Əlaqə Arxiv
news Image
2013.02.15
17:10
| A A A
Vergilər Nazirliyində görüş keçirilib

Fevralın 14-də vergilər naziri cənab Fazil Məmmədovun Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia və Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə görüşü keçirilmişdir. Görüşdə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq məsələləri və onun perspektivləri, milli vergi sisteminin müasir vəziyyəti və inkişaf istiqamətləri müzakirə edilmişdir.

Vergilər naziri Fazil Məmmədov Azərbaycanın Avropa İttifaqı ilə sıx tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin olduğunu, ölkəmizin Avropanın enerji təhlükəsizliyində yaxından iştirak etdiyini bildirmişdir.

Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının həyata keçirilməsinin əməkdaşlıq sahəsində yeni imkanlar yaratdığını bildirən nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında milli qanunvericilik bazasının daim təkmilləşdirildiyini, idarəetmə prinsipləri və praktikasının Avropa İttifaqına üzv ölkələrin ən qabaqcıl təcrübəsini nəzərə almaqla inkişaf etdirildiyini vurğulamışdır.

Sonra vergilər naziri Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan texniki yardım proqramı çərçivəsində Vergilər Nazirliyi və Niderland Krallığının Vergi və Gömrük Administrasiyası ilə birlikdə 2011-ci ildən "Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" adlı Tvinninq layihəsinin həyata keçirildiyi barədə məlumat vermiş, bu layihə çərçivəsində bir sıra yeni qanunvericilik sənədlərinin hazırlandığını, metodoloji və insan resursları bazası yaradıldığını, mütəxəssislərin treninlərə cəlb edildiyini, ölkəmizdə vergi auditi sahəsindəki mövcud inzibatcılığın ən yüksək beynəlxalq standartlara uyğünlaşdırılması istiqamətində görülən işləri görüş iştirakçılarının diqqətinə çatdırmışdır.

Vergi sistemində aparılan islahatlara toxunan nazir vergi inzibatçılığının müasir informasiya texnologiyalarının nailiyyətlərinə əsaslanmaqla daim təkmilləşdirildiyini, vergi ödəyicilərinə göstərilən xidmətlərin ən müasir texnoloji səviyyədə həyata keçirildiyini, elektron vergi hesab-fakturaları, elektron bəyannamələr, on-line kargüzarlıq sistemlərinin uğurla tətbiq edildiyini, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının elektron formata keçirildiyini qeyd etmişdir.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində milli vergi sisteminin qarşısında konkret hədəflərin müəyyən olunduğunu qeyd edən vergilər naziri bu hədəflərə çatmaq üçün milli vergi sisteminin iqtisadiyyatın artan həcminə uyğun olaraq inkişaf etdirildiyini bildirmişdir.

Vergilər naziri Avropa İttifaqı ilə birlikdə Vergilər Nazirliyində insan resurslarının davamlı inkişafına Avropa İttifaqının "Fiskal Bluprint" direktivinin prinsipləri əsasında dəstək verilməsini nəzərdə tutan yeni bir Tvinniq layihəsinin də hazırlanmasına start verildiyini qonaqların diqqətinə çatdırmışdır.

Sonra Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər İdarəsinin rəisi Mətin Kərimli və Hüquq İdarəsinin rəisi Samirə Musayeva təqdimatla çıxış etmişlər.

Görüşdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Azərbaycanla Avropa İttifaqı arasında səmərəli və sıx əməkdaşlığın mövcud olmasından məmnunluğunu ifadə edərək bildirdi ki, burada söylənənlərin hamısı Avropa İttifaqının planlarına uyğundur. O bir həftə əvvəl keçirilmiş II Vergi Forumunun onda böyük təəssürat oyatdığını, Azərbaycanın vergi xidmətinin islahatlara açıq olduğunu, onun həyata keçirdiyi şəffaflıq və korrupsiyaya qarşı mübarizə tədbirlərinin də razılıqla qarşılandığını bildirdi.

Cənab R.Kobia vergi xidmətində informasiya texnologiyalarının geniş tətbiqinin müsbət bir təcrübə olduğunu, vergi xidməti rəhbərliyinin bu istiqamətdə çalışmalarına dəstək verdiklərini və gələcəkdə də dəstək verəcəklərini nəzərə çatdıraraq, Avropa ölkələrinin səfirləri ilə Azərbaycan hökumətinin üzvləri arasında bu qəbildən olan dialoqların təşkilini səmərəli hesab etdiklərini söyləmişdir.

Cənab R.Kobia Avropa İttifaqının Azərbaycanla əməkdaşlığının əsasən iqtisadiyyatın diversifikasiyası, iqtisadiyyatın liberallaşdırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində inkiafına üstünlük verdiyini vurğulayaraq, xüsusilə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahələrində ölkə başçısının siyasi iradəsini, bu xətti uğurla həyata keçirən dövlət orqanları arasında Vergilər Nazirliyinin Beynəlxalq Antikorrupsiya Akademiyası ilə keçən il imzaladığı Memorandumu yüksək dəyərləndirdiklərini bildirmişdir.

Daha sonra görüşdə iştirak edən Niderland Krallığının ölkəmizdəki səfiri cənab Aryen Uyterlinde, Avstriya Respublikasının ölkəmizdəki səfiri xanım Silviya Meyer-Kaybiç, Fransa Respublikasının ölkəmizdəki səfirliyinin iqtisadiyyat və ticarət məsələləri üzrə müşaviri cənab Daniel Patat mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı mülahizələrini söyləmiş, qaldırılan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.

Tədbirdə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak etmişdir.

Sizin Reklam Yeriniz