Əlaqə Arxiv
news Image
2013.02.26
13:35
| A A A
İnternetklublarda, evlərdə uşaqların internet təhlükəsizliyi problemi həll edilməlidir
Osman Gündüz: "Bizdə isə bu problem ancaq təhsil sektorunda həll edilib" "İnternet klublarda, evlərdə uşaqların internet təhlükəsizliyi problemi var. Bu gün orta məktəblər internetləşdirilsə də uşaqların zərərli informasiya almaq imkanı 1 faizdir. İnternet klublarda, evlərdə isə, uşaqların zərərli informasiya almasına heç bir əngəl yoxdur. Genişzolaqlı internetin yaxın gələcəkdə ölkəni əhatə edəcəyini nəzərə alsaq, bu problem artıq regionlarda da aktuallaşacaq. Ona görə də biz bu məsələ ilə bağlı Ailə, Qadın və  Problemləri üzrə Dövlət Komitəsi ilə də müzakirə aparmışıq".
Bu sözləri Movqe.az-a açıqlamasında "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, artıq inkişaf etmiş ölkələr bu problemi demək olar ki, həll ediblər: "Bizdə isə bu problem ancaq təhsil sektorunda həll edilib. Digər sahələrdə süzgəcdən keçmiş internetdən demək olar ki, istifadə edilmir. Uşaqların internet klublarda, evlərdə zərərli informasiya almaq imkanı məhdudlaşdırılmadığından bu təhlükə bu gün də var".
O. Gündüz deyir ki, internet klunblara ancaq süzgəcdən keçmiş internetin verilməsi barədə qərarın qəbulu yolverilməzdir: "Çünki, kompyuterlərdə zərərli informasiyaların açılmaması üçün yüklənilən proqramlar axtarış aparılarkən lazımi informasiyaların çıxmasının qarşısını ala bilər. Həmçinin senzuraya səbəb ola bilər. Ona görə də, belə bir qərar qəbul etmək olar ki, internet klublarda zərərli informasiyanı məhdudlaşdıran proqram yüklənmiş kompyuterlər olsun və həmin kompyuterlərdən ancaq uşaqlar istifadə etsin".
O. Gündüz deyir ki, bu gün istənilən evdə valideyn  kompyuterdə müəyyən əməliyyatlar aparmaqla uşaqlar üçün zərərli informasiyaların açılmamasına nail ola bilər. Formun prezidenti Rusiya və digər ölkələrdə süzgəcdən keçən internet təklif edən provayderlərin də olduğunu söyləyir. Onun  dediyinə görə, bütün provayderlərə ancaq süzgəcdən keçirilmiş internet satmaq kimi qadağa qoymaq olmaz: "Amma belə xidmət təklif edən provayderlər yaradıla bilər ki, uşaqların internet təhlükəsizliyi təmin olunsun. Bu provayderin xidmətindən istifadə etmək isə könüllü ola bilər. Hansısa valideyn istəyir ki, uşağı zərərli informasiyaları əldə etməsin, bu provayderin xidmətindən istifadə edə bilər".
O. Gündüz bu gün mobil operatorların da, bu xidməti göstərmək imkanının olduğunu bildirdi. Onun sözlərinə görə, nə qədər ki, mobil operatorlar süzgəcdən keçmiş internet paket təqdim etmirlər, ona qədər valideyn evindəki kompyuterdə zərərli informasiyaların açılmasını əngəlləyə bilər: "Uşağın mobil telefonla bu imkanı əldə etməməsini isə ona internetə çıxış imkanları olmayan mobil telefon almaqla valideyn həll edə bilər".
Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev deyir ki,bir qədər əvvəl provayderlərdən bəziləri süzgəcdən keçmiş internet xidməti təklifi ilə çıxış etsələr də, hələki onlardan səs-soraq yoxdur. İ. Əliyev bu gün valideynlərin uşaqlarının internet təhlükəsizliyini təmin etmək üçün ancaq bir imkanının olduğunu bildirir: "İstənilən valideyn evindəki kompyuterə proqramlar yükləməklə zərərli informasiyaların açılmasının qarşısını ala bilər. İnternet klublarda isə bunu tənzimləmək mümkün deyil. Çünki, provayderlər süzgəcdən keçirilmiş internet təklif etmirlər. Bu xidməti göstərmək üçün mütləq şəbəkələrini gücləndiməlidirlər. Həmçinin də bunun üçün tələb-təklif üst-üstə düşməlidir".Azərbaycanda belə bir xidmət olmasa da, Rusiyada və digər ölkələrdə təmiz internet xidməti əhalinin ixtiyarına verilib. Qonşu İranda isə süzgəcdən keçirilmiş internetə artıq "Halal internet" adı verilib.
Sizin Reklam Yeriniz