news Image
2012.04.27
10:54
| A A A
“Gənc Hüquqşünasların Beynəlxalq Forumu” İşinə başlayıb
26-29 aprel tarixlərində Bakıda “Gənc Hüquqşünasların Beynəlxalq Forumu” keçirilir.

Movqe.az xəbər verir ki, 27 aprel 2012-ci il tarixində "Hyatt Regency" Otelində "Gənc Hüquqşünasların Beynəlxalq Forumu"nun açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərov, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab Azad Rəhimov və Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin Sədri cənab Əli Hüseynli çıxış ediblər. Açılış nitqindən sonra, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Prezidenti cənab Niuşa Nademi təşkilatın fəaliyyəti barədə məlumat verib. Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Elşən Bayramov ELSA-nın Azərbaycanda həyata keçirdiyi tədbirlər və qarşıda duran perspektivlər barədə Forum iştirakçılarını məlumatlandırılıb.

Dörd gün ərzində keçirilən tədbirə Avropanın müxtəlif ölkələrindən 50-ə yaxın gənc hüquqşünas qatılıb. Forumda ümumilikdə 100 gənc hüquqşünas iştirak edir.

Tədbirin keçirilməsində əsas məqsəd azərbaycanlı hüquqşünas tələbələri Avropa hüquq təhsili ilə tanış etmək, onların bu təhsil standartlarına inteqrasiyasına dəstək göstərməkdir. Eyni zamanda bu tədbir tələbələr arasında təcrübə və bilik mübadiləsini dəstəkləməsinə, Avropanın müxtəlif ölkələrindən olan tələbələri Azərbaycan hüquq təhsili və barədə məlumatlandırmağa, hüquq tələbələrinin əlaqələrinin möhkəmləndirilməsinə yardım edəcəkdir.

Beynəlxalq Forum çərçivəsində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan Nümayəndəliyinin ötən dövr ərzində görülən işlər barəsində təqdimatı dinlənilmiş, təşkilat tərəfindən keçirilən Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsinin Azərbaycan Respublikasının Ali Məhkəməsində Böyük Final Mərhələsi keçiriləcək, Azərbaycanda qabaqcıl təhsil müəssisələrinin tələbə kontingenti ilə görüşlər keçirilmiş, dəyirmi masalar təşkil olunmuş və bir sıra hüquq mühafizə orqanları ilə görüşlər keçirilmişdir.

Bu günədək ELSA-nın himayəçiləri sırasında Avropa Şurasının Baş katibinin müavini xanım Maud de Boer-Bukuiçio, o cümlədən Polşa Regional bölməsinin himayəçisi Polşa Respublikasının Prezidenti cənab Bronislav Komorovski, Almaniya Regional bölməsinin himayəçisi Almaniyanın keçmiş Ədliyyə Naziri, professor Herta-Daubler Gmerin, İsveçrə Regional bölməsinin himayəçisi Birləşmiş Millətlər Təşkilatının Hüquq məsələlər üzrə baş katibi cənab Nikolas Miçel və Gürcüstan Regional Bölməsi isə Gürcüstanın Gənclər və İdman naziri cənab Vladimer Vardzelasvili və Tbilisi Dövlət Universitetinin rektoru Aleksandr Kvitaşvili olub.

Qeyd edək ki, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) müstəqil, qeyri-siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır. ELSA Avropanın 42 ölkəsində, 210 universitetində 30.000-dən çox hüquq tələbələrini və gənc hüquqşünasları özündə birləşdirir. ELSA-nın əsası 1981-ci ildə Avstriya, Macarıstan, Polşa və Almaniyadan olan 5 hüquqşünas tələbə tərəfindən qoyulub.

Tural QABİLOĞLU


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs