news Image
2013.03.06
16:49
| A A A
Vergi Auditi Departamentində “Açıq qapı günü” keçirilmişdir

Mart ayının 6-da Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentində "Açıq qapı günü" keçirilmişdir. Tədbir KİV nümayəndələrini vergi xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri olan vergi auditinin təkmilləşdirilməsi və səyyar vergi yoxlamalarının səmərəliliyinin artırılması istiqamətində görülən işlərlə tanış etmək məqsədi daşıyırdı.

Vergi Auditi Departamentinin (VAD) rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov mətbuat nümayəndələrini salamlayaraq Departamentin əsas fəaliyyət istiqamətləri barədə onlara ətraflı məlumat vermişdir. KİV nümayəndələri Departamentin inzibati binası, iş otaqları, o cümlədən kamera ilə təchiz edilmiş vətəndaşların qəbul otağı ilə yaxından tanış olmuşlar.

Sonra vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədov media nümayəndələrini salamlayaraq bu tədbirin vergi orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumat alma imkanlarının genişlənməsinə, informasiya mübadiləsində şəffaf mühitin yaradılmasına şərait yaratdığını qeyd etmişdir. Bildirilmişdir ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı təsdiq edilmişdir. Bu Fəaliyyət planı çərçivəsində şəffaflığın artırılması sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi nəzərdə tutulur.

İ.Əhmədov vergi auditinin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə danışmışdır. Qeyd olunmuşdur ki, səyyar vergi yoxlamalarının və operativ vergi nəzarətinin təkmilləşdirilməsi və yoxlamaların əlaqələndirilməsi məqsədilə vergilər naziri Fazil Məmmədovun 19 mart 2009-cu il tarixli əmri ilə Bakı şəhəri Vergilər Departamentinin Audit və Operativ nəzarət idarələri ləğv edilərək, onların bazasında Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti yaradılmışdır.

Hazırda Departamentin strukturuna təmir-tikinti, topdan ticarət, istehsal, rabitə və nəqliyyat, təhsil, səhiyyə, maliyyə və digər xidmət sahələri, ictimai iaşə və pərakəndə ticarət sahələri üzrə audit idarələri daxildir.

İ.Əhmədov vergi auditi proseslərinin səmərəliliyinin artırıldığını, bu sahədə informasiya texnologiyalarının tətbiqinin genişləndirildiyini vurğulamışdır.

Sonra Vergi Auditi Departamentinin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Filmdən sonra çıxış edən Vergi Auditi Departamentinin rəisi H.Məmmədov vergi yoxlamalarının səmərəliliyi ilə bağlı məsələlərə toxunaraq qeyd etmişdir ki, 2010-cu ildə səyyar yoxlamalar nəticəsində əlavə hesablanmış vəsaitin ümumi məbləği 134 milyon manat təşkil etdiyi halda, 2012-ci ildə bu rəqəm 451,7 milyon manatadək artmışdır. 2012-ci ildə səyyar vergi yoxlamaları ilə dövlət büdcəsinə 387,9 milyon manat vəsaitin ödənilməsi təmin edilmişdir. Bu hesablanmış əlavə vəsaitin 85,9 faizini təşkil etmişdir.

KİV nümayəndələrinin nəzərinə çatdırılmışdır ki, Departament tərəfindən nağdsız hesablaşmaların aparılması sahəsinin genişləndirilməsi məqsədilə Pos-terminalların tətbiqi, yanacaqdoldurma məntəqələrində yeni tipli nəzarət-kassa aparatlarının quraşdırılması və digər operativ nəzarət tədbirlərinin həyata keçirilməsi istiqamətində də ciddi tədbirlər görülür. 2012-ci il ərzində operativ nəzarət idarəsi tərəfindən vergi ödəyicilərinə məxsus obyektlərdə 16.124 nəzarət-kassa aparatının və 28.712 posterminalın qeydiyyata alınması təmin edilmişdir.

2012-ci ilin 2-ci yarısından başlayaraq əmək münasibətlərinə vergi nəzarətinin gücləndirilməsi, o cümlədən qeyri-leqal məşğulluğun leqallaşdırılması və muzdlu işlə əlaqədar əmək haqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının genişləndirilməsi istiqamətində də bir sıra kompleks tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər nəticəsində 25.798 ödəyici üzrə 97.480 əmək müqaviləsi bağlanılmışdır.

KİV nümayəndələrinin nəzərinə çatdırılmışdır ki, Departamentin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə onun maddi-texniki bazası yeniləşdirilmiş,

əməkdaşlar operativ nəzarət sahəsinə aid olan qanunvericilik sənədləri toplanmış qovluqlar, kompyuter tipli informasiya daşıyıcıları İ-Pad-lər, həmçinin nəzarətin çevikliyinin təmin edilməsi baxımından "Motorola" markalı müasir texniki tələblərə cavab verən radio-rabitə vasitələri ilə təhciz edilmişlər. Tətbiq edilmiş innovativ yeniliklər nəticəsində hazırda Departamentin əməkdaşları vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin onlayn qeydiyyata alınması, bank hesabının açılması, NKA-ların qeydiyyata qoyulması kimi məsələləri elektron şəkildə həyata keçirə bilir.

Görüşdə Departament qarşısında duran mühüm vəzifələrə də toxunularaq qeyd edilmişdir ki, hazırda vergi sistemi elektron auditə keçid mərhələsindədir. Bu məsələ ilə bağlı Departament tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi, onun tətbiqi, auditorlarda müasir texnologiyalardan istifadə etmə bacarığının formalaşdırılması və bütövlükdə işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlərin əhəmiyyətli dərəcədə gücləndirilməsi nəzərdə tutulur.

Tədbirin sonunda KİV nümayəndələrinin çoxsaylı sualları cavablandırılmışdır.