news Image
2013.03.05
15:57
| A A A
Paytaxtda bayram bahalaşması başladı

Artıq paytaxtda bayram əhval-ruhiyəsi hiss olunur. Qarşıdan gələn "8 Mart" beynəlxalq Qadınlar günü münasibətilə suvenir, gül-çiçək mağazaları, xanımlar üçün brend geyim butikləri endirim kampaniyalarına start veriblər. Hələ Novruz bayramının gəlişinə iki çərşəmbə qalsa da, indidən ərzaq dükanları da müştəri cəlb etmək üçün "Novruz" endirimlərinə başlayıblar. Amma paytaxtda apardığımız müşahidəmiz zamanı bu endirimlərin əksəriyyətinin reklam xarakteri daşıdığını, reallıqda hər iki bayramın gəlişi ilə əlaqədar müxtəlif ticarət və xidmət sektorunda qiymətlərdə artım baş verdiyini üzə çıxartdıq. Azadlıq prospekti 107 ünvanında yerləşən gül salonunda qiymətlərdə əməlli-başlı artım müşahidə olunurdu. Burada satıcı Rəhman Məlikov bizimlə söhbətində bildirdi ki, bayramla əlaqədar qiymətlərdə artım baş verib: "Bu təbii haldır. Lakin, keçən ilə nisbətən bu göstəricilər hələki aşağıdır. Biz istəmirik ki, bayramla əlaqədar qiymətləri qaldıraq. Bu bizim alvermizə ziyandır, biz müştərilərmizi itiririk. Amma biz buna məcburuq, çünki özümüz də yerindən baha götürürük . Məsələn, qızılgülün  rəngindən asılı olmayaraq 5 manat, Papatya 3 manat, Gerber 3 manat, Yifqot 4 manat, Qladyoluç 4 manat-a satılır və s. Normal gül buketinin qiyməti gəlib 35-40 manata çıxır. Hədiyyələrə gəldikdə isə , satıcı Azər Dəmirovun sözlərinə inansaq, qiymətlərdə elə bir ciddi artım yoxdur. Bu da hədiyyə çeşidlərinin çox olmasıyla əlaqədardır.Yəni hər bir hədiyyə dükanında, hər qiymətə hədiyyə tapmaq mümkündür. Əlbəttə ki, bahalı hədiyyələr də var. Bunlarında öz müştərisi var. 

Alıcıların isə bu mənada fikirləri satıcılarla üst-üstə düşmür. Cəlal Kərimov adlı alıcı deyir ki, bayramla əlaqədar bahalaşma indidən hiss olunur: "Bu qeyri adi bir hal deyil, biz artıq buna alışmışıq. İldə bir dəfə olan bayramdır, daha neyləyək almalıyıq da".

"Novruz" bayramı öncəsi bahalaşma da bazarlarda artıq indidən hiss olunur. Nəsimi bazarında bu bayramın simvolu olan səmənidən tutmuş meyvə, tərəvəzə, çərəz və s. qiymətlərində artım müşahidə olunurdu. Bazarda satıcı işləyən Abdullayev Xəyyam deyir ki, bayramla əlaqədar bazarda bahalaşma var: "Bu da hər il olduğu kimi ənənə halını alıb. Bu bizlik də deyil biz topdan baha alırıq belə satmağada məcburuq". 

X.Abdullayev bizə satdığı meyvələrin adi günlər ilə, bayram günlərində olan fərqli qiyməti haqqında məlumat verdi: "Məsələn, almanın 1 kiloqramı ötən həftə 1.50 qəpik idisə, indi 2 - 2.50 qəpiyə qədər bahalaşıb. Portağal 1.50 qəpikdən 2 manata, armud 2.50-dən 4 manata, naringi 2 manatdan 3 manata, ananas 4 manatdan 5 manata, banan 2.20-dən 2 manat 50- qəpiyədək bahalaşıb. Tərəvəzlərdən isə soğanın qiyməti 0.80 qəpiyə, kartof 0.70 dən 1.50 qəpiyə, pomidor 3.20- 4 manat, xiyar isə 2.50 – 14 manat arasında dəyişir. 

Qiymət artımı təkcə ticarət obyektlərində müşahidə olunmur. Artıq Dənizkənarı Parkda da, bayramın gəlişi qiymətlərə yavaş-yavaş təsir etməyə başlayıb. 

Bulvarda atraksion işlədən Ənvər Seyidov deyir ki, hələki bayram gəzintisinə çıxan az olduğundan qiymətlər elə əvvəlki kimidir. Atraksionların qiyməti 1-6 manat arasinda dəyişir. Yəni əvvəl necə idisə indi də elə".

Amma bulvarda söhbətləşdiyimiz insanlar burada suyun, şirniyyatların, hətta fastfudların qiymətinin digər yerlərdən fərqləndiyini söyləyirlər. Mələk Məmmədova adlı həmsöhbətimiz deyir ki, kənarda 30 qəpiyə satılan adi suyun qiyməti bulvarda 50 qəpikdir: "Burada ən ucuz dönər 2 manatdır. Adi kekslərin qiymətin kənarla müqayisədə burada 30 qəpik bahadır. Hələ bayramqabağı daha da artır".

Bayramların gəlişi qiymətləri artırsa da, işlərini ehtiyatlı tutub artıq indidən bayram alış-verişinə çıxanlar da az deyil. Elə satıcılar da bayram günlərində qiymətlərin bir qədər də artacağını söyləyirlər. Odur ki, bu Novruzda süfrəsini ürəyi istəyən kimi bəzəmək istəyənlər bayram alış-verişinə tələssələr yaxşıdır.