Əlaqə Arxiv
news Image
2017.04.26
09:00
| A A A
Sağlamlıq turizm obyektlərinə turist axını gözlənilir
Eldar Aslanov: «Sağlamlıq turizminin inkişafına, təbliğinə ona görə üstünlük verilir ki, turizmin bu seqmentinin mövsümdən asılılığı yoxdur» Nahid Bağırov: «Turistlərin yerləşdiyi otellərdə həmin şəfaverici sağlamlıq turizm obyektlərinin geniş reklamı aparılmalıdır» Vüqar Şixəmmədov: «Bu gün xaricdən gələn turistlərin hansı sağlamlıq turizm məkanlarına maraq göstərdiyini təxmin etmək mümkündür»

Azərbaycan əsrarəngiz təbiəti, tarixi abidələri ilə yanaşı, təbii şəfa ocaqları ilə də böyük turizm potensialına malikdir. Hələ sovetlər dövründə Kəlbəcərin İstisu sanotoriyası, Naftalanın müalicəvi nefti öz şöhrəti ilə dünyaya səs salmışdı. 

Artıq bir neçə idir ki, ölkəmizdə müalicəvi sanatoriyaların bərpası istiqamətində xeyli iş görülüb. Həmin məkanlarda yüksək səviyyəli otellər, mehmanxalar inşa olunub. Azərbaycanın təbii şəfa ocaqlarının mütləq əksəriyyəti demək olar ki, yenidən çoxlu sayda qonaq qarşılamağa hazır vəziyyətdədir. Gələn aydan isə müalicəvi turizm obyektlərimizin əlinə, öz təbii şəfa ocaqlarına turist cəlb etmək üçün yaxşı bir fürsət düşəcək. 
Bakıda  keçiriləcək İslam Həmrəyliyi Oyunları ərəfəsində 57 ölkədən 3 mindən çox idmançı ilə yanaşı, müsəlman ölkələrindən paytaxta çoxsaylı turist axını olacaq. Bəs görəsən, Azərbaycanda sağlamlıq turizminin təbliği üçün yaranacaq bu əlverişli şəraitdən lazımınca istifadə etmək üçün hansı tədbirlər görülüb?
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) prorektoru Eldar Aslanov deyir ki, sağlamlıq turizminin inkişafı, təbliği turizm siyasətində əsas seqment hesab edilir: “Sağlamlıq turizminin inkişafına, təbliğinə ona görə üstünlük verilir ki, turizmin bu seqmentinin mövsümdən asılılığı yoxdur. Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var. Sağlamlıq turizminin inkişafı üçün bu sahəyə böyük sərmayə yatırılıb. Bakıda keçiriləcək İslam Oyunları isə Azərbaycanın sağlamlıq turizm məkanlarına turist cəlb etmək üçün əla fürsətdir. Turizm şirkətləri, sağlamlıq turizm obyektləri bu fürsəti lazımınca dəyərləndirməyi bacarmalıdırlar. Sağlamlıq turizm obyektləri İslam Oyunlarına qədər bütün otellərdə informasiya köşkləri yaratmalı, həmin otellərdə qalacaq qonaqlara öz xidmətlərini təklif etməlidirlər. 
Eyni zamanda, İslam Oyunları zamanı turistlərin daha çox olduğu nöqtələrdə öz reklam banerlərini yerləşdirməlidirlər. Ümumiyyətlə, düşünürəm ki, həmin ərəfədə sağlamlıq turizm obyektləri çox aktiv olmalıdırlar ki, bu fürsətdən istifadə edib öz reklamlarını təşkil etsinlər. Təbii ki, əgər bu cür reklam işi aparsalar, İslam Oyunları üçün Bakıya üz tutan qonaqlar paytaxtda artıq qaldıqları günlərdə həmin sağlamlıq turizm obyektlərinə üz tuta, yaxud da növbəti dəfə Azərbaycana məhz həmin məkanlarda şəfa tapmaq üçün gələ bilərlər”.
E. Aslanovun sözlərinə görə, İslam Oyunlarında Bakıya gələcək idmançılar, qonaqlar elə bir coğrafi məkanda yaşayırlar ki, oralarda təbii şəfaverici ocaqlar yoxdur: “Onların yaşadığı ölkələrdə daha çox texnoloji-tibbi vasitələr var. Azərbaycanda isə təbii şəfa ocaqları var. Bu mənada ölkəmiz qonaqlara sağlamlıq turizm nöqteyi-nəzərindən maraqlı gələ bilər. Ona görə də, sağlamlıq turizm obyektləri öz məhsullarının reklamına ciddi yanaşmalı, bunun üçün əllərinə keçəcək fürsəti lazımınca dəyərləndirməyi bacarmalıdırlar”.
Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov da deyir ki, İslam Oyunları ərəfəsi Azərbaycanın təbii şəfa ocaqlarına turistləri cəlb etmək üçün əsas iş turizm şirkətlərinin və həmin sağlamlıq turizmi obyektlərinin menecerlərinin üzərinə düşür: “Mədəniyyət və Turizm Nazirliyi həm bizim təşkilata, həm də turizm şirkətlərinə İslam Oyunlarında ölkəmizə gələcək turistlərdə Azərbaycanın sağlamlıq turizm obyektlərinə maraq yaratmaq, bu məkanlara onları cəlb etmək üçün tövsiyə məktubu yollayıb. O tövsiyədə də göstərilib ki, bu fürsətdən lazımınca istifadə edilməlidir. 
Qeyd edim ki, qonaqlar turizm şirkətləri vasitəsilə ölkəmizə gəlirlər. Ona görə də sağlamlıq turizm obyektlərimiz, şəfa ocaqlarımız barədə onlara məlumat vermək ilk növbədə həmin şirkətlərin üzərinə düşür. Onlar sağlamlıq turizm obyektlərinə tur təşkil etməklə, o məkanların xidmətlərini qonaqlara təklif etməklə turistlərə həmin məkanları tanıda bilərlər. Eyni zamanda turistlərin yerləşdiyi otellərdə də həmin şəfaverici sağlamlıq turizm obyektlərinin geniş reklamı aparılmalıdır”.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov da  turizmin inkişafı ilə bağlı starteji yol xəritəsində sağlamlıq turizminin inkişafının qarşıda əsas tapşırıq kimi qoyulduğunu söylədi. Onun sözlərinə görə, son illər Azərbaycanın sağlamlıq turizm obyektlərinin tanıdılması üçün xeyli sayda iş görülüb: “Azərbaycanın "Qalaaltı" kurort mərkəzinin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv seçilməsi və üzvlük çərçivəsində məqsədyönlü fəaliyyəti bu tədbirlərin tərkib hissəsindəndir. Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası beynəlxalq konfrans və sərgilərdə öz üzvlərinin stendini təşkil edə, təbliğatını apara bilər.  Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası ilə sıx əməkdaşlıq çərçivəsində bu təşkilatın rəsmi kataloq və broşürlərinə Qalaaltı kurort mərkəzi daxil edilib və xəritədə assosiasiyaya üzv olan ölkələrin sırasına Azərbaycanın da xəritəsi salınıb. Bütün bunlar ölkəmizdəki sağlamlıq turizm obyektlərinə turistlərin cəlb edilməsinə istiqamətlənib. 
Qarşıdan İslam Oyunları gəlir. Bu gün xaricdən gələn turistlərin hansı sağlamlıq turizm məkanlarına maraq göstərdiyini təxmin etmək mümkündür. Naxçıvandakı Duzdağ Sanatoriyasına əsasən İrandan gələn turistlər maraq göstərir. Ərəblər isə əsasən Qəbələ zonasını seçir. Hansı ki, orada da bizim müalicəvi sanatoriyalarımız var. Naftalan Sanatoriyası isə əsasən MDB ölkələrindən gələn turistlərin marağındadır. Bu bölgüyə əsasən qonaqların yerləşdikləri otellərdə reklam aparmaq, turizm şirkətləti vasitəsilə turlar təşkil etmək mümkündür. Hansı ki, tur paketləri hazırlamaq turizm şirkətlərinin üzərinə düşür. Bununla bağlı biz öz tövsiyələrimizi vermişik”.

Zülfiyyə QULUYEVA 
 

 

Sizin Reklam Yeriniz