Əlaqə Arxiv
news Image
2013.02.14
17:25
| A A A
Səhiyyə Nazirliyi: Dərmanların qiyməti ilə sperkulyasiya etmək olmaz
Yaxın vaxtlarda ölkədə bütün apteklərdə satılan dərmanlar üçün vahid qiymət siyasətinin tətbiqi nəzərdə tutulur. Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, dünya ölkələrinin bir çoxunda, Avropa ölkələrində dərmanlar üçün vahid qiymət tətbiq edilir. Nazir müavini vurğulayıb ki, bu sistem tətbiq edildikdən sonra artıq dərmanların üzərində qiymət yazılacaq: "Burada topdansatış müəssisəsinin, aptek müəssisəsinin konkret, bəlli bir faizi olacaq. Dərman preparatlarının üzərində Avropa ölkələrində olduğu kimi vahid qiymət olacaq. Respublikanın regionundan asılı olmayaraq, hər yerdə dərmanlar vahid qiymətlə satılacaq".
E.Ağayev bu məsələnin qanunvericiliklə tənzimlənəcəyini, hələki bununla bağlı mexanizmlərin müəyyənləşmədiyini söyləyib. Qeyd edək ki, dərmanların qiymətinin vahid tarif siyasət ilə tənzimlənməsi birmənalı qarşılanmır. Dərman satışı özəl sektor tərəfindən həyata keçirildiyindən, bu mövzuda müəyyən mübahisəli məqamların ortaya çıxalaçağı proqnozlaşdırılır. Məsələn, iqtisadçı Azər Mehtiyev dərmanlara vahid qiymət siyasətinin ölkədə dərman bazarındakı vəziyyəti düzəldəcəyinə inanmır. A. Mehtiyevin sözlərinə görə, hazırda sosializm dövrü olmadığından, dərman bazarında qiymətləri bazar münasibətləri tənzimləməlidir. Dərmanların qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsi, sosializmə qayıdış kimi başa düşülə bilər: "Hazırda dərman vasitələri  Tarif Şurası tərəfindən qiyməti tənzimlənın mallar siyahısına daxil deyil. Belə halda dərmanlara vahid qiymət siyasəti tətbiq edilə bilməz. Çünki dərmanlar azad sahibkarlar tərəfindən gətirilir, hansı sahibkara hansı qiymət sərf edirsə, gəlir-cıxarını hesablayıb qiymət qoyur. Dərman bazarında bu gün qiymətlərin yüksək olmasının səbəbi isə başqadır. Nazirlik dərmanlara vahid qiymət müəyyənləşdiməkdənsə, bu sahədəki monopolyanın qarşısını almalıdır. Əks halda vahid qiymət siyasəti də nəticə verməyəcək".
İqtisadçının sözlərinə görə, bundansa Səhiyyə Nazirliyi ölkədə dərmanların qiymətinin süni şəkildə artmasının qarşısını almaq üçün başqa tədbirlər görə bilər: "Nazirlik dövlət tərəfindən alınan dərmanların qiymətlərini açıqlamaqla, göstərə bilər ki, ölkədə dərmanların ilkin bazardan alışı neçəyə başa gəlir. Bu kimi vasitələrlə dərman bazarındakı bahalaşmanın qarşısını ala bilər".
Səhiyə nazirliyinin sözçüsü Anar Qədrili isə deyir ki, dərmanlara vahid qiymətin tətbiqi heç də pis nəticə verə bilməz. A. Qədrili artıq bu təcrübədən xarici ölkələrin əksəriyyətində, hətta İran İslam respublikasında da istifadə edildiyini söylədi: "Müxtəlif ölkələrin dərman istehsalçılarının Azərbaycanda nümayəndəlikləri var. Onlarla danışıqlar aparmaqla  dərmanların üzərində istehsalçı şirkət tərəfindən qiymətlərin qoyulması mümkündür. Dərman idxal edən şirkətlərin, apteklərin qazançı isə faiz əsasında olacaq. Amma bununla bağlı hələki mexanizmlər tam müəyyənləşməyib".
Qeyd edək ki, hazırda İranda da bütün apteklərdə dərmanlar üçün vahid qiymət tətbiq edilir. Bu qiymətlər ölkənin Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunur. Qeyd edək ki, dərmanların qiymətlərinin aşağı salınması istiqamətində görülən hər bir tədbir alıcılar tərəfindən rəğbətlə qarşılanır. Odur ki, dərmanların qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsi sonda dərmanların qiymətinin aşağı salınması ilə nəticələnərsə, təbii ki, bu alıçıların ürəyindən olacaq. A. Qədirli də deyir ki, dərmanların qiyməti ilə sperkulyasiya etmək olmaz. 
Sizin Reklam Yeriniz