news Image
2013.03.13
16:31
| A A A
TQDK peşə liseylərinin məzunları üçün buraxılış imtahanı keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü il martın 17-də Respublikanın bütün peşə liseylərinin məzunları üçün buraxılış imtahanları keçirəcək.  Movqe. az-ın məlumatına görə,  peşə liseylərində yekun qiymətləndirmə TQDK tərəfindən ilk dəfə olaraq aparılır. 

Respublikanın 23 şəhər və rayonunda keçiriləcək imtahanlarda 4910 peşə liseyi məzununun iştirakı nəzərdə tutulur. Ümumilikdə 29 imtahan mərkəzində baş tutacaq imtahanları idarə etmək üçün 38 imtahan rəhbəri, 428 zal nəzarətçisi ayrılıb. 

Buraxılış imtahanları test üsulu ilə 2 fənn üzrə - ana dili və  riyaziyyat fənlərindən keçiriləcək. İmtahan 2 saat müddətində aparılacaq. Hər bir fənn üzrə 30 test tapşırığı (cəmi 60 sual) təqdim olunacaq və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə imtahan iştirakçıları təqdim olunacaq mövzu  üzrə yazı işini yerinə yetirəcəklər. 

Test suallarının hər biri 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı işinin nəticəsi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə göstərici kimi nəzərə alınır. 

Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilib.