Əlaqə Arxiv
news Image
2013.03.19
12:34
| A A A
Özəl universitetlərin yataqxana problemi
Azərbaycanın özəl ali təhsil məktəblərinin beynəlxalq təşkilatların hazırladıqları reytinq cədvəllərində arxa sıralarda qərarlaşmasının bir səbəbi də özəl universitetlərin tələbə yataqxanalarının olmamasıdır. Dünya üzrə ali təhsil ocaqlarının reytinq cədvəli hazırlanarkən təhsil səviyyəsi əsas götürülsə də, universitetlərin tələbə yataqxanalarının olması da şərtlərdən biri kimi qəbul olunur. Ölkəmizdə son illər özəl ali təhsil ocaqlarının sayı artsa da tələbə yataqxanası olan çox az sayda universitet var. Qeyd edək ki, xarici ölkələrdə özəl ali təhsil müəssisələri yaradılarkən həmin universitetlərin tələbə yataqxanaları da inşa edilir. Xaricdə ali təhsil müəssisələrinin yaxınlığında tələbə şəhərcikləri inşa edilir. Tələbələr universitetdən çıxdıqdan sonra uzaq məsafə qət etmədən yataqxanada yaşayırlar.
"Müasir Təhsil və Tədrisə Yardım" Mərkəzinin proqram rəhbəri Elmina Kazımzadə də, özəl ali məktəblərin kampusların tikintisinin təhsilin inkişafı baxımından səmərə verdiyini söyləyir. Təhsil eksperti deyir ki, kampusların tikintisinə Türkiyə və digər ölkələrin təcrübəsində rast gəlinir.  Onun sözlərinə görə, özəl ali təhsil ocaqlarının bir yerdə qərarlaşması elmi təcrübələrin, akademik tədqiqatların aparılmasına şərait yaradır ki, bu da təhsilin inkişafına gətirib cıxardır: "Kampuslar mühit baxımından da tələbələrin təhsilə marağını artırır. Ətrafında bütün günü akademik, professorları görən tələbələr elmə daha çox maraq göstərirlər. Kampuslar eyni zamanda tələbələrin vaxt itgisinin də qarşısını alır. Tələbə yataqxanalarının da həmin məkanda yerləşməsi, onların yollarda itirdikləri vaxtı dərslərini öyrənməyə sərf etmələrinə imkan verir. Amma təbii ki, belə şəhərciklərin salınması milyonlarla manat pul tələb edir. Odur ki, özəl ali təhsil müəssisəsi yaradanlar yataqxanaların tikintisinə bu qədər pul xərcləmək istəmirlər. Halbuki, yataqxananın olması özəl ali təhsil müəssisəsinin reytinqinə təsir edir".
Təhsil Nazirliyinin Aparatının böyük məsləhətçisi Nərgiz Qaraxanova isə deyir ki, Azərbaycanda özəl universitetlər yaradılarkən yataqxanalarının da tikilməsi şərt kimi qoyulmur: "Bu özəl ali təhsil müəssisələrinin nizamnaməsində də yoxdur. Bu işdə özəl universitetlər sərbəstdirlər. Əlbəttə ki, özəl ali təhsil müəssisələrinin yataqxanalarının olması onların özləri üçün üstünlük hesab olunur. Bu onların beynəlxalq reytinq cədvəllərində irəliləməsinə yardım edə bilər. Amma tələbə şəhərciklərinin salınması külli miqdarda vəsait tələb etdiyindən, özəl ali təhsil müəssisələrinin çoxu universitet yaradarkən  yataqxananın tikintisini təxirə salırlar".
N. Qaraxanova hələki özəl ali məktəblərə yataqxana tikintisinin şərt kimi qoyulmasının mümkün olmadığını, universitetlərin  tələbə şəhərciklərininin inşası ilə əlaqədar müstəqil qərar vermək səlahiyyətinin olduğunu bildirdi.
Sizin Reklam Yeriniz