news Image
2013.03.09
13:37
| A A A
SOCAR Avropanı rövnəqləndirir
Yola saldığımız həftə bütün dünya əhalisinin diqqəti iş adamlarının malik olduqları sərvətlərin həcminə kökləndi. Belə ki, "Forbes" dünyanın ən zəngin insanların illik reytinqini açıqladı. Fantastik rəqəmlər boğazları qurudurkən kimisi sərvətinin həcminin az qiymətləndirildiyindən şikayət etdi, kimisi də ailəlikcə siyahıda yer aldı. Böhran deyib ağlaşma quran Amerika və Avropa (Amerika, Fransa, İspaniya) iş adamlarının adlarının ilk üçlüyə daxil olması da diqqətdən yayınmadı. Yenə də özləri bilər. Başqasının pulunu saymaq yaxşı iş olmadığından söhbəti uzatmadan keçək həftənin xülasəsinə.
Avro Bölgəsində vəziyyət kritikdir. Fransadakı işsizliklə bağlı rəqəmlər bölgənin gələcəyini daha da şübhə altına alıb. 2012-ci ilin son 3 ayından işsizlik nisbəti 1999-cu ildən bu tərəfə ən yüksək səviyyəyə çatıb.Analitiklər Avro Bölgəsinin ikinci böyük iqtisadiyyatına sahib Fransada işsizliyin 2014-cü ilə qədər 11.3 faizə çatacağını proqnozlaşdırırlar.

Avropa Mərkəzi Bankı bu həftə Frankfurtda keçirdiyi toplantısında gözləntilərin əksinə faiz dərəcələrini dəyişdirmədi. Faiz dərəcəsini 0.75 səviyəsində saxladı.

Yaponlar inflyasiya arzulayır

Yaponiya Mərkəz Bankı rəhbərliyinə namizədlərindən biri Haruhiko Kuroda isə seçildiyi təqdirdə ölkədə 15 ildir davam edən deflyasiyaya son verəcəyini vəd etdi. O həmçinin bəyan etdi ki, inflyasiyanın 2 faiz artıması üçün radikal qərarlara imza atacaq.
Yola saldığımız həftə İtaliyada siyasi-iqtisadi olaylar beyinləri qarışdırdı. Ölkənin keçmiş baş naziri Silvio Berluskoni Milan məhkəməsi tərəfindən bir illik həbs cəzasına məhkum olundu. Kredit dərəcələndirmə təşkilatı "Fitch" İtalyanın kredit reytinqini A-dan BBB+ endirdi. Təşkilat bunu İtaliyada seçkilərdən sonra yaşanan siyasi qeyri-müəyyənliklə əsaslandırdı.
Bazar dəyəri baxımından Avropadakı ən böyük bankçılıq şəbəkəsi HSBC ABŞ-ın sanksiyaları ilə əlaqədar mənfəətinin 5.6 faiz düşdüyünü açıqladı.Bankın vergi öncəsi mənfəəti 2012-ci ildəki 21,87 milyard dollardan 20,65 milyard dollara düşüb.

Bu gün-sabah adın düşər dəftərə

Azərbaycana gəlincə, bizdə iqtisadi olaylar da boldu hər şey kimi. Düzdür, ölkədəki milyaderlərdən kiminsə adı "Forbes"ə düşməyib. Bununla belə Rusiyada yaşayan azərbaycanlılar sağ olsunlar hər il milyardları ilə bizi sevindirirlər. Amma bundan bizə nə? Əsas məsələ odur ki, Azərbaycan Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcunun 97,3%-ni artıq qaytarıb. Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına dair hesabatına əsasən, 2013-cü ilin əvvəlinə Azərbaycan hökumətinin BVF-yə olan borcun qalığı 15,3 mln. dollar təşkil edib. Məlumat üçün bildirək ki, Azərbaycan BVF-yə 1992-ci ildə üzv olub. 1995-ci ildən başlayaraq iqtisadi proqramların dəstəklənməsində BVF-nin maliyyə yardımından bəhrələnib. Nəticədə, 1995-2005-ci illər ərzində Azərbaycanda iqtisadi islahatlar proqramının dəstəklənməsi məqsədilə fonddan 577,3 mln. ABŞ dolları məbləğində uzunmüddətli kreditlər cəlb edilib. Hazırda cəlb edilmiş kreditlərin qrafik üzrə qaytarılması təmin olunur.
Daha bir xəbər Ümumdünya İqtisadi Forumu (ÜİF) ilə bağlıdır. Aprelin 7-8-də Bakıda ÜİF-in "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi haqqında strateji dialoq" mövzusunda iclası keçiriləcək.İclasda regionun imkanları və iqtisadi inkişaf perspektivləri, sahibkarlıq, ticarət, təbii ehtiyatlar və investisiyalar məsələləri müzakirə olunacaq.Qeyd edək ki, iclasın keçirilməsi qərarı bu ilin yanvar ayında Azərbaycan prezidenti İlham Əliyevin ÜİF-in icraçı sədri Klaus Şvabla keçirilən görüşündə verilib.

Yola saldığımız həftə kənd təsərrüfatı naziri İsmət Abbasov da sükutu pozdu. O, fermerlərə subsidiyaların verilməsi prosesində nöqsanlar olduğunu açıqladı. Bildirdi ki, bütün rayon icra başçılarına nazirlik adından müraciət olunub. Müraciətdə göstərilib ki, subsidiyaların verilməsi zamanı şəffaflıq tam təmin edilməlidir. O da bəlli oldu ki, kənd təsərrüfatının inkişafı strategiyasının yenidən hazırlanması prosesinə start verilib.

Nəqliyyat naziri Ziya Məmmədov isə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına hazırlaşır. Nazir avtomobil yollarında, dəmiryolu nəqliyyatında quruculuq işləri aparılacağını söyləyib. 2015-ci ilə qədər Azərbaycanda 600 km dəmir yolunun yenidən qurulmasının başa çatdırılacağı məlum olub. Z.Məmmədov Bakıya əlavə olaraq 1200 ədəd yeni avtobus və 2000 ədəd taksi gətiriləcəyini istisna etməyib.

Sosial güzəşt gözləməyin

İpoteka Fondundan da xəbər çıxdı. Amma xəbərlər pozitiv deyildi. Belə ki, il başlayandan fond sosial ipoteka krediti üçün 1 qəpik də vəsait ayırmayıb. Fondun yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 7,86 milyon manat olub. Fond 11 milyon manat istiqraz yerləşdirib, banklar 7,42 milyon manat kredit verib.

Neft hasilatının azalması Dövlət Neft Şirkətini (ARDNŞ) həvəsdən salmayıb. Şirkət özünü bazarın başqa seqmentində sınamaqda davam edir. ARDNŞ 2013-cü ildə daxili istiqrazların buraxılmasını həyata keçirəcək. Eyni zamanda xarici bazar üçün nəzərdə tutulmuş istiqrazlar - avrobondların emissiyası praktikasını davam etdirəcək. Çünki avrobondların əvvəlki buraxılışı bir sıra müsbət nəticələrə gəlməyə imkan verib. Əslində sual yarana bilər ki, necə? ARDNŞ prezidenti Rövnəq Abdullayevin əsaslandırmasına görə, ötən ilin əvvəlində Avropanın fond bazarında orta gəlirlik dərəcəsinin illik 7,4% olduğu bir vaxtda ARDNŞ-in avrobondları bundan aşağı – 5,4%-lə yerləşdirilib. İndi isə bu rəqəm 2 dəfədən də çox azalaraq 2,6%-ə düşüb. Bu da investorların ARDNŞ-ə etibar etdiyini və beynəlxalq bazarlarda şirkətə inamın artdığını göstərir. Xatırlayırsınzısa, 2005-ci il parlament seçkilərində hörmətli R. Abdullayevin əsas seçki şüarı "Həyatınızı RÖVNƏQləndirin!" idi. O zaman bu çağırış Keşlə sakinlərinə ünvanlanmışdı. İndi bu şüarın Avropaya ünvanlandığını demək olar. Amma şüarda qurulmuş kalambura-söz oyunu görəsən, ingilis, fransız və ya alman dillərində necə alınır?