news Image
2013.03.01
12:05
| A A A
Azərbaycan idmançıları son 25 il ərzində ilk dəfə olaraq beynəlxalq yarışda

 Fevralın sonlarında Azərbaycanın Səmti Müəyyən Etmə İdman Federasiyasının (SMEİF) idmançıları Türkiyənin Antaliya Antaliya şəhər ətrafında (Manavqat və Side bölgələrində) keçirilən Aralıq Dənizi ölkələrinin Beynəlxalq Çempionatında iştirak ediblər. Dörd gün davam edən bu yarışlarda regionun 25 ölkəsindən 1600 idmançı iştirak edib. Yarışlarda ölkəmizi Federasiyanın Prezidenti Mirəli Kazımov, Azərbaycanın hazırki çempionu, Azərbaycanın idman ustası Natalya Əliyeva, Yana Maşkova (Dağçılıq klubu) və Serqan Abasov təmsil ediblər. 

Azərbaycan idmançıları bu yarışa qeyri-rəsmi iştirakçı qismində dəvət olunmasına baxmayaraq, bu ölkəmizin son 25 il ərzində ilk yüksək dərəcəli beynəlxalq yarışda iştirakıdır. Azərbaycan idmançıları Antalyadakı çoxgünlük yarışlarda 2 gün, xüsusilə də yarışın 1-ci günü orta məsafədə qaçışda və çempionatın 2-ci günündə sprintdə iştirak ediblər. 

Azərbaycanın hazırki çempionu Natalya Əliyeva özünü qadınlar arasında keçirilən ən çətin Q-21 (Elita) kateqoriyasında sınayıb. Həmin kateqoriyanın mükafatı üçün regionun ən yaxşı 85 qadın idmançısı mübarizə aparıb. Digər təmsilçimiz Mirəli Kazımov öz yaş kateqoriyasına görə M-35 məsafəsində çıxış edib, 2012-ci ilin payızından bu idman növü ilə fəal məşqul olmağa başlayan Yana Maşkova və Serqan Abasov isə Open (beynəlxalq yarışlarda iştirak təcrübəsinə malik olmayan idmançılar üçün nəzərdə tutulmuş kateqoriya) dərəcəli məsafədə iştirak ediblər. 

İdmançılarımızdan Yana Maşkova iki günün nəticələrinə görə öz məsafəsi üzrə 1-ci yeri tutub. Federasiyanın Prezidenti Mirəli Kazımov isə yarışın iki günü üzrə M-35 kateqoriyasının bütün iştirakçıları arasında 4-cü yeri tutub. 

Qeyd etmək lazımdır ki, Azərbaycan SMEİF-in prezidenti çempionatın ən güclü idmançılarına mükafatların təqdim edilməsində iştirak edib. 

Yarışlarda iştirakla yanaşı, Azərbaycan SMEİF-in Prezidenti Mirəli Kazımov Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının (BSMEF) və müxtəlif ölkələrin milli federasiya nümayəndələri ilə çoxsaylı görüşlər keçirib. BSMEF-in vitse-prezidenti Astrid Valer Kas son zamanlar Azərbaycan səmti müəyyən etmə idmanında baş vermiş dəyişiklikləri yüksək qiymətləndirib. Xanım Kas BSMEF-in rəhbərliyinin Beynəlxalq Federasiyanın Rəyasət heyətinin iclaslarından birinin Bakı şəhərində keçirilməsi perspektivi ilə maraqlanıb. 

SMEİF Prezidenti həmçinin BSMEİF-in Avropa ölkələri üzrə Departamentin sədri Sercio Qrifoni, Latın Amerika qitəsinin ölkələri üzrə Departamentin sədri Jose Angel Nieto Poblete ilə də görüşüb. 

Türkiyə SMEF-in Prezidenti T.Çolakoğlu ilə görüş zamanı isə Azərbaycan ərazisində keçirilən yarışlarda türk idmançılarının iştirakı, eləcə də Azərbaycanda məsafələrin düzülüşü üzrə milli nəzarətçi-inspektorların, həmçinin elektron qeyd olunma sisteminin tətbiqi ilə yarışların keçirilməsi üçün milli hakimlərin hazırlanması məqsədilə treninqlərin keçirilməsində köməyin göstərilməsi barədə razılıqlar əldə olunub. 

Yarışların sonunda Türkiyə SMEF adından BSMEF nümayəndələrinin və çempionatın iştirakçılarının şərəfinə verilmiş ziyafətdə Azərbaycanda səmti müəyyən etmə idman növünün hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib. Azərbaycan SMEİF-in prezidenti M.Kazımov cari ilin 10-12 may 2013-cü il tarixlərində Nabranda (Yalama qəsəbəsi) keçiriləcək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına səmti müəyyən etmə idmanı üzrə Birinci Beynəlxalq Kubok yarışının hazırlıqlar haqqında məlumat verib və xarici idmançıları bu yarışda iştirak etmək üçün dəvət edib. Təklif görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb.