Əlaqə Arxiv
news Image
2013.03.15
14:02
| A A A
Qəzet redaktorları Mətbuat Şurasının 10 illiyini belə qiymətləndirdilər
Bu gün Azərbaycan Mətbuat Şurasının (AMŞ) yaranmasının 10 illiyidir. 10 il  bundan öncə, 2003-cü ilin mart ayının 15-də Azərbaycan jurnalistlərinin I qurultayında Mətbuat Şurasının yaranması ideyası dəstəklənərək onun təsis edilməsi barədə qərar çıxarıldı. Elə o gündən media-hakimiyyət, media-ictimaiyyət münasibətlərinin tənzimləmək kimi ağır və məsuliyyətli işi boynuna götürən Azərbaycan Mətbuat Şurası bu çətin işin öhdəsindən gəlmək üçün var gücü ilə çalışdı. Bəzən tənqidlərə məruz qalsa da, ruhdan düşmədi. Əzmlə, dözüm və bacarıq nümayiş etdirərək, mətbuatla ictimaiyyət arasında yaranan inciklik və narazılıqların öz həllini tapmasına da yardımçı oldu. Bu 10 il ərzində üzərinə götürdüyü missiyanı mümkün qədər yerinə yetirməyə çalışdı. Buna nə dərəcədə nail ola bildi, bax bunu mətbuatın üzdə olan simalarından, sayılıb-seçilənlərindən soruşduq. "525"-ci qəzetin baş redaktoru Rəşad Məcid MŞ-nın keçdiyi 10 il haqqında söhbətə nostalji hisslərlə başladı: "10 il bundan əvvəlki, bu günki tarix  mənim yaddaşımda unudulmaz izlər buraxıb.  Mətbuat Şurasını yaratmaq üçün bir araya gəlmişdik. Orada çox demokratik diskusiyalar, proseslər getdi. Biz əvvəlcə Mətbuat Şurasının sədrini seçdik, daha sonra idarə heyyətinin üzvləri seçildi. 10 il müddətində MŞ uğurlu bir yol keçdi. Media-cəmiyyət münasibətlərində yaranmış gərginliklərin aradan götürülməsində önəmli rol oynadı. Və mətbuatımızın inkişafı üçün vacib olan addımlar atdı.  "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın hazırlanmasında, onun layihə mətninin işlənməsində yaxından iştirak etdi. Şuranın təkliflərinin əksəriyyəti nəzərə alınaraq bu Konsepsiya qəbul olundu.  Mən də sevinirəm ki, 10 ildir ki, Mətbuat Şuarsının İdarə heyyətinin üzvüyəm.MŞ-nın formalaşması prosesində iştirakçılardan biri olmuşam.  Bu gün bütün MŞ-nın təşkilat Komitəsinin üzvlərindən tutmuş, indiyə qədər  bu Şura üçün əziyyəti keçən hər kəsi təbrik edirəm. MŞ-ya gələcək fəaliyyətində uğurlar arzulayıram".
R. Məcid bildirdi ki, MŞ-nı qarşıda gərgin, coşğun proseslər gözləyir: "Artıq bildiyimiz kimi, MŞ-da internet medianın tənzimlənməsi üçün yeni bir Komissiya yarandı. İnternet media orqanları MŞ-ya üzv olmaq üçün müraciətlər edəcəklər. Bu Komissiya internet mediadan şikayətlərin araşdırılması ilə məşğul olacaq. Bu işlərində də onlara uğurlar arzulayıram".

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyir ki, MŞ-nın keçdiyi bu 10 illik yolu uğurlu hesab etmək olar: "Mətbuat Şurası çox çətin, ziddiyətli bir dövrdə yarandı. Onun uğuruna inanlar da vardı, bu layihənin uğuruna şübhə ilə yanaşanlar da. Amma MŞ öz fəaliyyəti ilə, həyata keçirdiyi uğurlu layihələri ilə seçilə bildiyini göstərə bildi.
Mətbuat Şurası media ilə hakimiyyət, mətbuatla- ictimaiyyət münasibətlərinin yaranmasına vasitəçilik edə bildi. MŞ hətta mətbuatla-ictimaiyyət arasındakı əksər narazılıqların məhkəmə müstəvisinə çıxmadan həll  edilməsinə də nail oldu. Ona görə də, MŞ-nın bu 10 il ərzindəki fəaliyyətini uğurlu saymaq olar. Ona görə başda Əflatun Amaşov olmaqla MŞ-nın fəaliyyətində zəhməti olan hər kəsi təbrik edirəm".
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da bildirdi ki, Mətbuat Şurasının yaradılması ilə düşərgə fərqi qoyulmadan Azərbaycan jurnalistlərinin çətin anlarında üz tutacaqları bir məkan formalaşdırıldı. Və MŞ əvvəldən düşündüyümüz kimi, cəmiyyətlə-jurnalistikanın, cəmiyyətlə-hakimiyyətin arasında körpü funksiyasını həyata keçirməkdədir. Amma bu fəaliyyətləri ilə yanaşı MŞ-dan gözləntilərimiz daha çoxdur. Mətbut Şurasının qurulmasında əməyi keçən hər kəsə təşəkkür düşür. Başda Mətbuat Şurasının sədri Əflatun Amaşov olmaqla. Mən arzulayıram ki, Mətbuat Şurası yaxın vaxtlarda Azərbaycan mətbuatının, qəzetçiliyinin hamısının da olmasa əksər qism problemlərinin həll olunmasında bir vasitəçiyə çevrilsin.
"Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova MŞ-nın yaranan gündən, bu günə kimi bir sıra uğurlu layihələrə imza atdığını söylədi: "MŞ-nın ən effektli addımlarından biri  reket jurnalistika ilə mübarizə ilə bağlıdır. Bu işdə Mətbuat Şurası çox doğru bir istiqamət seçərək, mətbuatın adına ləkə gətirən "mətbu" orqanların ifşa edilməsi, ictimaiyyətə tanınması istiqamətində tədbirlər gördü. Mən MŞ-nın bu fəalliyətini yüksək qiymətləndirirəm. Bundan əlavə məmurlarla- mətbuat arasında ünsiyyətin yaranması üçün, onların məmurlarla-qəzet redaktorlarının görüşünü təşkil etməsi də təqdir edilməlidir. Mətbuat Şurasının  mətbuatın inkişafında zəhməti keçən insanlara fəxri adların verilməsində də rolu var. Bütövlükdə götürəndə bu 10 il ərzində MŞ-nın fəaliyyətini uğurlu saymaq olar".
Amma S. Seyidova bundan sonra da Şuradan gözləntilərinin olduğunu, məhkəmə çəkişmələrində MŞ-nın mətbuatın yanında olmasının, haqlı olduqda onları müdafiə belə etməli olduğunu söylədi: "Fikrimcə, MŞ gələcəkdə jurnalistlərin sosial müdafiəsi üçün də təşəbbüslər irəli sürməli, bəzi vətəndaşlar kimi, imtiyazlardan istifadə etməsinə dəstək olmalıdır".   
Sizin Reklam Yeriniz