Əlaqə Arxiv
news Image
2013.03.04
17:15
| A A A
Bankların "8 Mart" fırıldağı
"8 mart" Beynəlxalq Qadınlar Günü münasibətilə artıq ötən həftədən etibarən bir neçə bankın kampaniyaya start verdiyi ilə bağlı məlumatlar yayılır, həmin banklar bu kampaniyanın devizi altında özlərini geninə-boluna reklam etdirirlər. Artıq paytaxtın qadın sakinlərinin mütləq əksəriyyətinə bankların bu "sevindirici xəbəri" mobil telefon vasitəsilə, mesajla göndərilib. Belə mesajlardan bir neçəsini də müxtəlif banklardan bəndəniz, yəni mən almışam. "8 mart" ərəfəsi zərif cinsin nümayəndələrinə belə bir jest edən banklara ürəyində minnətdarlıq edə- edə bankların qapısını bir-bir döyən qadınların sevinci isə heç martın 8-dək sürməyib. Xanımların Movqe.az-a verdikləri məlumata görə, sən demə bankların çoxu bu bayram öncəsi də adətlərinə xilaf çıxmayaraq şirnikləndirici təkliflə xanımları aldadıblar.  Esmira Nuriyeva adlı xanım deyir ki, onun rəfiqəsinə bu günlərdə mesaj gəlib ki, "Bank Standart"dan 8 mart bayramı münasibətilə 1000 AZN kredit təklifi edilir. Üstəlik Bank Kartı da hədiyyə edilir: "Bu mesajı alan kimi bankın 158 əlaqə nömrəsinə zəng vurduq.  Bu nömrə ilə əlaqə saxlamağın mümkün olmadığını görüb, üz tutduq bankın Azadlıq prospektindəki ofisinə. Orada kredit üçün gəldiyimizi bilən kimi bizdən ilk soruşduqları söz "bizim bankın müştərisi olmusunuzmu" sualı oldur. Bu banka ilk dəfədir gəldiyimizi deyəndə, bankın nümayəndəsi bildirdi ki, çox təəssüf ki, siz bu kampaniyadan yararlana bilməyəcəksiniz. Axı mesajda belə bir şərtin yazılmadığını, elədirsə niyə bizə mesaj göndərdiklərini soruşanda işləyib-işləmədiyimizi xəbər aldılar. Evdar qadın olduğumuzu biləndən sonra dedilər ki, "siz heç cürə kredit ala bilməzsiniz".
E. Nuriyeva deyir ki, məgər bank mesaj göndərdiyi xanımın onun müştərisi olub-olmadığını bilmir ki, xanımları aldadaraq öz ofisinə qədər gətirir: "Əgər ancaq öz müştərilərinə, yaxud işləyən qadınlara kredit verirlərsə niyə bizə mesaj göndərib necə deyərlər əvvəl sevindirib, sonra da pərt edirlər? Elə bəri başdan niyə mesajda şərtlərini yazmırlar ki, kimə kredit düşüb, kimə düşmədiyi bilinsin?
Biz də "Bank Standart"dan bu suallara cavab almaq üçün əlaqə saxladıq. Dəfələrlə etdiyimiz cəhdlərdən sonra kredit şöbəsi ilə danışmaq "şansı"na nail olduq. Öncə müştəri kimi, "8 mart"la əlaqədar elan olunan kampaniya ilə bağlı mesaj aldığımızı söylədik. Bu şöbədən bidirdilər ki, mesaj bankın müştərisi olan xanımlara aidir. "Mən sizin müştəriniz deyiləm, bunu bank bilirsə mənə niyə mesaj yollayır" sualıma bankdan belə cavab aldım: "Biz mesajda ətraflı yaza bilmirik. Amma siz işləyirsinizsə, arayış təqdim edərək bizdən 1000 AZN kredit ala bilərsiniz".
"8 mart"  bayramı münasibətilə xanımlara 5 faiz güzəştlə kredit təklif edən başqa bir bank isə "Rabitəbank"dır. Bu bankın da kredit təklifi xanımların dili ilə desək heç bayram kampaniyasına oxşamır. Bank reklamlarında bildirir ki, bütün kreditlərə bayram münasibətilə martın 1dən -15-dək endirim var. Amma bankın bu kampaniyasından yararlanmaq üçün ilk şərt bankın müştərisi olmaqdır. Yəni bankın bu kampaniyası bankın təkrar müştəriləri üçün keçərlidir. Amma reklamda bundan bir kəlmə belə bəhs edilmir. Yox əgər bu bankın müştərisi deyilsənsə, iş yerindən arayış təqdim etməklə əmək haqqının 10 mislinədək 2000 manat kredit almaq olar. Bu zaman həmin xanıma 28 yox, 23 faizlə kredit ayrıla bilər.
Xanımlar nisbətən sərfəli şərti "Unibank"-ın təklif etdiyini, amma bu bankın da bayram münasibətilə elan etdiyi kampaniyada ətraflı məlumat verilmədiyini söyləyirlər. "Unibank"dan xanımlara gələn mesajda bildirilir ki, martın 7-dək nağd kredit alan xanımlara kredit kartı da hədiyyə edilir. Amma insafən bu bankdan xanımların hamısı əliboş geri dönmür. Əgər başqa bankda müsbət kredit tarixçən varsa, indiyədək "Unibank"-ın müştəri olmamağın vacib deyil. Yəni "Unibank"dan başqa banklardan kredit götürüb nümunəvi müştəri kimi adı ağ siyahıya düşənlər xanımlar kredit ala bilərlər. Martın 1-dən 10-dək "Unibank"dan nağd kredit alan hər bir xanım müştəriyə, Master Card kredit kartı hədiyyə olunur. Bayram hədiyyəsi olan 500 AZN limitli bu kart pulsuz verilir və heç bir komisyon haqq ödənilmədən rəsmiləşdirilir. Kartdakı kredit vəsaitindən 35 gün müddətində faiz ödəmədən istifadə etmək mümkündür.
Beləcə apardığımız kiçik araşdırma sonucunda bəlli oldu ki, "8 mart" bu dəfə də əksər banklar üçün sadəcə reklam edilmək üçün bir vasitə oldu. Adlarına beynəlxalq miqyasda "Gün" təsis edilən xanımlar isə onların "qurbanları".
Sizin Reklam Yeriniz