Əlaqə Arxiv
news Image
2013.03.18
21:37
| A A A
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinin mükafatlandırılması və Novruz bayramı münasibətilə tədbir keçirmişdir. Movqe.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ziyalılar və KİV nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Fondun icraçı direktoru Vüqar Səfərli mərasimdə iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir. Bildirilmişdir ki, KİVDF yarandığı gündən bir çox layihələr həyata keçirmişdir. Bu layihələrdən biri də fərdi jurnalist yazıları müsabiqəsidir. Müsabiqəyə, ümumilikdə, 10 istiqamət üzrə 83 yazı təqdim olunmuşdur. Təqdim edilmiş yazılar üç qrupda 9 ekspert tərəfindən qiymətləndirilmiş, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab olunmuşdur. Müsabiqənin şərtlərinə görə, ən yüksək bal toplamış 30 jurnalist qalib elan edilmişdir. Bundan əlavə, yüksək bal toplamış, lakin qaliblər sırasına düşə bilməyən 10 jurnalistə isə həvəsləndirici mükafatların verilməsi qərara alınmışdır.
Qeyd edilmişdir ki, müsabiqənin şərtlərinə uğun olaraq qaliblərin hər birinə 1000 manat, həvəsləndirici mükafatların sahiblərinə isə 300 manat məbləğində mükafat verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək demişdir ki, fərdi jurnalist müsabiqəsinin keçirilməsi və qalib jurnalistlərin bu cür təntənəli mərasimlərlə mükafatlandırılması artıq Azərbaycanda ənənə halı almışdır. Azərbaycan dövlətinin mətbuata qayğısı ildən-ilə daha təkmilləşdirilmiş formada davam edir. Bu sahədə qəbul etdiyimiz konsepsiyaya uyğun olaraq KİVDF hər il jurnalistlərin bu və ya digər problemlərini öz üzərinə götürərək onların sosial rifah halını daha da yaxşılaşdırmağa çalışır.
Əli Həsənov bildirmişdir ki, bu cür tədbirlər - medianın bir-biri ilə ünsiyyəti, o cümlədən ölkəmizin tanınmış, nüfuzlu insanları ilə təmaslar vətəndaş cəmiyyəti quruculuğuna, ölkədə siyasi plüralizm mühitinin formalaşmasına, ümumilikdə isə insanlar arasında əlaqələrin intensivləşməsinə xidmət göstərir. Dövlətimizin başçısı İlham Əliyevin mətbuata münasibətinin əyani təzahürü olan bu cür tədbirlərdən təkcə media mənsubları deyil, bütövlükdə cəmiyyətimiz bəhrələnir.
Prezident Administrasiyasının rəsmisi demişdir ki, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş azad media mühiti, Azərbaycanda azad söz, demokratik cəmiyyət quruculuğu müvəffəqiyyətlə davam etməkdədir. Əminəm ki, media işçiləri indiyədək olduğu kimi, bundan sonra da demokratik dövlət və azad cəmiyyət quruculuğuna öz töhfələrini verəcəklər. Biz Azərbaycan cəmiyyətinin gələcəyini mediasız, siyasi partiyalarsız, ictimai təşkilatlarsız təsəvvür etmirik. Fürsətdən istifadə edərək, bütün bu proseslərdə iştirak edən insanları Novruz bayramı münasibətilə təbrik edirəm.
Sonra fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edilmişdir.
Qalibləri təbrik edən Mətbuat Şurasının sədri Əflatun Amaşov KİVDF-nin layihələrinin əhəmiyyətini vurğulamış, bu müsabiqələrin jurnalistlərin peşə hazırlığının artırılmasında böyük rolu olduğunu qeyd etmişdir.
Tədbirdə KİVDF-nin icraçı direktoru V.Səfərliyə 55 yaşının tamam olması münasibətilə hədiyyələr təqdim edilmişdir.
Sonra tədbir bədii hissə ilə davam etdirildi
Sizin Reklam Yeriniz