stabil dövlətlərdən biridir. Hansı ki, stabilliyin olması digərləri kimi ərəb turistləri, eləcə də investorlar üçün çox vacibdir. Digər tərəfdən, Azərbaycan tarixi, coğrafi və təbiəti baxımından cəlbedici ölkələr sırasında yer alır. Eyni zamanda dini baxımından yaxınlıq da ərəb turist və investorlarının Azərbaycana gəlməsinə zəmin yaradır. Bu mənada Azərbaycanla BƏƏ arasında vizasız rejimin tətbiq edilməsi məqsədəuyğun və vacib bir məqamdır.

Nəzərə alaq ki, bu ilin əvvəlindən etibarən bir sıra ərəb ölkələri vətəndaşlarına hava limanında vizanın alınması hüququ verilib. Ərəb ölkələri vətəndaşları hava limanında viza almaq imkanına malikdirlər. Vizasız rejim də turizm, həm də investisiyanın dəstəklənməsi və mübadiləsi baxımından olduqca vacibdir. Bu da birmənalı şəkildə imkan verəcək ki, BƏƏ-dən Azərbaycana daha çox turist cəlb etmək mümkün olsun. Eyni zamanda həmin ölkədən daha çox investisiya Azərbaycana axsın. Bilirsiniz ki, indiki postneft dövründə Azərbaycan üçün prioritetlərdın biri də xarici investisiyanın cəlb edilməsidir. Çünki bu gün ərəb sahibkarları regiona əsas investorlardan biri kimi çıxış edirlər. O baxımdan vizasız rejim yalnız iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması, iqtisadi əlaqələrin yaxşılaşdırılaraq genişləndirilməsi baxımından deyil, o cümlədən turizm, sahibkarlıq və digər sektorlarda da yeni bir mərhələnin başlanmasına təkan verəcək. Belədə Azərbaycan dövləti BƏƏ-lə vizasız rejimdən hərtərəfli faydalanmaq imkanı qazanacaq".

Digər iqtisadçı-ekspert Natiq Cəfərli də vurğuladı ki, BƏƏ-lə vizasız rejimin tətbiqi Azərbaycana daha çox valyuta axını baxımından olduqca vacibdir: "Vizasız rejimin tətbiq edilməsinə keçid əslində, doğru yanaşmadır. Nəinki ərəb körfəzi ölkələri, digər bölgələrdəki dövlətlərə münasibətdə də Azərbaycan tədricən vizasız rejiminə keçməlidir. Ölkədə turizmi inkişaf etdiririksə, onun qarşısında dayanan əsas səd olan viza və sənədləşmə məsələsini də sadələşdirməliyik. Çünki çox zaman turistlər vizanın tətbiq edildiyi ölkələrə sənədləşmə baxımından vaxt itkisinə yol verməmək üçün getməkdə maraqlı olmurlar. Ümid edirəm ki, BƏƏ ilə bağlı bu addım yaxın zamanlarda atılacaq. Onun atılması təbii ki, BƏƏ-dən ölkəmizə gələn turistlərin sayına ciddi şəkildə pozitiv təsir göstərəcək. Körfəz ölkələrindən gələn turistlərin özəlliyi həm də ondan ibarətdir ki, onlar daha çox vəsait xərcləməyə meylli turist kateqoriyasına aiddirlər. Bu da Azərbaycanın indiki durumunda çox pozitiv məsələ olar və ölkəmizə əlavə valyutanın daxil olmasına rəvac verər. Amma tək bir ölkə ilə deyil, onlarla ölkə ilə vizasız rejimin tətbiq edilməsi istiqamətində danışıqlar getməlidir. Turizm sahəsində regionda Azərbaycanın əsas rəqibi Gürcüstandır. Gürcüstan isə bu günə qədər artıq 108 ölkə ilə vizaları tamamilə ləğv edib. Yəni bu qədər ölkə vətəndaşı heç bir viza almadan Gürcüstana rahat şəkildə daxil ola bilər. Bunun nəticəsində Gürcüstan turizm sahəsində ölkəmizə nisbətən müəyyən üstünlüklərə malik olub. Ona görə Azərbaycan da çalışmalıdır ki, maksimal dərəcədə çox ölkədən turistlərin gəlməsi və investisiya axınının asanlaşdırılması baxımından viza rejimini aradan qaldırsın. BƏƏ-lə bağlanması gözlənilən həmin addım ilkdir. Bundan sonra ümid edirəm ki, digər dövlətlərlə də ona bənzər anlaşmalar həyata keçiriləcək".

Sizin Reklam Yeriniz