Əlaqə Arxiv
news Image
2013.02.26
13:00
| A A A
Ermənistan: “Davay, do svidaniya” şüarı etiraz nümayişlərinin əsas tələbinə çevrilə bilər
Meydanda “Serjik, davay do svidaniya” şüarları peyda olub.

Ermənistanda prezident seçkilərində uduzmuş müxalif namizəd Raffi Hovhannisyan kütləvi etiraz aksiyalarını "xalqın qələbəsinə" nail olunmayınca davam etdirmək niyyətindədir.

Ötən həftə nəticələri açıqlanmış prezident seçkilərində əvvəlki prezident Serj Sarkisyan qalib gəlib. Hovhannisyan iddia edir ki, onun qələbəsi inzibati aparatın müdaxiləsi ilə təmin olunub.


Serj Sarkisyanın istefası tələb olunmasa da, meydanda artıq ona müraciətlə "Serjik, davay do svidaniya" şüarları peyda olub.

Təhlilçilərin fikrincə, mövcud iqtidarın güzəştsizliyi bu şüarların əsas tələbə çevrilməsinə gətirər.

Azərbaycanlı meyxanaçının toyda söylədiyi və ötən ilin əvvəlində Yotube videopaylaşma saytında yayılmış "Davay do svidaniya" meyxanası öncə Rusiyada, sonra isə bir çox keçmiş sovet ölkələrində məhşurlaşıb.

Öncə rusiyalı bloqqer Rusiya lideri Vladimir Putinə müraciətlə "putindavaydosvidaniya" həştəqli mesajlar yazıb və onlar Twitterdə geniş yayılıb.

Daha sonra isə rusiyalı pop ulduzlar aralarındakı gərginliyi bir-birinə qarşı "davay do svidaniya" qafiyəli mahnılarla daha da artırıblar.

Müşahidəçilər deyir ki, "Davay, do svidaniya" şüarı, Sarkisyan güzəştə getməyəcəyi təqdirdə, Yerevanda etiraz nümayişlərinin əsas tələblərindən birinə çevrilə bilər.


Rayonlarda görüşlər


İrs Partiyasının lideri Hovhannisyan şənbə və bazar günləri Ermənistanın rayonlarında əhali ilə görüşlərini davam etdirirb, onların mübarizə əzmində olduğuna əmindir və ucqar rayonlarda görüşlər keçirməyə hazırlaşır.

Ermənistan Mərkəzi Seçki Komissiyası fevralın 18-də keçirilmiş prezident seçkilərinin yekun nəticələrini elan edib.

Nəticəyə görə, Serj Sarkisyan səslərin 58,64 faizini, Raffi Hovhannisyan isə 36,74 faizini toplayıb.

Raffi Hovhannisyan nəticələr elan olunduqdan bir saat sonra mətbuat konfransı keçirəcəyini və öz "Barevolution" adını almış mübarizəsini davam etdirəyini deyib.

Hovhannisyanın seçki kampaniyası zamanı vətəndaşlarla əl sıxıb salamlaşmasını artıq hərəkat kimi qəbul edənlər ona Barevolution adını veriblər.

Ermənicə barev "salam" deməkdir və etirazçılar bu hərəkata "Barev İnqilabı" deyirlər.


Tələbələrin üsyanı


"İnqilab" əhval-ruhiyyəsi ən "potensial üsyançı" olan tələbə gəncləri laqeyd qoymayıb. Bazar ertəsi Yerevan Dövlət Universiteti qarşısında bir qrup gənclər ümumtələbə tətilinə başlamaq çağırışı ilə çıxış ediblər.

Polis əməkdaşları kütləvi aksiyalar zamanı tədbirin qeyri-qanuni və vətəndaşların asayışı pozduğu haqda xəbərdarlıq etsələr də, hakimiyyət orqanları hələlik kütləvi etiraz aksiyalarının keçirilməsinə mane olmur.

Lakin hadisələrin inkişafı "üsyan dalğasının" səngiyəcəyinə ümidləri doğrultmaya bilər. Artıq başqa siyasi qüvvələr də müxalif namizədin mübarizəsini dəstəklədiklərini bəyan edirlər.

Ermənistan mətbuatında təhlilçilər iqtidarın kompromislər haqqında düşünməsinin zəruriliyindən danışırlar.

Sizin Reklam Yeriniz