news Image
2013.03.15
16:56
| A A A
Paytaxtda zəlzələ gözlənilirmi?
Bu gün Pirquluda 3.0 bal gücündə zəlzələnin qeydə alınması, dünən bir gündə iki zəlzələ hadisənin baş verməsi zəlzələ ocaqlarının aktivləşməsi ilə bağlı əhali arasında narahatçılığa səbəb olub. Hətta əhali arasında tezliklə güclü zəlzələnin baş verəcəyi barədə söz-söhbət də dolaşır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli isə narahatçılığa əsas olmadığını söylədi. Bu barədə Movqe.az-a danışan Mərkəzin baş direktoru bildirdi ki, bir neçə gün bundan əvvəl baş verən zəlzələlər seysmik zonalar üçün xarakterik sayılır: "Şamaxı, Pirqulu zonaları seysmik ərazilərdir. Bunlardan narahat olub əndişəyə düşmək olmaz. Bu zəlzələlərin elə ciddi katastrativ nəticəsi ola bilməz. Burada seysmik ocaqlar yerləşir və zəlzələ də həmin ocaqlarda baş verib".
Q.Yetirmişli paytaxt sakinlərinin də narahatçılığına əsas olmadığını söyləyir. Onun sözlərinə görə, Abşeron yarımadası zəlzələ olmayan ərazidir: "Burada çox nadir hallarda güclü təkanlar olur. Bakı üçün seysmik təhlükə Xəzər dənizində olan zəlzələ ocaqlarında gözlənilir. Bu da Bakıda 12 ballıq şkala üzrə maksimum 8 bal gücündə hiss oluna bilər".
Onun sözlərinə görə, əgər zəlzələlər vulkanlara yaxın ərazidə baş verərsə hazırlıq gedən vulkanları aktivləşdirə bilər. O ki qaldı son günlər zəlzələlərin baş verməsinə, baş direktorun sözlərinə görə, bu xeyli vaxtdır, həmin ərazidə dağ suxurlarının sıxılması prosesinin başlaması ilə əlaqədardır. Q.Yetirmişli zəlzələlərin aktivləşməsinin hava şəraiti ilə əlaqədar olması versiyasını inkar edir: "Planetlərin düzülüşü, maqnit sahəsinin dəyişməsi yeraltı təkanlara müəyyən təsirlər göstərir. Amma bunun hava ilə əlaqəsi yoxdur".
Baş direktor deyir ki, ümumiyyətlə gün ərzində Azərbaycan ərazisində 5-8 təkan olur: "Onlardan əksəriyyəti maqnitudası lap az olan zəlzələlərdir. Mərkəzin stansiyaları hətta 0,1 maqnitudada olan zəlzələləri de qeydə ala bilir. Mərkəzin saytına isə adətən maqnitudası 3 baldan yuxarı zəlzələlər haqqında məlumatlar yerləşdirilir. Ümumiyyətlə, burada qorxulu heç nə yoxdur. Enerji boşalması prosesi daha daha güclü zəlzələlərin olmasının qarşısını alır. Hazırda zəlzələ fon səviyyəindədir..