news Image
2013.03.18
15:35
| A A A
Özəl bağçaların bir illik haqqına ali təhsil almaq olar
Paytaxtda bağça qıtlığı özəl məktəbəqədər təhsil müəssisələrində qiymətləri el dili desək "ceyranın belinə qaldırıb".  İndi Bakıda bir uşağı özəl bağcaya qoymaq üçün aylıq haqq 300-400 manatdan aşağı deyil. Bu özəl bağçalardan ən ucuzunun təklif etdiyi qiymətdir. Paytaxtda inanılmaz səslənsə də, aylığı 800-1000 manata da bağçalar fəaliyyət göstərir. Bu cür uşaq bağçalarında günlük xidmətlər də mövcuddur. Həftənin iki, yaxudda üç gününü uşağını bağçaya qoymaq məcburiyyətində olan valideynlər gündəlik ən yaxşı halda 20, ən pis halda isə 30-40 manatlarından keçməli olurlar. Fantastik qiymət təklif edən uşaq bağçalarında qiymətlər kəskin fərqlənsə də, əslində göstərdikləri xidmətin keyfiyyətində ciddi fərq hiss olunmur. Təəssüfedici məqam olsa da, bəzən özəl uşaq bağçalarında qiymətlər buradakı təlim-tərbiyyənin keyfiyyətinə görə yox, qapısında dayanan mühafizəçinin dərisinin rənginə görə müəyyənləşir. Əgər uşaq bağçasını ağ əlcəkli qara dərili mühafizəçi qoruyursa, bu qiymətə mütləq təsir göstərir. Yaxudda əgər uşaq bağçası valideynə uşağını birbaşa evdən izləmək imkanı yaradırsa, bu xidmət də prestij hesab olunduğundan qiymət bahalaşır. Bir sözlə indi özəl uşaq bağçalarında yüksək haqq qoyulan xidmətlərin çoxunun əslində bağçaya gedən uşağa, onun bu məkanda aldığı təlim-tərbiyyəyə zərrə qədər aidiyyatı yoxdur.  Amma bununla belə valideynlər bu xidmətlərə görə yüksək məbləğdə haqq ödəməli olurlar. Təyinatlarından biri uşaqlarda sosial bərabərlik aşılamaq olan bağçalar demək olar ki, özəl bağçaların timsalında bu funksiyasını tamamilə itirib. 2 yaşı yenicə tamam olan, öz doğma dilində hıqqına-hıqqına danışmağı ancaq bacaran bir uşağa özəl uşaq bağçalarının ingilis dili öyrətməsi də absurd xidmət sayılır. Maraqlıdır, bəs görəsən bu fantastik qiymətləri özəl uşaq bağçaları uşaqlara göstərdikləri hansı xidmətlərə görə tələb edirlər? Başqa sözlə söyləsək, pullu bağçalarda qiymətlər nəyin əsasında müəyyənləşir?     
Bu sualla müraciət etdiyimiz özəl uşaq bağçalarından aldığımız cavab demək olar ki, eyni oldu: "İngilis dili öyrədirik, məktəbə hazırlayırıq, məntiqini inkişaf etdiririk, yaxşı qidalandırırıq, səhər yeməyinə bal-qaymaq, günortasına quru-sulu ətli yeməklər veririk, bananı, alması, armudu, südü öz yerində, tərbiyyəsinə də söz ola bilməz. Bütün bu sadaladıqlarımızın müqabilində 600-700 manat nədir ki?"
Doğrudur, "varlığa nə darlıq". Bir uşağa aylıq 800-1000 manat ödəmək imkanı olan valideynlər var. Yəni bu mənada uşaq bağçaları elə də müştəri problemi yaşamır. Sadəcə olaraq, dövlət məktəbəqədər təhsil müəssisələrinin sayının bağçaya yaşlı uşaqlarla tərs-mütənasib olması maddi imkanı aşağı olan valideynləri də özəl bağçaların qapısını döyməyə məcbur edir. Təbii ki, burada qiymətləri eşidəndən sonra valideynlər münasib qiymətə dayə tapmağı daha sərfəli hesab edirlər. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) BŞİH nəzdində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən deyirlər ki, özəl bağçaların bu quruma aidiyyatı yoxdur. Ona görə də qiymətlərə müdaxilə edə bilməzlər. Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva da deyir ki, özəl uşaq bağçalarının nizamnaməsi təsdiqlənəndən sonra rəy verilərək qeydiyyata alınır: " Amma bu zaman uşaq bağçasının qiyməti ilə bağlı nazirliyə hesabat verilmir. Yalnız pedoqoji işlə bağlı nazirliyə məlumat verilir və yoxlama aparılır".
N. Alnağıyeva deyir ki, hazırda ölkə üzrə 48 özəl uşaq bağçası fəaliyyət göstərir. Sektor müdiri bu bağçaların mütləq əksəriyyətinin paytaxtda yerləşdiyini söyləyir. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də özəl uşaq bağçalarında qiymətləri tənzimləməyin mümkünsüz olduğunu söyləyir. Onun sözlərinə görə, uşaq bağçalarının sahibləri xidmətlər toplusuna uyğun qiymət müəyyənləşdirirlər. Bu zaman xidmətlərə uyğun olaraq qiymətlər dəyişir.
İqtisadçı Vüqar Bayramov isə artıq xidmət sektorlarında da süni qiymət artımının qarşısının alınmasının vaxtı çatdığını söyləyir. Onun sözlərinə görə, hazırda özəl uşaq bağçaları istədikləri qiyməti müəyyənləşdirirlər: " Sahibkarlar qiyməti təyin etməkdə sərbəst olduqlarından, müdaxilə mümkün olmur. Amma istehlak xidmətlərində olduğu kimi, xidmət sektorunda da, qiymətlərə müdaxilə etməyə ehtiyac var. Çünki konkret olaraq özəl uşaq bağçalarında   qiymətlər orta aylıq əmək haqqından çox yüksəkdir. Odur ki, bu sektorda qiymətlərin tənzimlənməsinə ehtiyac var. Bunun üçün qanunla bu imkan yaradılmalıdır".
Qeyd edək ki, Azərbaycanda özəl bağçaların qiymətinin fantastik həddə olmasını, pullu ali təhsillə də  müqayisə etmək çətindir. Ali məktəblərin ən bahalı ödənişli təhsil xidməti illik 1200-5000 manat təşkil edir. Pullu uşaq bağçalarında isə bu xərc illik 7000-9000 manata başa gəlir.