news Image
2013.03.22
21:33
| A A A
İsrail “Mavi Mərmərə” gəmisində baş verənlərə görə rəsmi qaydada Türkiyədən üzr istəyib
İsrailin baş naziri Benyamin Netanyahu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğana zəng edərək, 2010-cu ildə "Azadlıq donanması"na ("Mavi Mərmərə") silahlı hücum nəticəsində 9 Türkiyə vətəndaşının ölümünə görə rəsmi üzr istəyib. Rəsmi üzrxahlıqla yanaşı, B.Netanyahu İsrail xüsusi təyinatlılarının hücumu zamanı öldürülmüş Türkiyə vətəndaşlarının doğmalarına və yaxınlarına təzminat ödəməyə hazır olduqlarını da bildirib.
İki ölkənin liderləri arasında telefon söhbəti ABŞ prezidenti Barak Obamanın İsrailə səfəri zamanı baş tutub. Netanyahu və Ərdoğan arasında telefon söhbətinin məhz Obamanın vasitəçiliyi ilə baş tutduğu bildirilir.
Ankara və Təl-Əviv arasında münasibətlər İsrail xüsusi təyinatlılarının Qəzzaya humanitar yük aparan Türkiyə gəmisinə silahlı hücumundan sonra pisləşib. Türkiyə silahlı hücum nəticəsində 9 vətəndaşının qətlə yetirilməsinə görə İsrailin rəsmi üzr istəyərək, təzminat ödəməsini tələb etsə də, İsrail isə bu tələblə razılaşmırdı.
İsrail rəsmiləri bəyan edirdilər ki, "Azadlıq donanması"nda olanlar bilərəkdən vəziyyəti gərginləşdirərək, Qəzza ətrafında İsrail tərəfindən yaradılmış blokadanı yarmağa cəhd göstəriblər.
İsrail bunu əsas gətirərək, təxribatın qarşısını alan hərbçilərinin əməllərinə görə üzr istəməkdən imtina edirdi.
Türkiyə isə buna cavab olaraq reydin iştirakçılarına və onların komandirlərinə qarşı cinayət işi başlatmış, eyni zamanda İsraillə mövcud olmuş sıx hərbi, iqtisadi və siyasi münasibətləri dondurmuşdu.
Bundan başqa, rəsmi Ankara HAMAS hərəkatının nümayəndələrini qəbul edərək, onlara iqtisadi yardım vəd etmiş, bu addım isə İsrail tərəfindən kəskin narazılıqla qarşılanmışdı.
ABŞ isə Vaşinqtonun Yaxın Şərqdə ən yaxın tərəfdaşı olan iki ölkə arasında münasibətlərin gərginləşməsindən ciddi narahatlıq keçirirdi. Ağ Ev dəfələrlə Təl-Əvivlə Ankaranı barışdırmağa cəhd göstərsə də, bu cəhdlər bu günə qədər uğursuzluqla nəticələnirdi.