Əlaqə Arxiv
news Image
2017.01.11
07:00
| A A A
Azərbaycan dünya turizminin əsas istiqamətləri sırasındadır
İldırım Musayev: “Bu cür məlumatlar turistlərin axınına təsir edə bilər” Müzəffər Ağakərimov: “Turist nə qədər çox gələrsə, ölkəmiz bir o qədər tanınar”

Dünyaca məşhur “The Sunday Times”  portalının 2017-ci ildə turistlər üçün təklif etdiyi ölkələr sırasında Azərbaycan və Bakı haqqında ətraflı məlumat yerləşdirilib. Məlumatda Azərbaycan 2017-ci il üçün turizm marşrutları siyahısına daxil edilib. 

Xəbərdə bildirilir ki, Asiya və Avropa qovşağında yerləşən Azərbaycan Qərb və Şərq mədəniyyətlərini yaşadan bir ölkədir. Məlumatda ölkənin dekabr ayında Asiya üzrə ən çox ziyarət edilən istiqamətlər sırasında olduğu qeyd olunur: “Azərbaycanın populyarlığının artması turistlərin buradakı otellər, restoranlar və görməli yerlər haqqında müsbət rəyləri ilə müəyyən olunur. Turistlər arasında getdikcə bu ölkəyə maraq artır”. Yazıda, həmçinin İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Azərbaycan mətbəxi haqqında məlumat verilir. Eyni zamanda Bakıının müasir memarlıq nümunələri ilə də zəngin olduğu vurğulanır, Heydər Əliyev Mərkəzi və Flame Towers barədə ətraflı bəhs edilir, Naftalan neftinin müalicəvi əhəmiyyətindən danışılır. Mütəxəssislərin fikrincə, bütün bunlar cari il ərzində ölkəmizə gələn turist sayının artmasına səbəb olacaq. Ancaq bununla yanaşı, xidmət səviyyəsinə diqqət yetirilməlidir. 
“İctimai iaşə sahəsində maarifləndirmə” İctimai Birliyinin idarə heyətinin sədri, turizm üzrə mütəxəssis İldırım Musayev bildirdi ki, bu cür məlumatlar turistlərin axınına təsir edə bilər: “Lakin xidmətə və keyfiyyətə nəzarət olmalıdır ki, bu cür məlumatlar əsasında turist axını artsın. Yəni, əvvəlcə turizm inkişaf etdirilməlidir. Turizmin tərəqqisinə təkan verən amillərdən birinicisi mehmanxana təsərrüfatı və digər turizm müəssisələrinin inkişafıdır. 
Turizmin inkişafına təkan verən amillərdən ikincisi nəqliyyatdır. Turizmdə hava, dəmiryolu, dəniz nəqliyyatı, avtobus sərnişindaşımaları və avtomobillərin icarəsi olmaqla 5 nəqliyyat növündən istifadə edilir. Azərbaycanda kruiz nəqliyyatını yaratmaq olar. Bakı-Astarxan-Qazaxıstan-Türkmənistan istiqamətlərində kruiz  nəqliyyatı yaratmaq mümkündür. Yaxud da Bakının özündə kruiz  yaratmaq olar. Bundan başqa, avtomobillərin icarəsi yox səviyyəsindədir. Üçüncü amil infrastruktur və kommunal xətləridir. Ancaq bu məsələdə tam istənilən səviyyədə olmasa da, inkişaf var. Digər amil isə tur agentlərinin zəif işləməsidir. Nəzərə alaq ki, Azərbaycanda 300-dən çox tur agentliyi fəaliyyət göstərir. Onların da hamısı son zamanlara qədər bilet satışı ilə məşğul olurdu. Xaricdən turist cəlbi, daxilə gələn turistlərin logistikası ilə məşğul olanı yox idi. Turizmin inkişafına təkan verən digər bir amil kadrların hazırlanmasıdır. Turizm obyektləri tikilsə də, peşəkar kadrların hazırlanması prosesi zəif gedir”. 
Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, ölkəmizdə keçirilən regional və beynəlxalq tədbirlər Azərbaycanı bütün dünyada tanıtdırıb: “2017-ci ildə də ölkəmizdə “Formula-1”, İslam Həmrəylik Oyunları kimi bir sıra idman tədbirləri keçiriləcək. Eyni zamanda tanınmış jurnalda ölkəmiz haqqında məlumatın yer alması Azərbaycana gələn turistlərin sayının daha da artmasına köməklik etmiş olacaq. 
Gəlmə turizmi həm turizmin, həm də iqtisadiyyatın aparıcı sektorudur. Turist nə qədər çox gələrsə, ölkəmiz bir o qədər tanınar. Nəzərə alaq ki, bu gün həm infrastruktur yaxşılaşdırılır, turizm üzrə yol xəritəsi və turizm haqqında qanun hazırlanır. Bütün bunlar Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınmasına köməklik etmiş olacaq. Yeni turizm növlərinin inkişfına kömək edəcək”.
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz